Əsir və itkin düşmüş Azərbaycan vətəndaşlarının taleyi daim dövlətimizin diqqət mərkəzindədir. Prezident İlham Əliyev bu il aprelin 4-də İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru xanım Katrin Bombergeri qəbul edərkən də bəyan edib ki, Azərbaycan humanitar xarakter daşıyan bu məsələ ilə bağlı dəfələrlə Ermənistan tərəfinə müraciət etsə də, qarşı tərəfdən konstruktiv əməkdaşlıq və xoş niyyət nümayiş olunmayıb.
“İstər münaqişə, istərsə də postmünaqişə dövründə Azərbaycanın beynəlxalq kürsülərdən qaldırdığı əsas məsələlərdən bir də əsirlər və itkin düşmüşlərlə bağlıdır. Azərbaycan bu məsələnin həllində də dünyanın ikili siyasəti ilə üz-üzədir. Bu istiqamətdə beynəlxalq hüquq öz sözünü necə deyir” sualını cаvаblandıran Milli Məclisin deputatı Elman Nəsirov bildirdi ki, bütün dünyada 30 avqust Beynəlxalq İtkin Düşmüşlər Günü kimi qeyd olunur: “2010-cu ilin dekabr ayının 21-də BMT-nin Baş Məclisi tərəfindən həmin gün təsis edilib. Bu günün təsis edilməsi təsadüfi deyil. Artıq beynəlxalq təcrübədə bu hala tez-tez rast gəlinir. Xüsusilə müharibələr dövründə, ayrı-ayrı terror hərəkətləri nəticəsində, eləcə də diktatura əsarəti altında olan insanların zorla qaçırılması halları qlobal problemlərdən sayılır. Bu məsələ Azərbaycan üçün də yeni hadisə deyil. Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının son məlumatına əsasən, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Birinci Qarabağ müharibəsində 3 890 nəfər vətəndaşımız itkin düşmüş şəxs kimi qeydə alınıb. Onlardan 3171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxsdir. Yeri gəlmişkən onu da qeyd edim ki, mülki şəxslər içərisindən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadın, 326 nəfəri yaşlı insanlar olub. Bu faktın özü bir daha onu təsdiqləyir ki, Ermənistan dövləti planlı, məqsədyönlü şəkildə belə bir hərbi cinayətə və beynəlxalq humanitar hüquqa zidd addım atıb. Onu da qeyd edək ki, Birinci Qarabağ müharibəsi dövründə 1 480 nəfər azərbaycanlı erməni əsir-girovluğundan azad edilib. Buna baxmayaraq yuxarıda qeyd etdiyim rəqəmlər onu göstərir ki, hələ də Ermənistan əsir, girov götürdüyü insanların sonrakı taleyi haqqında Azərbaycana heç bir məlumat vermir. Onlar işgəncələrə məruz qalıb. Bütün beynəlxalq hüquq norma və prinsiplərinə zidd olaraq müharibə dövründə dinc əhaliyə qarşı belə hərbi cinayət törədilib. Hazırda Vətən müharibəsində itkin düşmüş 6 Azərbaycan vətəndaşının axtarışı davam etdirilir. Bu məsələ bu gün Azərbaycanın postmüharibə dövr gündəliyinin prioritet məsələlərindən biridir. Azərbaycan Prezidenti İlham Əliyev ən yüksək tribunalardan bu məsələni səsləndirib. Təəssüf ki, Ermənistan tərəfi Azərbaycanın bu haqlı tələblərinə cavab vermir. Bu cinayəti ört-basdır etməyə çalışır”.
“Dövlət başçısı bəyan edir ki, əgər Ermənistana sanksiyalar, özü də ciddi sanksiyalar tətbiq edilsəydi, onda, ola bilsin, heç müharibə olmazdı. İndi necə Ermənistana sözügedən məsələ ilə bağlı hansı təzyiq mexanizmləri icra olunmalıdır və dünya bu haqda düşünürmü” sualına cavabında isə deputat əminliklə qeyd etdi ki, Azərbaycan bu məsələ ilə barışmaq niyyətində deyil: “ Biz bütün beynəlxalq instansiyaları bu haqda məlumatlandırırıq. Müvafiq beynəlxalq qurumlar qarşısında məsələ qaldırılıb. Ermənistan törətdiyi bu cinayətə görə cavab verməlidir. Oxşar cinayətlər törədilərkən beynəlxalq hüquq hansı təzyiq və təsir, cəza mexanizmlərini işə salırsa, beynəlxalq praktikada hansı addımlar atılırsa həmin addımlar da Ermənistana münasibətdə tətbiq edilməlidir. Bir daha qeyd edirəm ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin postmüharibə dövrünün yeni reallıqları fonunda Ermənistanın qarşısında qaldırdığı ən prioritet məsələrdən biri də məhz bu məsələdir. Yəni, Ermənistanın 4 minə yaxın azərbaycanlının sonrakı taleyi haqda heç bir məlumat verməməsidir. Belə qənaətə gəlinir ki, onları işgəncə ilə qətlə yetiriblər. Ermənistan bununla bağlı da faktları və dəlilləri gizlətməyə çalışır. Biz isə ədalət gününün gələcəyinə inanırıq. İnanırıq ki, cinayətkarlar gec-tez öz layiqli cəzalarını alacaqlar”.
Günel Eyyubova, “İki sahil”