03 sentyabr 2022 14:20
508

Azərbaycan Prezidenti: Bizim öz yerimiz var

Bizim bütün enerji layihələrimiz, o cümlədən təbii qazın nəqli ilə bağlı olan layihələrimiz mövcud həcmlərə əsaslanıb. Biz Azərbaycandan qaz alan Avropa şirkətləri ilə müqavilələri uzun illər əvvəl imzalamışıq. Daha sonra biz boru kəmərlərinə sərmayə qoyduq. Biz Avropaya yalnız bir il yarım əvvəl qaz nəql etməyə başladıq. 2021-ci ilin ilk günündə biz İtaliyaya qaz nəql etməyə başladıq. Beləliklə, bizim nəzərdə tutduğumuz planlar tam şəkildə həyata keçirilib.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Çernobbio şəhərində İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsində deyib.

Sərmayə qoyuluşu baxımından yeni imkanlar və planların nəzərdən keçirildiyini bildirən dövlətimizin başçısı qeyd edib ki, Xanım Ursula Fon der Lyayen ilə hasilatı qısa zamanda artırmaq məsələsini müzakirə ediblər: Avropaya ixracı iki dəfə artırmaq böyük işdir. Bu, xırda məsələ deyil. Buraya sərmayə yatırılmalı, texniki imkanlar genişləndirilməlidir. Çünki hazırda Avropaya qaz nəql edən boru kəmərimiz TAP-ın ötürmə qabiliyyəti 10 milyard kubmetrdir. Yəni, biz onu 20 milyard kubmetrə çatdırmalıyıq. Bu isə maliyyə vəsaiti və səhmdarlar arasında razılıq tələb edir və bu, bir prosesdir”.

Azərbaycanın ehtiyatlarından söz açan Prezident İlham Əliyev söyləyib: “Bizim ehtiyatlarımıza gəldikdə, mən konfransda bu haqda danışdım. Təsdiq edilmiş ehtiyatlarımızın həcmi ən azı 2,6 trilyon kubmetr qaz təşkil edir. Potensial olaraq biz Avropaya 20 milyard kubmetrdən artıq da qaz ixrac edə bilərik. Lakın biz anlamalıyıq ki, Avropa bizim üçün yeganə bazar deyil. Biz Türkiyəni İtaliya ilə eyni həcmdə qazla təchiz edirik. İxrac 10 milyard kubmetr təşkil edir və Türkiyə bazarının tələbatı da artmaqdadır. Bazar o qədər böyük olmasa da, biz Gürcüstanı da qazla təchiz edirik. Bizim bu il ümumi ixracımız 22-23 milyard kubmetr təşkil edəcək. Ancaq hasilatı artırmaq üçün yataqlara böyük sərmayə qoyulmalı və texniki imkanlar genişləndirilməlidir. Söhbət təkcə TAP-dan getmir. Biz TANAP-ı genişləndirməliyik. Biz TANAP-ı 16 milyard kubmetrdən 32 milyard kubmetrə qədər genişləndirməliyik. Bəli, bunun üçün bizə yeni kəmər tikmək lazım olmayacaq. Bizə yalnız kompressor stansiyalarının istifadəyə verilməsi lazım olacaq. Bu isə sərmayə gözləyir”.

Dövlətimizin başçısı vurğulayıb ki, biz nə əvvəllər, nə də indi öz qarşımıza Avropa bazarında Rusiya qazı ilə rəqabətə girmək kimi hədəf qoymamışıq: "Bizim öz yerimiz var. Biz Avropanın üç ölkəsi ilə, yəni, İtaliya, Yunanıstan və Bolqarıstanla müqavilələr imzalamışıq. Avropanın digər ölkələrinin də tələbatı var və biz həmin tələbatı qiymətləndiririk. Sizin də qeyd etdiyiniz kimi, digər layihələr də var. Məsələn, Balkan dövlətlərinə qədər uzanan İon-Adriatik kəməri, tezliklə istifadəyə veriləcək Yunanıstan-Bolqarıstan interkonnektoru və digər interkonnektorlar. Ancaq bütün bunlar masanın üzərində bir pazlı xatırladır. Bizim potensial istehlakçılarla fəal dialoq aparmağımız, sərmayədarlarla, maraqlı tərəflərlə həm istehsalat, həm də distribütor işlərində, həmçinin qiymətlə bağlı danışıqlar aparmaq kimi qarşımızda görüləsi çox iş dayanır”.