Dünyanın siyasi arenasında yerini və çəkisini möhkəmləndirən müstəqil Azərbaycan əksər dövlətlərlə münasibətlərini inkişaf etdirməkdədir. Tam müstəqil xarici siyasət həyata keçirən Prezident İlham Əliyevin uğurlu diplomatiyası ilə Azərbaycan əksər dünya ölkələrinin, həmçinin türkdilli dövlətlərin Cənubi Qafqaz regionundakı ən etibarlı tərəfdaşı hesab olunur. Bu baxımdan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin avqustun 24-də Azərbaycana etdiyi rəsmi səfəri əlamətdar hadisələrlə yadda qalıb.
Əvvəlcə onu vurğulayaq ki, iki dövlət arasında qədim tarixə malik olan münasibətlər var. Belə ki, azərbaycanlılar və qazaxlar eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malikdirlər. Bu xalqları dil və din eyniliyi də birləşdirir. Orta Asiya xalqları içərisində milli mənsubiyyəti baxımından Azərbaycan xalqına ən yaxın olan xalqlardan biri məhz qazaxlar hesab olunur. Hər iki xalq türklərin oğuz boyundandır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov bildirib.
Deputatın sözlərinə görə, xarici siyasətdə əlaqələndirmə və beynəlxalq təşkilatlarda əməkdaşlığın möhkəmləndirilməsi müstəqil siyasət yürüdən hər iki dövlətin strateji tərəfdaşlığının vacib elementidir.
Dövlət başçılarının görüşündə ölkələrimiz arasında 20-dən artıq sənəd imzalanmış, ikitərəfli, siyasi, iqtisadi, humanitar və digər sahələrdə münasibətlərin uğurla inkişaf etdiyi vurğulanmış, ölkələrimiz arasında münasibətlərin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olunmuş, yüksək səviyyədə qarşılıqlı səfərlərin əlaqələrimizin genişləndirilməsində önəmli rol oynadığı qeyd edilib. İmzalanmış sənədlər içərisində “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə” xüsusi əhəmiyyətə malikdir.
"Bəyannamə qarşıdakı dövrdə iki ölkə arasında münasibətlərin inkişafı üçün baza rolunu oynayacaq. Xüsusən də sənəddə Azərbaycanın Şərqi Zəngəzur rayonunun Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsinin vacibliyinin qeyd olunması xarici siyasətimizin növbəti uğurudur. Qazaxıstanın Qarabağın yenidən qurulmasında iştirakı, o cümlədən işğaldan azad edilmiş Füzuli rayonunda Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzini inşa etməsi, Şuşa və Türküstanın qardaşlaşması dost ölkənin Azərbaycanın ərazi bütövlüyü məsələsində, eləcə də 44 günlük Vətən müharibəsində zəfərimizin nəticələri ilə bağlı birmənalı olaraq ölkəmizin yanında olduğunun real və praktik təzahürüdür.
Əminliklə söyləyə bilərik ki, Kasım-Jomart Tokayevin bu səfəri Azərbaycan-Qazaxıstan əməkdaşlığının daha da genişlənməsinə mühüm töhfə verəcək. Çünki ölkələrimizin energetika, nəqliyyat və digər sahələrdə reallaşdırdığı iri layihələr nəinki region, həm də dünya üçün xüsusi önəm daşıyır. Azərbaycan və Qazaxıstan çoxtərəfli formatda da səmərəli əməkdaşlıq edirlər. Beynəlxalq təşkilatlar çərçivəsində irəli sürülən təşəbbüslərin qarşılıqlı şəkildə dəstəklənməsi bunun sübutudur", - deyə Anar Məmmədov qeyd edib.
Deputat vurğulayıb ki, səfər zamanı Kasım-Jomart Tokayevin Azərbaycan Prezidenti İlham Əliyevi Qazaxıstanın “Altın kıran” - “Qızıl qartal” Ali ordeni ilə təltif etməsi isə iki dövlət arasında münasibətlərin inkişafında göstərdiyi xidmətlərə görə Azərbaycan liderinə verilən ən yüksək qiymətdir.