Prezident İlham Əliyevin İtaliyaya səfəri ikitərəfli münasibətlərdə yeni səhifə açılır. Diplomatik münasibətlərin 30-cu ildönümündə Azərbaycanın bu ölkədə yeni səfirlik binasının açılması iki ölkə arasında əlaqələrin yüksək səviyyəsini göstərir.
Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
Xanım deputatın sözlərinə görə, təsadüfi deyil ki, İtaliya Prezidenti Sercio Matarella da Azərbaycan səfirliyinin yeni binasının açılışını dostluq əlaqələrinin mühüm nümunəsi kimi dəyərləndirdi.
“Səfər zamanı İtaliya-Azərbaycan Universitetinin yaradılması da əməkdaşlığın yeni vacib mərhələsidir. Azərbaycanın ADA Universitetinin İtaliyanın beş aparıcı universitetinin tərəfdaşı olması təhsil sahəsində yeni perspektivlər açır”, - deyən K.Nurullayeva əlavə edib ki, ümumiyyətlə, Bakı ilə Roma arasında çox güclü siyasi-iqtisadi əlaqələr mövcuddur: “İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır. Bu səfər zamanı gələcəkdə təhsil sahəsində də strateji tərəfdaş kimi yeni fəaliyyət istiqamətləri müəyyənləşdi. Təhsil sahəsinin inkişafı birbaşa
insan kapitalının inkişafı olduğundan bu istiqamətdə əməkdaşlıq hər iki tərəfin maraqlarına cavab verir. Bu mənada həm Bakı həm də Roma İtaliya-Azərbaycan Universitetini gələcək perspektivdə İtaliya-Azərbaycan dostluğu mərkəzi kimi görür”.
Azərbaycan-İtaliya münasibətləri hər zaman yüksək səviyyədə olduğunu qeyd edən xanım deputat əlavə edib ki, Prezident İlham Əliyev sonuncu dəfə 2020-ci ildə İtaliyada dövlət səfərində olarkən imzalanan strateji tərəfdaşlığa dair sənəd mühüm əhəmiyyət kəsb edirdi: “Budəfəki səfər zamanı sıx əməkdaşlıq və strateji tərəfdaşlığa dair aparılan müzakirələr də siyasi dialoqun daha da genişlənməsi deməkdir.
Budəfəki səfərin ən vacib tərəflərindən biri dövlət başçımızın Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən keçirilən Beynəlxalq Foruma əsas qonaq qismində qatılması oldu.
Dövlətimizin başçısı forumun plenar iclasında “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusundakı çıxışı və bütövlükdə Forumda iştirakı beynəlxalq KİV-lər tərəfindən də böyük maraqla qarşılandı.
Azərbaycan Prezidentinin nüfuzlu foruma əsas qonaq kimi dəvət olunması, ona ünvanlanan suallar Azərbaycanın artan beynəlxalq nüfuzunun göstəricisidir. Prezidentin xüsusi qonaq kimi dəvət olunduğu forum isə kifayət qədər nüfuzlu və vacib məsələlərin müzakirə edildiyi platformadır. Məhz bu platforma vasitəsilə dövlətimizin başçısı Azərbaycanın enerji strategiyasının inkişaf mərhələləri, eləcə də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunu bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Bir daha bəyan olundu ki, dünyada mövcud vəziyyətlə əlaqədar Azərbaycan əlavə qaz həcmlərinin ixracı ilə bağlı çoxsaylı müraciətlər alır və onlara baxmağa hazırdır.
Cənab Prezident ümumilikdə alternativ enerjinin və xüsusilə işğaldan azad edilmiş ərazilərin inkişafı ilə bağlı da ətraflı məlumat verdi. Azərbaycanda alternativ enerjiyə sərmayə qoyan dünyanın aparıcı şirkətləri ilə bu sahədə əməkdaşlıqdan danışdı. Bir daha enerji təhlükəsizliyinin artıq hər bir dövlət üçün milli təhlükəsizlik məsələsinə çevrildiyi vurğulandı. Dünyada və regionda mövcud geosiyasi vəziyyət fonunda Azərbaycan öz siyasətini milli maraqlar və beynəlxalq hüququn prinsipləri əsasında qurduğu bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı. Dövlət başçımız həm də bu nüfuzlu platforma vasitəsilə Azərbaycana qarşı beynəlxalq hüququn prinsiplərinin uzun illərdir pozulmasını da xatırlatdı. Beynəlxalq hüququn qorumasına cavabdeh olan beynəlxalq institutların fəaliyyətinin cari çağırışlara uyğunlaşdırılmasına dair məsuliyyətini bir daha xatırlatdı. Azərbaycan Prezidentinin beynəlxalq forumda əsas qonaq kimi iştirakı həm ölkəmizin mövqeyini möhkəmləndirdi, həm də foruma marağı daha da artırdı”.