a) Qarabağ müzakirə mövzusu deyil,
b) Uğursuz Minsk qrupunun üstündən xətt çəkildi,
c) Bir ay müddətində sülh sazişinin mətni üzərində işə başlamaq üçün qruplar yaradılacaq
d) Sülh müqaviləsi Bakının irəli sürdüyü və İrəvanın qəbul etdiyi beş prinsip əsasında hazırlanacaq
e) Avropa İttifaqı və Şarl Mişel uğurlu vasitəçilik formatıdır
Məlum olduğu kimi Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə Belçika Krallığının paytaxtı Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 31-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü keçirilib. Bu formatda Brüsseldə keçirilən sayca 4-cü görüşün nəticələrini Azərbaycan diplomatiyasının növbəti uğuru kimi dəyərləndirmək olar. Belə ki, Brüsseldə keçirilən danışıqların əsasını Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması təşkil edir. Bu istiqamətdə aparılan danışıqlar isə Azərbaycan tərəfinin təklif etdiyi və beynəlxalq hüququ normalarına uyğun olan 5 prinsip təşkil edir. Yada salaq ki, bu ilin aprel ayında Brüsseldə keçirilən görüşdə Azərbaycanın irəli sürdüyü 5 prinsip Ermənistan tərəfindən dəstəkləndi. Həmin görüşdən sonra Azərbaycan tərəfi sülh müqaviləsinin imzalanması və sərhədlərin delimitasiyası üzrə müvafiq komissiya yaratsa da, eyni addımı Ermənistan tərəfindən atılmadı. Ermənistan tərəfi hər zaman olduğu kimi yenə də müxtəlif bəhanələrlə prosesi uzatmağa çalışdı. Bu ilin aprel ayında keçirilən görüşdən sonra Ermənistanda baş verən proseslər, Paşinyan və hökumətin digər üzvləri tərəfindən səsləndirilən ziddiyyətli bəyanatlar göstərdi ki, rəsmi İrəvan sülh prosesinə töhfə verməyə yox, əksinə prosesə maneə olmağa, bu mümkün olmayanda ən azından onu uzatmağa çalışırlar. Amma Ermənistan tərəfinin bu cəhdlərinin onlar üçün heç bir xeyri olmadı. Bunu Brüsseldə dünən keçirilən görüşdən sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin üçtərəfli görüşün yekunlarına dair mətbuata verdiyi bəyanat da təsdiqləyir. Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti və prinsipial mövqeyi nəticəsində Brüsseldə müəyyən razılılar əldə edilib.
Erməni tərəfinin müqavimətinə baxmayaraq konkret nəticə əldə edilib

Brüsseldə keçirilən üçtərəfli danışıqlarda erməni tərəfinin müqavimət göstərməsinə və real nəticələrin əldə olunmasının qarşısını almaq cəhdlərinə baxmayaraq, Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə konkret nəticə əldə edə bilib. Belə ki, bu görüşdə liderlər Ermənistan və Azərbaycan arasındakı dövlətlərarası münasibətləri nizamlayan sülh müqaviləsinin irəliləməsi istiqamətində substantiv işin sürətləndirilməsi ilə bağlı razılığa gəlib və xarici işlər nazirlərinə layihə mətnlərinin hazırlanması üçün bir ay ərzində görüşmək barədə tapşırıq veriblər. Bu məsələ postmünqaişə dövründə sülh müqaviləsinin imzalanması istiqamətində çox mühüm addımdır. Ermənistan tərəfinin son aylarda göstərdiyi müqavimətə baxmayaraq Brüssel danışıqlarında konkret vaxt müəyyən edilib ki, qarşı tərəf sonradan müxtəlif manipulyasiyalara yor verməsin. Belə ki, görüşün ən mühüm nəticələrində biri bir ay müddətində Xarici İşlər Nazirliyi xətti ilə sülh sazişinin mətni üzərində işə başlamaq üçün qruplar yaratmaq barədə razılıq əldə olunub. Artıq vaxt müəyyən edilib və Ermənistan tərəfi bundan yayına bilməyəcək. Sülh müqaviləsi üzrə mətnin hazırlanmasında Azərbaycanın təklif etdiyi sənəd əsas götürülür. Daha konkretləşdirsək sülh müqaviləsinin hazırlanması zamanı Azərbaycan tərəfindən təqdim olunan və beynəlxalq hüquqa əsaslanan beş prinsip əsas götürüləcək. Brüsseldə keçirilən görücün nəticəsini Azərbaycan üçün uğurlu hesab etmək olar. Humanitar məsələlərin, eləcə də minaların təmizlənməsi, əsirlər və itkin düşmüş şəxslərin taleyi barədə ətraflı müzakirələr aparılması da bunu təsdiqləyir.
Nə Qarabağ mövzusu, nə də ATƏT-in Minsk qrupu

Digər mühüm məqam Minsk qrupu ilə bağlıdır. Son günlər artıq tarixin arxivinə göndərilmiş ATƏT-in Minsk qrupunu “diriltmək” üçün faydasız cəhdləri müşahidə edirik. Azərbaycanın tarixi Qələbəsi ilə münaqişə həllini tapıb. Deməli, Minsk qrupu deyilən uğursuz qurumun da fəaliyyəti yekunlaşıb. Artıq həllini tapmış münaqişə ilə necə məşğul ola bilərlər? Amma bəzi dairələr qrupu “diriltmək” adə ilə prosesə zərbə vurmağa, təzyiq göstərməyə çalışırlar. Brüsseldə keçirilən görüş, əldə edilən razılaşmalar və yeni sənəd bu cəhdlərin üstündən xətt çəkdi. Belə ki, yeni sənəddə nə həllini tapmış Qarabağ mövzusu var, nə də ATƏT-in Minsk qrupu ilə bağlı hər hansı qeyd. Bu, bir daha təsdiqləyir ki, ömrünü başa vurmuş Minsk qrupu formatı məhv oldu. Qarabağ mövzusu Azərbaycanın daxili işidir və müzakirə mövzusu deyil. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələsində Avropa İttifaqının uğurlu vasitəçilik formatı var.
Şarl Mişeldən uğurlu vasitəçilik

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin uğurlu vasitəçilik rolunu da xüsusi qeyd etmək lazımdır. Şarl Mişelin ortaya qoyduğu konstruktiv və ədalətli mövqe təqdir olunmalıdır. Yada salaq ki, bu ilin aprel ayında keçirilən görüşün yekununda Şarl Mişel tərəfindən səsləndirilən bəyantda da “Dağlıq Qarabağ münaqişəsi”, “Minsk qrupu” kim ifadələr işlədilmədi. Bu dəfə keçirilən görüşdə də cənab Mişelin obyektiv vasitəçi kimi rolu xüsusi qeyd olunmalıdır. Bunun nəticəsidir ki, konkret nəticə əldə etmək mümkün olub. Beləliklə, Brüsseldə keçirilən görüş Prezidenti İlham Əliyevin növbəti siyasi-diplomatik qələbəsidir. Əldə edilən razılaşmalar Azərbaycanın mövqeyinə tam uğundur.
Anar Miriyev, “İki sahil”