08 avqust 2022 23:14
849

Komando hərbi birləşmələrimiz ermənilərin kabusuna çevrilib

Vətən müharibəsindəki tarixi Qələbəmiz bir daha göstərdi ki,  Azərbaycan regionda ən güclü orduya malikdir. Hazırda xarici hərbi ekspertlər də silahlı qüvvələrimizin həm yüksək mənəvi-psixoloji döyüş hazırlığını, həm də maddi-texniki təminatını ən yüksək səviyyədə qiymətləndirirlər. Vətən müharibəsindən sonra isə ordunun daha da modernləşməsi istiqamətində qarşıya yeni vəzifələr, tələblər qoyulub və bu gün həmin proses uğurla davam etdirilir.

Əslində, İkinci Qarabağ müharibəsi ordumuz üçün ən böyük  sınaq döyüşü oldu.  İllərlə keçirilən təlimlər, alınan müasir silah-sursatlar, hərbçilərimizin hərbi texnikalardan yüksək səviyyədə yararlanmaları və ən başlıcası isə vahid komandanlıq sisteminin idarəedilməsinin uğurlu nəticəsi dünyanı heyrətləndirdi. Məhz bu önəmli amillərin mövcudluğu imkan verdi ki, Ermənistanın illər ərzində işğal etdiyi torpaqlarımızı qısa müddətdə- cəmi 44 günə azad edək.

Bu gün Ali Baş Komandanımızın hərbi- siyasi istiqamətdəki əsas prioriteti böyük döyüş təcrübəsi toplayan silahlı qüvvələrimizin maddi-texniki bazasını ən müasir silah və sursatla təmin etməkdir. Çünki, hələ də işğalda qalan torpaqlarımız var. Düzdür, 44 günlük tarixi Zəfərimizdən sonra 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli Bəyanat ölkəmizin qələbəsini və hərbi üstünlüyünü təsdiq etməklə bərabər, təcavüzkar Ermənistanın kapitulyasiyasını da rəsmiləşdirdi. Həmin sənəddə göstərilib ki, Ermənistan ordusu işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmalı və Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Lakin Ermənistan hər zaman olduğu kimi, qeyri-konstruktiv mövqe göstərməklə Bəyanatın imzalanmasından keçən 2 ilə yaxın müddətə baxmayaraq üzərinə götürdüyü öhdəliklərə əməl etməkdən boyun qaçırıb, qeyd edilən müddətdə dəfələrlə təxribat törədib. Məhz buna görə də avqustun 3-də ordumuz Ermənistanın hərbi təxribatına qarşı mükəmməl «Qisas» əməliyyatı keçirərək düşmənə ağır zərbə vurdu.

Bəli, bu gün silahlı qüvvələrimizin beynəlxalq standartlar səviyyəsində formalaşdırılması sahəsində mühüm işlər görülür. Xüsusilə işğaldan azad olunan bölgələrdə xüsusi təyinatlı hərbi hissələrin yaradılması, onların müasir hərbi texnika və silah-sursatla təchizatı bunun əyani təzahürüdür. Qeyd edək ki, yeni yaradılan komando briqadaları müasir yeniliklərdən biridir və Azərbaycanda bir ilkdir. O cümlədən son 2 ildə Ali Baş Komandanın tapşırığı ilə Türkiyə- Pakistan- Azərbaycan, həmçinin Türkiyə- Azərbaycan- Gürcüstan hərbi birləşmələri ilə davamlı təlimlərin keçirilməsi, hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyəyə çatdırılması, ordumuzun müasir silah, hərbi texnika ilə təchiz edilməsi və bir sıra digər tədbirlər Azərbaycanın Ermənistan üzərində qazandığı üstünlüyün qorunub saxlanmasını təmin edir.

Azərbaycanın müdafiə naziri general-polkovnik  Zakir Həsənov  mətbuata verdiyi müsahibəsində məhz bu məsələlərə toxunaraq qeyd etmişdi ki, müharibədən sonra Ali Baş Komandan Azərbaycan Ordusu qarşısında yeni tapşırıqlar qoyub və hərbi islahatların növbəti mərhələsinin başlanması barədə göstəriş verib. Qalib Komandan modernləşmə, silahlanma və hazırlıq sahələrində ordunun ən yüksək göstəricilərə sahib olması üçün konkret plan və tədbirlər hazırlayıb, onların təxirəsalınmaz icrasını tapşırıb.

Hazırda bir çox hərbi hissələrimiz azad edilmiş ərazilərimizə dislokasiya edilir və ya həmin ərazilərdə yeni hərbi hissələr, şəhərciklər salınır.  Dislokasiya olunan bölmələrimizdə qoşun xidmətinin təşkili, şəxsi heyətin döyüş hazırlığının və döyüş qabiliyyətinin daim yüksək səviyyədə saxlanılması, yeni hərbi infrastruktur obyektlərinin yaradılması, bölmələrin və idarəetmə məntəqələrinin fəaliyyətinin yaxşılaşdırılması, maddi-texniki, tibbi təminatın davamlı yüksəldilməsi, ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi və bu kimi digər məsələlərin həlli gündəlik fəaliyyətin əsas prioritetlərindəndir.

Təbii ki, güclü və qüdrətli ordunun formalaşdırılması çoxşaxəli və mürəkkəb prosesdir. Bunun üçün uzun illər, bəzən onilliklər tələb olunur. Ancaq Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sürətli və səmərəli hərbi islahatlar bir daha təsdiq edir ki, Azərbaycan Silahlı Qüvvələri hazırda dünyanın ən güclü orduları sırasındadır. Təbii ki, ölkəmizin başçısı Azərbaycanın hərbi quruculuq işlərinin davam etdirilməsinin səbəblərini bir neçə aspektlə əsaslandırıb. Prezident vurğulayıb ki, ilk olarq, müharibə dövründə Azərbaycan Ordusu kifayət qədər döyüş sursatından istifadə edib və bu gün onlar bərpa edilməlidir. Bunun üçün bağlanmış yeni müqavilələr əsasında ordumuzun arsenalı ən yeni silah-sursat, hərbi texnikalarla təchiz edilir. Digər önəmli məsələ isə silahlı qüvvələrin döyüş qabiliyyətinin artırılmasıdır. Çünki İkinci Qarabağ müharibəsi böyük Qələbə ilə yanaşı, həm də əməliyyatların aparılması sahəsində böyük təcrübə oldu. Bu, Silahlı Qüvvələrin təlim şəraitində deyil, əməli işdə yoxlanması prosesi idi ki, ordumuz bu yoxlamadan şərəflə çıxdı.

Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin tapşırıqlarından biri də Komando hərbi hissələrinin təşkil edilməsi idi. Artıq bu tapşırıq da uğurla icra olunmaqla işğaldan azad edilmiş Xocavənd və Kəlbəcər rayonlarında komando briqadaları yaradılıb. Komando briqadalarının  yaradılması ölkəmiz üçün yenilikdir. Bu briqadalarda yüksək təlim keçmiş, iradəli və Vətən uğrunda özlərini fəda etməyə hazır olan hərbçilər xidmət edirlər. Komando briqadası ən son hərbi avadanlıq və silahlarla təchiz edilmiş müqaviləli mütəxəssislərdən ibarət daim hazırlıqlı, yüksək mobil hava-desant hücum birləşməsidir. Onlar günün istənilən vaxtında həm dağlıq, həm meşəlik ərazilərdə, həm də şəhər şəraitində hər an baş verə biləcək silahlı münaqişələrdə dərhal döyüşməyə hazırdırlar. Bu briqadalar təcrid olunmuş və ya əsas qüvvələrdən ayrı qaldığı halda vahid informasiya kommunikasiya məkanında qalmaqla döyüş əməliyyatlarını aparmağa qadirdilər. Məhz bu qüdrətinə görə də yeni yaradılan komando hərbi hissələri ermənilərin kabusuna çevrilib.

Elçin Zaman, «İki sahil»