01 sentyabr 2022 13:20
393

Tahir Rzayev: Yeni reallıqda Ermənistan  sülh müqaviləsi imzalamağa məcburdur

"44 günlük Vətən Müharibəsindəki tarixi Zəfərdən sonra Azərbaycan regionda yeni reallıqlar yaradıb və bunu hər kəs qəbul edir”. Azərbaycan Prezidenti İlham Əliyevin, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistanın baş naziri Nikol Paşinyanın avqustun 31-də keçirilən üçtərəfli görüşündə İrəvanın sülh müqaviləsinin mətni üzərində iş aparmaq üçün işçi qrupun formalaşdırılması barədə rəsmən razılıq verməsi mühüm bir səddin keçilməsi anlamına gəlir."

Bu fikirləri «İki sahil»ə açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib.

Tahir Rzayev qeyd edib ki, hər zaman sülh razılaşmasına dair qəti addımlardan yayınan Ermənistan nəhayət bu istiqamətdə ilkin razılığını ifadə etməyə məcbur olaraq yaxın bir ay ərzində xarici işlər nazirlərinin sülh razılaşmasının mətni üzərində iş aparılması barədə öhdəlik götürüb.
Deputat diqqətə çatdırıb ki, müzakirə mövzusu olan digər məsələlər, sərhəddə təhlükəsizliyin daha etibarlı təmini, o cümlədən mina və itkin düşmüş şəxslər kimi humanitar xarakterli problemlərin də gündəmə gətirilməsi isə Azərbaycanın bu məqamlar üzrə israrlı olduğunu göstərməklə bərabər proseslərin Prezident İlham Əliyevin iradəsinə uyğun, Azərbaycanın irəli sürdüyü 5 prinsip daxilində inkişaf edir. Xüsusi qeyd olunmalıdır ki, Avropa İttifaqı və şəxsən Prezident Şarl Mişelin bu prosesdə rolu Azərbaycanın bütövlükdə bölgənin gələcəyinə təminat verən milli maraqlarına uyğundur.

Son Brüssel görüşləri də təsdiq etdi ki, münaqişənin həllinə ən çox dəstək ola biləcək qurum məhz Avropa İttifaqıdır. Bu nüfuzlu beynəlxalq təşkilatın rəsmi mövqeyi regionda daha qısa zamanda sülhün formalaşdırılmasına xidmət edir. Bu da sülhün əldə edilməsi imkanlarını genişləndirməklə yanaşı, prosesin daha intensivləşməsinə xidmət edir.   Brüsseldə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü Azərbaycan diplomatiyasının növbəti qələbəsidir.

Şəmsiyyə Əliqızı, “İki sahil”