Tarixi-etnik köklərlə, eyni dil qrupu, ənənə və dəyərlərlə bir-birinə yaxın olan xalqların vahid ideya birliyi və həmrəyliyi son dərəcə vacibdir. Bu baxımdan Prezident İlham Əliyev türkdilli dövlətlərlə əlaqələrin dərinləşdirilməsinə, münasibətlərin daha da gücləndirilməsinə böyük önəm verir. Azərbaycanın aparıcı türkdilli dövlətlərdən biri olan Qazaxıstanla münasibətlərinin ildən-ilə inkişaf etməsi də deyilənlərə əyani sübutdur. Hər iki ölkə müstəqilliyini qazandığı gündən etibarən regionda və beynəlxalq aləmdə bir-birinə dəstək verən strateji tərəfdaşa çevrilib. 2004-cü ildə iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq haqqında bəyannamə imzalanıb. Bu Bəyannaməyə əsasən, tərəflər arasında münasibətlər strateji xarakter daşıyır.
Bu gün Azərbaycan-Qazaxıstan əlaqələri bütün sahələrdə uğurla inkişaf edir, dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri ölkələrimiz arasında əməkdaşlığın ildən-ilə güclənməsinə mühüm təsir göstərir. Avqustun 24-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana rəsmi səfəri iki ölkə arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə münasibətlərin uğurla inkişaf etdiyini bir daha sübut edir.
Xatırladaq ki, Azərbaycan və qazax xalqları həm çar Rusiyası, həm də sovet dönəmində vahid mərkəzdən idarə ediliblər. Stalin rejimi zamanı minlərlə azərbaycanlı Qazaxıstana sürgün olunub. Qeyri-rəsmi məlumatlara görə, hazırda Qazaxıstanda üç yüz minə qədər azərbaycanlı yaşayır. Onlar bu ölkənin elm, incəsənət, kənd təsərrüfatı, biznes və digər sahələrində çalışır, ictimai-siyasi həyatında yaxından iştirak edirlər. Hələ Sovet İttifaqı dövründə sıx dostluq münasibətlərinə malik olan ulu öndər Heydər Əliyev və Qazaxıstanın sabiq Prezidenti - Nursultan Nazarbayev bu əlaqələri hər iki ölkə müstəqilliyini qazandıqdan sonra da davam və inkişaf etdiriblər. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il avqustun 30-da yaradılıb. 1993-cü ilin yanvarında Qazaxıstanın Azərbaycanda, 2004-cü ilin martında isə Azərbaycanın bu ölkədə səfirlikləri fəaliyyətə başlayıb. 2008-ci ilin sentyabrından isə Azərbaycanın Qazaxıstanın Aktau şəhərində konsulluğu fəaliyyət göstərir. Həmçinin ölkələrimiz Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Avratlantik Tərəfdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKPA, TÜRKSOY kimi beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq edir.
Azərbaycan və Qazaxıstan arasında iqtisadiyyat sahəsində də əlaqələrin böyük tarixi var. Enerji sahəsində əməkdaşlıq, neft və neft məhsullarının Qərb bazarlarına çatırılması müstəqilliklərinin ilk illərindən etibarən hər iki dövlətin əməkdaşlıq sahəsi olub. Astana Bakı-Tbilisi-Ceyhanla (BTC) əlaqədar aparılan görüşlərdə aktiv iştirak edib. 2007-ci ildə Qazaxıstan rəsmən BTC-yə qoşulub. Hal-hazırda BTC-dən Azərbaycan nefti ilə yanaşı, Qazaxıstan nefti də ixrac olunur. Həmçinin Azərbaycan şirkətlərinin Qazaxıstanda həyata keçirilən infrastruktur layihələrində və digər istehsal sahələrində iştirakının təmin edilməsi üçün qarşılıqlı məlumat mübadiləsi aparılır. Azərbaycanın sənaye parklarının məhsullarının Qazaxıstan bazarına çıxarılması, həmçinin qazax şirkətlərinin ölkəmizdə birgə müəssisələrin yaradılmasına cəlb edilməsi, neft və neft məhsullarının ticarətinin genişləndirilməsi məsələləri də diqqət mərkəzində saxlanılır.
İki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlığa xüsusi önəm verilməsi də təsadüfi deyil. Belə ki, Azərbaycan və Qazaxıstan Çindən Avropaya qədər uzanan beynəlxalq nəqliyyat dəhlizinin üzərində yerləşir. Hər iki ölkənin marağı bu tranzit xəttin imkanlarından səmərəli şəkildə faydalanmaqdır. Hazırda Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Yeni Bakı Beynəlxalq Dəniz Limanı, Qazaxıstanın qərb və şərq sərhədlərini birləşdirən dəmir yolu xətləri və Kurık dəniz limanı ölkələrimizin tranzit potensialının daha da artırılmasına müsbət təsir göstərir. Artıq Çin-Avropa istiqamətində region üzərindən yükdaşımalarının artması bunun bariz ifadəsidir. Azərbaycan və Qazaxıstan ərazisindən keçən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun rəqabət qabiliyyətinin artırılması və bu marşruta beynəlxalq yükdaşımaların cəlb edilməsi üçün işlər uğurla davam etdirilir.
Bu günə qədər Azərbaycan ilə Qazaxıstan arasında 119 ikitərəfli sənəd imzalanıb. Bu sənədlər iki ölkənin münasibətlərinin müxtəlif sahələrdə inkişafına daha da töhfə verib. Bu gün hər iki ölkə Şərq-Qərb Beynəlxalq Trans-Xəzər Nəqliyyat Marşrutu çərçivəsində əməkdaşlıq edir. Aktau dəniz limanı xüsusi zonasında Azərbaycan sərmayəsi ilə inşa edilən Aktau İstehsal və Logistika Mərkəzi ölkələrimiz arasında ticari-iqtisadi əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 330 milyon dollardan çox olub. 2022-ci ildə isə bu rəqəmin 500 milyon dollara çatdırılması nəzərdə tutulub. Hazırda Azərbaycanda 165 Qazaxıstan şirkəti fəaliyyət göstərir. Qeyri-neft sektorunda Azərbaycandan Qazaxıstana indiyə qədər 204.3 milyon ABŞ dolları dəyərində sərmayə yatırılıb. Qazaxıstandan Azərbaycana isə bu sahə üzrə 98,8 milyon ABŞ dolları həcmində investisiya qoyulub.
Sevinc Azadi, “İki sahil”