13 avqust 2022 17:13
792

Qarabağ sakinləri öz yurdlarına qovuşacaqlar

Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qobustan rayonunda “Diri Baba” türbəsində turizm infrastrukturunun yaradılması ilə bağlı aparılan yenidənqurma işləri ilə tanış oldular. Cənab prezidentin  bölgələrə səfərləri müntəzəm xarakter daşıyır. Bu səfərlər həm yerlərdə vəziyyətlə tanış olmaq, həm də əlavə göstərişlərin verilməsi üçün çox əhəmiyyətlidir. Deyə bilərəm ki, ölkədə gedən bütün quruculuq işlərinə şəxsən cənab prezident özü nəzarət edir. Elə bu səbəbdən də son illər ərzində bütün bölgələrdə quruculuq-abadlıq işləri daha geniş vüsət alıb.

Səfər çərçivəsində ölkə başçısı yaxın günlərdə baş tutan “Qisas” əməliyyatına da toxundu. Prezidentin də qeyd etdiyi kimi bu əməliyyat kiçik bir xəbərdaqlıq idi. Hər kəs gördü ki, şəhidimizin qanı yerdə qalmadı. Revanşist xülyasına düşən erməni terrorçuların bundan dərs çıxaracaqlarına əminəm. Bundan sonra Ermənistan hökuməti daha məsuliyyətli olmalı, sülh prosesini uzatmamalıdır.

Prezidentin Baskal səfərindəki açıqlaması bütün sualların bir növ cavabı oldu. Ölkə başçısının da qeyd etdiyi kimi Qarabağdakı erməni sakinlər də Azərbaycan vətəndaşı olacaq və bu onlar üçün əslində bir şansdır. İnteqrasiya, inkişaf etmək istəyirlərsə, bunu mütləq dəyərləndirməlidirlər. Prezident İlham Əliyevin statusla bağlı söylədikləri təkcə Ermənistan üçün deyil, status xülyasına düşmüş himayədarları üçün də bir mesaj idi.

Hazırda Azərbaycanın tələbi ilə Laçın şəhərinin, Sus, Zabux kəndləri boşaldılır. Qarşı tərəf buna nə qədər mane olmağa çalışsa da, nail ola bilmədi, nəhayət ki doğma torpaqlarına qayıdışı səbirsizliklə gözləyən növbəti Qarabağ sakinləri öz yurdlarına qovuşacaqlar. Dövlətimizin başçısının uzaqgörən və qətiyyətli siyasəti nəticəsində tezliklə bütün Qarabağ sakinləri doğma yurdlarında məskunlaşa biləcəklər.

Müşfiq Cəfərov,

Milli Məclisin deputatı