08 sentyabr 2022 13:14
560

Sadiq Qurbanov: Yeni reallıqlar “Siyasi partiyalar haqqında” yeni qanunun qəbulunu zəruri edir  

“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi siyasi sistemin inkişafına müsbət töhfə verəcək

Məlum olduğu kimi Milli Məclisin sədri Sahibə Qafarovanın tapşırığına əsasən, parlamentdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması üzərində böyük iş həyata keçirilib. Ölkəmizdə dövlət qeydiyyatına alınmış 39 siyasi partiya yeni qanun layihəsi ilə bağlı təkliflərini artıq Milli Məclisə təqdim edib. Yeni qanun layihəsinin hazırlanması prosesində 20-dən çox ölkənin bu sahədə təcrübəsi və Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi üzrə 2010-cu və 2020-ci illərdə qəbul etdiyi tövsiyələri də nəzərdən keçirilib. “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin geniş müzakirəsi məqsədilə Milli Məclisdə ictimai dinləmələrin keçirilməsi nəzərdə tutulub. Hesab edirəm ki, “Siyasi partiyalar haqqında” yeni qanunun qəbul olunmasına böyük ehtiyac var. Əvvəla onu qeyd edim ki, hazlrda qüvvədə olan “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanunu  1992-ci il 3 iyun tarixində, yəni,  30 il bundan əvvəl qəbul edilib. Bu qanunun qəbulundan keçən müddət ərzində ölkəmizdə çox dəyişiklik olub və dəyişikliklər Milli Məclis tərəfindən bu istiqamətdə müəyyən addımların atılmasını zəruri edirdi.

Bu sözləri KİV-ə açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, millət vəkili Sadiq Qurbanov bildirib.

Millət vəkili qeyd edib ki, son illərdə bütün sferalarda həyata keçirilən islahatlar ölkəmizin daha da uğurla inkisar etməsi, müasir dövrün çağırışlarına uyğunlaşması üçün böyük önəm kəsb edir: “Eyni zamanda, siyasi islahatların tərkib hissəsi olaraq formalaşan yeni siyasi konfiqurasiya ölkəmizdə yeni mərhələnin əsasını qoyub. Bununla yanaşı nəzərə almaq lazımdır ki,  Azərbaycan dövləti 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanıb və bu qələbədən sonra yaranan yeni reallıqlar ölkəmizin yeni inkişaf mərhələsinə keçidini təmin edib. Siyasi münasibətlərə baxış dəyişib və ölkədə formalaşan yeni siyasi düzən “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması zərurətini ortaya çıxarıb.  Yeni qanun layihəsinin hazırlanması prosesi tamamilə demokratik formada təşkil edilib və dövlət qeydiyyatına alınmış 39 siyasi partiyanın layihə ilə bağlı təkliflər təqdim etməsinə şərait yaradılıb. Bu isə onu göstərir ki, yeni qanun layihəsinin hazırlanması prosesində bütün siyasi partiyaların iştirakı təmin edilib.”

Sadiq Qurbanov yeni dövrün tələblərinə uyğun olan yeni qanun layihəsinin hazırlanmasını mütərəqqi addım kimi dəyərləndirərək ictimai dinləmənin keçirilməsini müsbət qiymətləndirib: “Qanun layihəsi parlamentdə, komitə iclaslarında müzakirəyə çıxarılmazdan əvvəl onun ictimai müzakirəsi təşkil ediləcək. Bu isə onu göstərir ki, prosesin demokratik və şəffaf keçməsi, ictimai əlçatanlığı tam təmin edilməsi üçün mümkün olan bütün şərait yaradılıb. Hazırlanan layihə ilkin variantdır və geniş ictimai müzakirədən, səsləndirilən təkliflərin nəzərə alınmasından sonra hazırlanacaq sənəd parlamentin müzakirəsinə çıxarılacaq. Hesab edirəm ki, ictimai süzgəcdən keçərək hazırlanacaq yen qanun layihəsi ölkəmizdə yeni formalaşan siyasi konfiqurasiyaya uyğun olaraq siyasi sistemin daha da inkişaf etməsinə öz müsbət töhfəsini vermiş olacaq.”