Qazaxıstan Prezidentinin Azərbaycana rəsmi səfəri ölkələrimizin strateji tərəfdaşlığını daha da gücləndirəcək
Azərbaycanın xarici siyasətinin əsas prioritetlərini təşkil edən sülh naminə əməkdaşlıq, mehriban qonşuluq və dostluq siyasəti beynəlxalq arenada ölkəmizin nüfuzunun artmasını şərtləndirən əsas amillərdəndir. Xüsusilə şanlı Qələbəmizlə bitən 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın ermənilər tərəfindən 30 illik işğalına son qoyulduqdan və ərazi bütövlüyümüz təmin edildikdən sonra Cənubi Qafqazda sabitliyin, dayanıqlı sülhün yaradılması, regionun hərtərəfli inkişafına nail olunması postmüharibə dövrünün mühüm istiqaməti olaraq qarşıya qoyulub. Bu gün Azərbaycan əksər qonşu dövlətlərlə ikitərəfli əlaqələrini daha da inkişaf etdirir, bəzi dövlətlərlə isə bu münasibətlər strateji əməkdaşlıq səviyyəsinə yüksəlməkdədir. Bu sırada ölkəmizin də aparıcı üzvlərindən olduğu Türk Dövlətləri Təşkilatında təmsil olunan ölkələrlə, əsasən də Türkiyə, Qazaxıstan, Özbəkistan və digərləri ilə əlaqələri genişləndirmək yaxşı mənada zərurətə çevrilməkdədir.
Bəlli olduğu kimi, eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malik azərbaycanlıları və qazaxları, eyni zamanda dil və din eyniliyi də birləşdirir. Təsadüfi deyil ki, Azərbaycan - Qazaxıstanın münasibətləri qədim tarixi köklərə malikdir. Bu gün isə iki ölkə arasında münasibətlər yüksələn xətt üzrə inkişaf etməkdədir. Bu baxımdan Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin avqustun 24-də Azərbaycana nəzərdə tutulan rəsmi səfəri iki qardaş ölkə arasında çoxşaxəli dostluq əlaqələrinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Qazaxıstan Prezidentinin mətbuat xidmətinin məlumatında bildirilir ki, səfər çərçivəsində ticari-iqtisadi, nəqliyyat, logistika, mədəni-humanitar əməkdaşlığın genişləndirilməsi, həmçinin strateji tərəfdaşlığın inkişafı məsələləri müzakirə olunacaq.
Qeyd edək ki, səfər həm də iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə təsadüf edir. Hələ Sovet İttifaqı dövründə sıx dostluq münasibətlərinə malik olan ulu öndər Heydər Əliyev və Qazaxıstanın sabiq Prezidenti Nursultan Nazarbayev bu əlaqələri hər iki ölkə müstəqilliyini qazandıqdan sonra da davam və inkişaf etdiriblər. 1992-ci il avqustun 30-da Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr yaradılıb, 1993-cü ilin yanvarında Qazaxıstanın ölkəmizdə, 2004-cü ilin martında isə Azərbaycanın bu ölkədə səfirlikləri fəaliyyətə başlayıb. Ölkələrimiz Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Avratlantik Tərəfdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY və s. kimi beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq edirlər.
İki ölkə arasında yaxın dostluq münasibətləri 2004-cü il martın 1-də Astanada imzalanmış “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə” və 2005-ci il mayın 24-də Bakıda imzalanmış “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə” ilə daha da möhkəmləndirilib. Ümumilikdə isə indiyədək iki qardaş ölkə arasında 119 ikitərəfli sənəd imzalanıb. Bu sənədlər qarşılıqlı münasibətlərin müxtəlif sahələrdə inkişafına daha da töhfə verib və verməkdədir.
Azərbaycan və Qazaxıstan arasında iqtisadiyyat sahəsində də əlaqələrin böyük tarixi var. Bununla bağlı yalnız hələ sovet dövründə Azərbaycan neftçilərinin Manqışlağ və Quryevin neft mədənlərində uğurlu fəaliyyətini xatırlatmaq kifayət edər. İki ölkənin neftçiləri, alimləri, mühəndisləri Xəzər dənizi hövzəsinin araşdırılmasında da əməkdaşlıq ediblər. İqtisadi əlaqələrin inkişafı baxımdan Azərbaycan və Qazaxıstan geniş potensiala malikdirlər. Hər iki ölkə Şərq-Qərb Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu çərçivəsində əməkdaşlıq edir. Aktau dəniz limanı xüsusi zonasında Azərbaycan sərmayəsi ilə inşa edilən Aktau İstehsal və Logistika Mərkəzi ölkələrimiz arasında ticari-iqtisadi əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır.
Məlumat üçün bildirək ki, ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 330 milyon dollardan çox olub. 2022-ci ildə isə bu rəqəmin yarım milyard dollara çatdırılması nəzərdə tutulub. Yeri gəlmişkən, ölkələrimizin kənd təsərrüfatı sahəsində də əməkdaşlığın inkişafı üçün geniş potensialları var. Xüsusilə ərzaq təhlükəsizliyi qlobal miqyasda ən önəmli məsələlərdən birinə çevrildiyi indiki dövrdə bu əməkdaşlığın inkişaf etdirilməsi çox vacibdir. Artıq bu sahədə tərəflərin ehtiyaclarının hesablanması üçün yeni araşdırmalar aparılır, ticarət missiyaları təşkil olunur.
Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə türkdilli dövlətlərlə əlaqələrin inkişaf etdirilməsinin prioritet məsələlərdən biri olduğunu qeyd edib. Dövlətimizin başçısı, həmçinin bu ölkələrlə nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini bildirib. Öz növbəsində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də çıxışlarında Azərbaycan Prezidenti ilə mütəmadi təmasda olduğunu və iki ölkə arasında əlaqələrin son illərdə yüksələn xətlə davam etdiyini qeyd edib. Odur ki, qardaş ölkənin dövlət başçısının ölkəmizə nəzərdə tutulan səfəri mövcud strateji münasibətləri daha da inkişaf etdirmək baxımından xüsusi önəm daşıyır.
Mahir Rəsuloğlu, “İki sahil”
Milli Məclisin sədri Türkmənistanda MDB PA-nın 61-ci plenar iclasında çıxış edib
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO