Danılmaz reallıqdır ki, ölkəmizin müstəqillik tarixinə əbədi qızıl hərflərlə həkk olunmuş əlamətdar günlər dövlətçiliyimizin və müstəqilliyimizin xilaskarı olan Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin Azərbaycan Ali Sovetinin sədri seçildiyi 1993-cü ilin 15 iyun tarixi, daha sonra prezident səlahiyyətlərinin Ulu Öndərə həvalə edildiyi 24 iyun tarixi və ən nəhayət Ulu Öndərin xalqın mütləq əksəriyyətinin səsini qazanaraq prezident seçildiyi 3 oktyabr tarixi bizim üçün unudulmaz olan, dövlətimizin inkişafının və yüksəlişinin təməlində dayanan şanlı səhifələrdir. Ümummilli liderin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildiyi 1991-ci ilin 3 sentyabr tarixi isə bu şanlı səhifələr içərisində xüsusi yer tutur. Çünki biz məhz bu tarixi Ulu Öndərin xilaskarlıq missiyasının başladığı tarix kimi qəbul edə bilərik. 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə Ulu Öndərin Ali Məclisin Sədri seçilməsi Azərbaycanın müstəqillik yollunun əsasını qoymuşdur.
Ulu öndərin xilaskarlıq missiyasının məhz Naxçıvandan başlaması da təsadüfi deyildi. Həmin dövrdə ümumilikdə bütün ölkə səviyyəsində vahid siyasi rəhbərliyin olmaması, Ermənistanın ərazi iddialarının artması, özbaşınalıq, siyasi hərcmərclikdən əziyyət çəkən Azərbaycanda bəlkə də ən çətin siyasi-ictimai vəziyyət blokada şəraitində qalmış Naxçıvanda idi. Həmin vaxt Naxçıvanda iqtisadiyyat iflic vəziyyətdə idi, əhalinin sosial durumu olduqca pis idi, sərhəd əraziləri erməni işğalçılarının hücumlarına məruz qalırdı, siyasi qüvvələrin başı hakimiyyət uğrunda mübarizəyə qarışdığından Naxçıvanın müdafiəsini təşkil etmək və onu bu ağır sosial-iqtisadi vəziyyətdən çıxarmağa qadir deyildi. Məhz belə bir vaxtda Ulu Öndər xalqın taleyinə biganə qala bilməyərək bütün çətinliklərə baxmayaraq Muxtar Respublikanın xilası missiyasını öz üzərinə götürmüşdü.
1990-cı ilin sentyabrında keçirilən seçkilərdə Naxçıvan Muxtar Respublikasının əhalisi yekdilliklə ulu öndəri Azərbaycan SSR-in və Naxçıvan MSSR-in deputatı seçmişdi. Naxçıvan parlamentinin 1990-cı il noyabrın 17-də keçirilən ilk sessiyası deputatların istəyi və böyük təkidi nəticəsində Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə öz işinə başlamışdı.
Həmin sessiyada təkcə Naxçıvan üçün deyil, ümumən, Azərbaycan üçün son dərəcə böyük əhəmiyyətə malik tarixi qərarlar qəbul olunmuşdu. Sessiyada Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözlərinin çıxarılması, Naxçıvan MSSR Ali Sovetinin Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırılması, dövlətimizin müstəqillik rəmzi olan üçrəngli bayrağın Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi haqqında tarixi qərarlar qəbul olunmuşdur. Həmçinin Naxçıvan Muxtar Respublikasının Аli Məclisi üçrəngli bayrağın Azərbaycan Respublikasının rəsmi dövlət rəmzi kimi tanınması haqqında Azərbaycan SSR Ali Soveti qarşısında vəsatət qaldırmışdır. Hamımıza yaxşı məlumdur ki, yalnız bundan sonra Azərbaycan SSR-in Ali Soveti Dövlət bayrağı haqqında qanun qəbul etdi və üçrəngli bayrağa Azərbaycan Respublikasının dövlət bayrağı statusu verildi. Naxçıvan Muxtar Respublikası Аli Məclisinin ilk sessiyasında müzakirə edilən ən mühüm məsələlər sırasına həmin vaxt xalqımız üçün həyati əhəmiyyət kəsb edən 20 Yanvar faciəsi və Dağlıq Qarabağ münaqişəsi kimi məsələlər də daxil edilmişdir.
Dahi siyasətçi həm də blokada şəraitində olan Muxtar Respublikanın inkişafını təmin etmək üçün regional və beynəlxalq əlaqələrin formalaşdırılması yönündə mühüm addımlar atmış, Türkiyə və İranla qarşılıqlı əməkdaşlığa əsaslanan rəsmi təmaslar yaradılmışdı. Heydər Əliyevin Naxçıvan MR-nın Ali Məclisinin Sədri seçilməsi xüsusilə Naxçıvan-Türkiyə münasibətlərinin qurulmasında yeni mərhələyə təkan vermişdi. 24 mart 1992-ci il tarixində Ankarada Naxçıvan MR-lə Türkiyə Cümhuriyyəti arasında işbirliyi protokolunun imzalanması bu baxımdan xüsusi qeyd edilməlidir.
Ümummilli liderin 1991-ci il sentyabrın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi qəbul etdiyi ilk qərarlardan biri isə Naxçıvanda Dövlət Milli Müdafiə Komitəsinin yaradılması olmuşdu. Dahi Liderin bu qərarı və ümumilikdə Naxçıvanı erməni təcavüzündən xilas etmək uğrunda gördüyü xidmətlər misilsizdir. Çünki həmin vaxtı Azərbaycanda hökm sürən ümumi siyasi-hərcmərlikdən istifadə edən ermənilər Naxçıvanı ələ keçirmək üçün Muxtar Respublikaya qarşı da hərbi təcavüzə başlamışdı. Lakin Heydər Əliyevin Naxçıvanın müdafiəsinin gücləndirilməsi istiqamətində atdığı addımlar, onun qətiyyəti, diplomatik fəallığı Ermənistanı geri çəkilməyə məcbur etdi və Naxçıvan Ermənistan işğalından xilas edildi.
Burada bir məqamı da qeyd edim ki, həmin dövrdə qəbul olunan bu qərar həm də ölkəmizin ordu quruculuğu tarixində mühüm mərhələ kimi qəbul edilməlidir. Belə ki, sonradan Dövlət Milli Müdafiə Komitəsinin bazasında hərbi briqada və dviziya yaradılmışdı. O dövrdə Ulu Öndərin həyata keçirdiyi ordu quruculuğu tədbirlərinin tərkib hissəsi kimi Naxçıvanda diviziyanın yaradılması böyük cəsarət tələb edirdi.
Ulu Öndərin Naxçıvan MR Ali Məclisinə sədrlik etdiyi dövrdə qəbul edilən qərarlar və həyata keçirilən siyasət sübut edir ki, həmin vaxt Azərbaycan Respublikasının müstəqilliyinə, milli dirçəlişinə, Azərbaycan Respublikasının müdafiəsinə, inkişafına, tərəqqisinə yönəlmiş addımlar məhz Naxçıvandan Heydər Əliyevin rəhbərliyi tərəfindən atılmışdır. Beləliklə də, Naxçıvandan başlayan milli dirçəliş prosesi xalqın da dəstəyi ilə bütün Azərbaycana yayılmışdı. Çünki xalq artıq tək Naxçıvanın deyil, bütün Azərbaycanın xilasının mümkünlüyünü yalnız dahi Heydər Əliyevdə görürdü. Dövlətçiliyimizin sonrakı şanlı inkişaf tarixi xalqımızın tələbinin və seçiminin nə qədər haqlı və əsaslı olduğunu bütün dünyaya sübut etmişdir.
Ziyafət Əsgərov,
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri