«Son illər dövlətləri narahat edən, onların qarşısında təhdid kimi duran məsələlərdən biri əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsidir. Bu, təhdidləri yaradan, onlara səbəb olan bir sıra amillər var. Son bir neçə ildə koronavirus pandemiyasının bütün sahələrdə yaratdığı çətinliklər aqrar sahədən də yan ötüşməyib. Həm məhsulun istehsalında, daşınmasında, həm də logistika baxımından bir çox çətinliklər yaradıb. Bu da ölkələrin kənd təsərrüfatı məhsulu ilə özünütəminetməsində bir sıra çətinliklər yaradıb. Bununla əlaqədar bir sıra dövlətlər ərzaq məhsullarının ixracına müəyyən məhdudiyyətlər və qadağalar qoyublar. Digər təhdid səbəblərdən biri də regionda baş verən konfliktlərlə bağlıdır. Dünya bazarlarında enerji daşıyıcılarının qiymətinin artması, aparıcı ölkələrin maliyyə bazarında baş verən neqativ meyillər, habelə əhalinin sayının çoxalması nəticəsində ərzaq məhsullarına olan tələbatın yüksəlməsi, iqlim dəyişkənliyi, su ehtiyatlarının məhdudluğu və digər səbəblərə əsasən, iqtisadçı ekspertlər qarşıdakı dövr ərzində ərzaq məhsullarının dünya miqyasında qiymətlərinin daha da artacağını proqnozlaşdırırlar.»
Bu fikirləri Milli Məclisin deputatı Aydın Hüseynov «İki sahil»ə açıqlamasında bildirib.
A.Hüseynov qeyd edib ki, avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına verdiyi müsahibədə qeyd edib ki, dünyada mövcud olan ərzaq mallarının bahalaşması da, əlbəttə ki, bizə də təsir edir. Bu il dünyanın əksər ölkələrində inflyasiya ikirəqəmli inflyasiyadır: «Özümüzü bütün problemlərdən tam sığortalamaq üçün praktiki işlər aparırıq və aparacağıq. Əminəm ki, növbəti illərdə həm bu gün mövcud olan əkin sahələrində daha bol məhsul götürmək üçün suvarma layihələri, düzgün aqrotexniki tədbirlərin görülməsi və digər tədbirlər, subsidiyalar nəticəsində biz məhsuldarlığı böyük dərəcədə artıra biləcəyik. Eyni zamanda, biz artıq azad edilmiş torpaqlarda da əkin-biçinlə məşğuluq. Mənim göstərişimlə vaxt itirmədən əkin işləri aparılmışdır, minalardan təmizləmə işləri aparılmışdır. Hesab edirəm ki, gələcəkdə Qarabağda və Şərqi Zəngəzurda yetişdiriləcək məhsullar, o cümlədən ərzaq təhlükəsizliyimizin tam təmin edilməsində bizə böyük kömək göstərəcək."
Deputat sonda qeyd edib ki, etibarlı ərzaq təminatı həm də hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərti, dövlətin kompleks təhlükəsizliyinin, o cümlədən iqtisadi təhlükəsizliyinin mühüm atributlarından və komponentlərindən biridir. Bu səbəbdən cəmiyyətin hər bir üzvünün əsas ərzaq məhsullarına olan tələbatının tam ödənilməsi üçün davamlı olaraq müvafiq tədbirlərin həyata keçirilməsi vacib şərtlərdən biridir. Azərbaycanın bir çox əsas ərzaq məhsulları ilə özünü yerli istehsal hesabına təmin etməsi bu çətinliklərin ölkəmizdən yan keçməsinə kömək edəcək. Qeyd edək ki, bu gün biz özümüzü ət məhsulları ilə 90 faiz, quş əti ilə 80 faiz, süd və süd məhsulları ilə 85 faiz səviyyəsində təmin edirik. Ölkəmizdə taxıl istehsalı tələbatın 62 faizini təşkil edir. Bu rəqəmin ən azı 80 faizə çatdırılması qarşıya məqsəd qoyulub. Aparılan qiymətləndirmələr göstərir ki, işğaldan azad edilmiş ərazilərdə taxılçılığın və heyvandarlığın inkişaf etdirilməsi ilə bu göstəricilər artacaq.
Şəmsiyyə Əliqızı, "İki sahil"
YAP Ordubad rayon təşkilatında partiyanın 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
Milli Məclisin sədri Türkmənistanda MDB PA-nın 61-ci plenar iclasında çıxış edib
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO