Azərbaycan kəndi öz müasirliyi, inkişafı ilə bir neçə ildən sonra dünyaya örnək olacaq
Bu gün Azərbaycan Cənubi Qafqaz regionunda ən güclü iqtisadiyyata malik olan ölkədir. Son 19 ilə yaxın zaman ərzində ölkənin dayanıqlı inkişafının təmin edilməsi istiqamətində atılan bir sıra mühüm addımlar həm də iqtisadiyyatımızın inkişafının təkcə enerji sektoru üzərində köklənmədiyini, başqa sferaları da əhatə etdiyini göstərir.
Söylənilənlər kontekstindən ümumi mənzərəyə nəzər yetirsək görərik ki, Azərbaycanın sürətli sosial-iqtisadi inkişaf dinamikasında regionların payı ilbəil artır. Dövlət başçısının bəyan etdiyi kimi son illərdə bütün rayonlarda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində geniş abadlıq-quruculuq işləri görüldü, böyük infrastruktur layihələri icra edildi və uzun illər ərzində insanları narahat edən problemlərin böyük hissəsi aradan qalxdı.
Xatırladaq ki, 2004-cü ildən etibarən Azərbaycanda hər dörd ildən bir Dövlət Proqramı icra olunur. Bu proqramların icrası, həyata keçirilən yeni layihələr bölgələrimizin inkişaf potensialının artmasına, biznes və investisiya mühitinin, infrastruktur təminatının və bir sıra xidmət sahələrinin keyfiyyətinin yaxşılaşmasına, əhalinin rifahının yüksəlməsinə şərait yaradıb. Hazırda regionlar iqtisadi fəallıq və xarici sərmayələrin cəlb edilməsi baxımından müasir tələblərə tam cavab verir. Qeyd etmək lazımdır ki, sayca dördüncü “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” da rayon, qəsəbə və kəndlərin sosial-iqtisadi inkişafının sürətlənməsini təmin etməklə Milli Prioritetlərdə qarşıya qoyulmuş məqsədlərə nail olunması işinə öz töhfələrini verməkdədir.
Ümumi sosial-iqtisadi inkişafda regionların tərəqqisinin əhəmiyyəti və zəruriliyi barədə danışan Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bir daha xatırlatdı ki, cənab İlham Əliyev Azərbaycan Prezidenti seçildiyi ilk gündən regionların inkişafı, şəhər və kəndlərimizin mədəni simasının dəyişdirilməsi, yolların salınması, qaz, işıq, su problemlərinin həlli, o cümlədən yerlərdə sahibkarlara yaradılan şərait diqqət mərkəzində olmuşdur: “2003-cü ildən başlayaraq artıq regionların sosial iqtisadi inkişafına dair Dövlət proqramları uğurla həyata keçirilməkdədir. Artıq dördüncü proqramın həyata keçirilməsinə start verilmiş və bu istiqamətdə çox mühüm işlər görülməkdədir. Əlbəttə, regionların sosial-iqtisadi inkişafı həm əhalinin sosial rifah halının yaxşılaşdırılmasına, həm də yerlərdə nəinki aqrar sektorun, sənaye müəssisələrinin, aqroparkların, sənaye məhəllələrinin yaradılmasına zəmin yaradır”.
“Bu gün işğaldan azad olunmuş ərazilərimizə nəzər salsaq orada möhtəşəm işlərin görülməsinin şahidi olarıq” söyləyən deputat bildirdi ki, həmin ərazilərdə bu gün nəinki təsərrüfatların genişləndirilməsi, eləcə də yeni müasir hava limanlarının inşası, körpülərin tikintisi, yolların çəkilməsi işləri uğurla davam etdirilir: “Regionların sosial-iqtisadi inkişafı ölkədə aqrar sektorun, sahibkarlığın inkişafı üçün geniş imkanlar yaratmışdır. Əldə olunan uğurlar bir daha söylənilənləri sübut edir. İşğaldan azad olunmuş ərazilərdə əkin üçün yeni torpaqlar hazırlanır. Nəzərdə tutulmuşdur ki, həmin ərazilərdə 100 min hektarlarla torpaq yararlaşdırılsın və əkin dövriyyəsinə daxil edilsin. Yerlərdə yeni məktəblərin, tibb müəssisələrinin inşası qarşıya bir məqsəd kimi qoyulmuşdur. Əhalinin Zəngilanın Ağalı kəndinə köçürülməsi, yeni yaşayış məskənlərinin hazırlanması gələcək uğurlarımızın təminatı üçün çox vacibdir”.
Ölkə iqtisadiyyatının tərəqqisi regionların sosial-iqtisadi inkişafı ilə mütənasibdir. Hazırda əsas diqqət işğaldan azad olunmuş ərazilərin bərpasına yönəlsə də digər bölgələrimiz də diqqətdən kənarda qalmır. T.Rzayev bu məsələyə də diqqəti yönəldərək qeyd etdi ki, bunu dövlət başçısı İlham Əliyevin regionlarımıza səfərləri, rayonlara yeni təyin olunan icra hakimiyyəti başçılarını qəbul edərkən səsləndirdiyi fikirlər bu sahədə həyata keçirilən dövlət siyasətinin təzahürüdür: “ Prezident İlham Əliyev regionlarımıza səfərləri zamanı o regionlarda vəziyyətin gedişi, işlərin tamamlanması və yeni planların həyata keçirilməsi üçün əlavə tapşırıqlarını verir. Bu gün Azərbaycan dünyanın ən inkişaf edən, iqtisadi cəhətdən davamlı olan ölkələrindən biridir. İş adamlarının Azərbaycana gəlmək arzusu bunu bir daha təsdiqləyir. Hazırda ölkəmizin elə bir kəndi yoxdur ki, orada işıq, qaz problemi olsun. Ölkədə qazlaşdırılma artıq 97 faiz həyata keçirilib. Enerji problemi yoxdur. Su probleminin aradan qaldırılması üçün əsaslı tədbirlər görülür. Bunun üçün yeni layihələr hazırlanır. Yeni su anbarları artıq tikilməkdə, təmir olunmaqdadır. Əlbəttə ki, regionların sosial-iqtisadi inkişafı ölkə iqtisadiyyatının inkişafı və davamlı olması üçün bir zəmanətdir. Ölkə Prezidentinin həyata keçirdiyi tədbirlər bir daha göstərir ki, Azərbaycan kəndi öz müasirliyi, inkişafı ilə bir neçə ildən sonra dünyaya örnək olacaqdır”.
Günel Eyyubova, “İki sahil”
Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk - XİN