Bu günlərdə Şuşada işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma sahəsində görülən işlərə və planlara, postmünaqişə dövründə minatəmizləmə əməliyyatlarına və şəhərsalma potensialının istifadə edilməsinə, ümumi beynəlxalq əməkdaşlıq imkanlarına həsr olunmuş konfrans keçirildi. Tədbirə Azərbaycanda akkreditə olunmuş, eyni zamanda, Ankarada, Tehranda və Moskvada fəaliyyət göstərən qeyri-rezident səfirlər, beynəlxalq diplomatik korpusun nümayəndələri, hərbi attaşelər, Türkiyə Xarici İşlər Nazirliyinin və digər dövlət qurumlarının yüksək vəzifəli şəxsləri də olmaqla ümumilikdə 160-dan çox nümayəndə qatıldı.
Qonaqlar arasında nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri də yer aldı. Avropa İttifaqının, BMT-nin və bu təşkilatın Qaçqınlar üzrə Ali Komissarlığının, Uşaq Fondunun, İnkişaf Proqramının, Əhali Fondunun, həmçinin Dünya Bankının, Türk Dövlətləri Təşkilatının, TÜRKSOY-un, Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın, Avropa Yenidənqurma və İnkişaf Bankının, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun, Beynəlxalq Miqrasiya Təşkilatının, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin nümayəndəliklərinin rəhbərləri tədbirdə iştirak edənlər arasında idilər. Konfransda demək olar ki, bütün qitələri əhatə edən səfirlik və hərbi attaşelər yer almışdı. Böyük Britaniya, Niderland, İsveç, Danimarka, Belçika, Almaniya, İtaliya, Kanada, İran kimi ölkələrlə yanaşı, uzaq Dominikan, Qvineya, Qvatemala, Uqanda, Kamerun, Namibiya və digər ölkələrin də təmsilçiləri iştirak edirdilər. Ancaq nədənsə ötən konfranslarda olduğu kimi, bu dəfə də ABŞ və Fransanın ölkəmizdəki səfirləri Şuşada keçirilən mötəbər tədbirdə iştirak etmədilər. Yeri gəlmişkən, konfransda 60-dan çox ölkədən və 19 beynəlxalq təşkilatdan 100-dən çox diplomat və hərbi nümayəndə iştirak edirdi.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ və Fransa səfirlərinin Şuşada keçirilən beynəlxalq konfransda iştirak etməmələrinə münasibət bildirərkən deyib ki, ABŞ və Fransanın Qarabağ probleminin sülh yolu ilə həllində maraqlı deyillər: “Onlar Azərbaycan hökumətinin dəvətinə açıq şəkildə etinasızlıq göstərdilər. Biz bunu ərazi bütövlüyümüzə qarşı hörmətsizlik kimi qəbul edirik. Fransa və ABŞ ATƏT-in Minsk Qrupunun həmsədrləri kimi 30 il ərzində münaqişənin həllinə töhfə verməyiblər. Onlar 30 il Azərbaycanın zamanını itirdilər. Bu səfərə qoşulmamaqla onlar bir daha etinasızlıq nümayiş etdirdilər”.
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, tez-tez məlum “Osmanqızı” internet TV-də görünən Riçard Kozlariçin məsələyə münasibəti çox əndirəbadi olub. Belə ki, keçmiş səfir ölkəsinin hazırki səfirinin Şuşaya səfərdən imtinasının doğru olduğunu bildirib. O fikrini belə izah edib ki, hələ ki ortada iki dövlət arasında sülh sazişi yoxdur.
Məsələyə münasibət bildirən politoloq Elxan Şahinoğlu qeyd edib ki, R. Kozlariçin məntiqinə görə, Azərbaycanla Ermənistan arasında sülh sazişi yoxdursa, Qərb ölkələrinin səfirlərinin Şuşaya getməsi doğru deyil. O bildirib ki, R.Kozlariç səfirlərin və diplomatların Şuşaya “şəkil çəkdirmək üçün getdikərini” iddia edib: “Birincisi, Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişinin Şuşaya nə dəxli var? Yəni, Ermənistan Şuşanı Azərbaycan şəhəri kimi tanımalıdır ki, ABŞ səfiri tarixi şəhərimizə getsin? Bəlkə iki ölkə arasında sülh sazişi ümumiyyətlə imzalanmadı, Vaşinqton Şuşanı Azərbaycan şəhəri kimi tanımayacaq? Halbuki ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanıyıbsa, deməli, Şuşanı da Azərbaycan şəhəri kimi qəbul edib. İkincisi, xarici ölkə səfirləri və yüzlərlə diplomat Şuşaya yalnız Kozlariçin təbirincə desək, “şəkil çəkdirmək” üçün getməyiblər, onlar bu yolla Azərbaycanın ərazi bütövlüyünə hörmətlərini nümayiş etdiriblər”.
Göründüyü kimi, R.Kozlariç ABŞ səfirinin Şuşaya getməkdən imtina etməsinə müxtəlif yollarla haqq qazandırmağa çalışsa da məqsədinə nail ola bilməyib. Çünki hər şey ortadadır. Ona görə də manipulyasiya etməklə kimilərisə bu məsələdə təmizə çıxarmaq mümkün deyil…
Zahid Rza, “İki sahil”