01 sentyabr 2022 16:52
679

İtaliya-Azərbaycan münasibətləri ikitərəfli kontekstin hüdudlarını aşaraq çoxtərəfli istiqamətə yönəlib

Bu, İtaliyanın Azərbaycanın dövlət başçısı və ölkəmizlə strateji əlaqələrə göstərdiyi diqqətin təzahürüdür

Çoxvektorlu xarici siyasət dünya siyasətində mühüm rol oynayan, ölkə üçün praktiki maraq və əhəmiyyət kəsb edən, dövlətlərlə dostluğun dərinləşməsinə və ya proqnozlaşdırıla bilən münasibətlərin müəyyənləşdirilməsinə fokuslanır. Xarici siyasət konsepsiyasında çoxvektorlu dəst-xəttə üstünlük verən Azərbaycan dost ölkələrlə münasibətləri dərinləşdirir, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində Azərbaycana qarşı antitəfəkkürlü mövqe tutan qüvvələri isə stabilləşdirməklə mümkün zərərləri dəf edir. Bu zərurət strategiya olsa da, o, öz müstəqilliyini effektiv şəkildə qorumaq, onun sərhədlərində və daha uzaqda olan böyük dövlətlərlə münasibətlərini müzakirə etmək, səlahiyyətlər müəyyən etmək baxımından inkişaf etmişdir.

Azərbaycanın resurslarının təqdim etdiyi imkanlardan faydalanması birmənalı şəkildə müxtəlif cinahlar arasında siyasi eskalasiyanın artırılmasına deyil, tam əksi mümkün gərginliyin və təsirlərin stabilləşdirilməsinə istiqamətlənib. Çoxvektorlu xarici siyasətimizi əməkdaşlıq üzərində qurmuşuq ki, regional və qlobal aktorlar olmaqla  güc mərkəzləri arasında bu ən çox enerji siyasətimizə xas bir məsələdir.

Azərbaycan xarici siyasətində bir sıra ölkələrlə münasibətlərimiz prioritet məsələlərdən biridir ki, İtaliya ilə olan münasibətlərimiz də bu qəbildəndir. Çünki İtaliya-Azərbaycan münasibətləri ikitərəfli kontekstin hüdudlarını aşaraq çoxtərəfli istiqamətə yönəlib. Belə ki, Avropa İttifaqının üzv ölkələri arasında Azərbaycanın ən böyük siyasi, iqtisadi, ticarət tərəfaşı olan İtaliya çoxtərəfli kontekstdə Azərbaycanın həm Avropa İttifaqı, həm də NATO ilə əməkdaşlığının güclənməsinə əsaslı dəstək verən ölkədir.

2022-ci il 1-2 sentyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İtaliya Respublikasına işgüzar səfəri nəzərdə tutulur ki, bu səfər mahiyyət və keyfiyyət etibarilə münasibətlərimizə yeni nəfəs gətirəcək. Səfəri xüsusi edən bir neçə məqam və məqsəd var. Bu xüsusi məqamlardan biri səfərin iki ölkə arasında qurulan münasibətlərin 30-cu ildönümündə baş tutması, məqsəd isə Prezident İlham Əliyevin 2020-ci ilin fevralında İtaliyaya dövlət səfəri zamanı ölkələrimiz arasında imzalanmış Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamənin icrası prosesində müxtəlif istiqamətlər üzrə aktual məsələlərin müzakirə edilməsi, bu sferalar üzrə əməkdaşlığın daha da dərinləşdirilməsi, nəticəyə istiqamətlənmiş yeni hədəflərin müəyyənləşdirilməsidir. Dövlət başçımızın səfərini xüsusi edən olduqca önəmli bir məqam da var ki, bu da İtaliyanın daxili məsələləri ilə bağlıdır. Belə ki, son daxili siyasi böhrandan sonra İtaliya hökuməti məhdud çərçivədə fəaliyyətini davam etdirir ki, adətən belə vaxtda ölkədə xarici səfərlər reallaşdırılmır,  daxili və xarici siyasətdə isə hər hansı bir qərar qəbul olunmur. Belə bir zamanda dövlət başçımızın məhz dəvət üzərinə İtaliyaya işgüzar səfərinin reallaşdırılması İtaliya tərəfinin Azərbaycanın dövlət başçısı və ölkəmizlə strateji əlaqələrə göstərdiyi diqqətin təzahürüdür. Deməli, dünyanın 8-ci ən böyük iqtisadiyyatı və “Böyük Yeddilik” ölkəsi olan İtaliya üçün Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərini dərinləşdirmək milli maraqların reallaşdırılmasında prioritet kimi müəyyənləşdirilmişdir.

Bu gün İtaliya-Azərbaycan münasibətləri siyasi, müdafiə, iqtisadi-ticarət, energetika, yüksək texnologiyalar, nəqliyyat, infrastruktur, mədəni, elmi, turizm, idman, qida təhlükəsizliyi, paytaxtlar səviyyəsində əməkdaşlıq sahələri olmaqla bir neçə istiqamətləri ehtiva edir. Azərbaycanın birinci ticarət və ixracat tərəfdaşı ola İtaliya ilə ticarət dövriyyəsinin həcmi hal-hazırda 11 milyard ABŞ dollarından çoxdur. İtaliya Cənubi Qafqazda Azərbaycanı altenrativsiz yaxın tərəfdaş kimi qəbul edir. Bu baxımdan da regionda İtaliyanın apardığı ticarətin 90%-dən çoxu məhz Azərbaycanla reallaşdırılır.

Azərbaycan-İtaliya münasibətlərini daha da dərinləşdirən sahə var ki, bu da enerji sektorudur. Zənnimcə, məhz enerji sektorunda yüksələn və dərinləşdirilən münasibətlərimiz digər sahələrdə fundamental, əsaslı zəmin formalaşdırmış, onların inkişafına daha da təkan vermişdir. Azərbaycanın İtaliyanın neft təchizatında 1-ci, qaz təchizatında isə 3-cü yeri tutması faktı da bu arqumenti əsaslı təsdiq edən bir rəqəm, fiqurdur. Heç kimə sirr deyil ki, meqa layihə hesab olunan və Azərbaycanın təşəbbüskarlığı ilə reallaşdırılan Cənub Qaz Dəhlizi və onun sonuncu seqmenti olan, İtaliyanın qaz tələbatının təxminən 10%-ni qarşılayan Trans-Adriatik qaz boru kəməri (TAP) ikitərəfli enerji əməkdaşlığını, İtaliyanın enerji təhlükəsizliyini möhkəmləndirən vacib faktordur.  

İki ölkənin ali təhsil ocaqları arasında mübadilələr də intensivliyi ilə seçilir. İtaliya dünyada rəqabətə davamlı və yüksək səviyyədə ixtisaslaşmış ali təhsil məkanı kimi tanınır. Təhsil sahəsində əlaqələrin dərinləşdirilməsi mövcud islahatlar fonunda olduqca önəmlidir. İtaliya-Azərbaycan Universitetinin yaradılması da mötəbər bir hadisədir. Universitetin təməlqoyma mərasimində İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio iştirak etməsi isə İtaliyanın təhsil sferasında Azərbaycanla əlaqələrə verdiyi yüksək siyasi əhəmiyyətin bariz təzahürüdür. Təsadüfi deyil ki, İtaliyaya səfəri çərçivəsində dövlət başçımız bildirdi ki, İtaliya-Azərbaycan Universiteti İtaliya-Azərbaycan dostluğu mərkəzi olacaq.

Bugünkü İtaliya-Azərbaycan əlaqələrinin belə dərinləşdirilməsində və inkişafında Heydər Əliyev Fondunun müstəsna xidmətləri mövcuddur. Belə ki, Fond son illər ərzində iki ölkə arasında mədəniyyət və humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsi, realizə edilən layihələr və təşkil olunan tədbirlərlə mədəniyyət sahəsində əlaqələrin və xalqlararası təmasların inkişafına olduqca böyük töhfə verib. 2012-ci ildə Romanın görkəmli “Villa Borghese” parkında dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin açılışı olub. Məhz xüsusi məqamlardan biri Roma şəhərində mədəniyyət abidələrinin bərpası işlərinə Azərbaycan tərəfindən göstərilən dəstəkdir ki, məhz bu amilin özü də İtaliyada ölkəmizin nüfuzunun daha da artmasına təsir edib.

Sentyabrın 1-i tarixində isə Romada Azərbaycanın İtaliyadakı səfirliyinin yeni binasının açılışı baş tutdu. Açılış mərasimində iştirak edən dövlət başçısımız səfirliyin yeni binasının həyətində dostluq və birlik rəmzi kimi qəbul edilən nar ağacı da əkdi. Həmçinin o da qeyd olunmalıdır ki, səfirliyin yeni binasında diplomatik heyət üçün iş otaqları, konsulluq şöbəsi də var. Bununla yanaşı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırığı əsasında Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan mədəniyyətinin təqdimatları üçün otaq və zallar da yaradılıb ki, burada milli xalçalar, geyimlər, musiqi və xalq sənətkarlığının müxtəlif nümunələri sərgilənir. Səfirliyin yeni binası, onun müasirliklə tarixiliyin sintez edilərək xüsusi üslubla işlənilməsi Azərbaycan xalqının zəngin mədəniyyətindən, qədim tarixindən xəbər verir onu, təbliğ edir. Bu həm də dövlətimizin gücünün və nüfuzunun əyani göstəricisidir.

İtaliyaya işgüzar səfəri çərçivəsində Prezident İlham Əliyevin “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən İtaliyanın Çernobbio şəhərində hər il keçirilən beynəlxalq forumda əsas qonaq kimi iştirakı, forumun əsas plenar iclasında “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış etməsi, dünya ölkələrinin dövlət və hökumət başçıları, beynəlxalq təşkilatlar rəhbərləri və digər nüfuzlu şəxslərinə mövcud reallıqların, vəziyyətin çatdırılması və Azərbaycan-İtaliya münasibətlərinin siyasi, iqtisadi, mədəni, humanitar sahədə inkişaf etməsi, həmçinin dövlət və özəl sektor üzrə əməkdaşlıq imkanlarının genişləndirilməsi, ölkəmizə xarici investorların cəlb olunması baxımından əhəmiyyətlidir.

Şəbnəm Həsənova,

Politoloq