Müasir çağırışlara cavab verən demokratik proseslərin sürətləndiyi Azərbaycanda cəmiyyətin siyasi, iqtisadi, sosial həyatı daim dəyişir və buna uyğun olaraq qanunvericilik bazası da yenilənir. İctimaiyyətimiz bu inkişafı siyasi sferada da müşahidə edir. Bu baxımdan siyasi dialoq həmin prosesdə xüsusi əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyev 2020-ci il il martın 10-da altıncı çağırış Milli Məclisin ilk iclasındakı nitqində milli və siyasi həmrəyliyin daha da gücləndirilməsi istiqamətində görülən işlərin, həyata keçirilən tədbirlərin məqsədi və nəticələri haqqında demişdir: “Prezident Administrasiyasının nümayəndələri son vaxtlar, demək olar ki, bütün siyasi qüvvələrin rəhbərləri ilə görüşlər keçirir. Mənə bu görüşlər haqqında müntəzəm olaraq məruzə edilir. İndiki genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır. Siyasi islahatlar partiyalararası geniş dialoq olmadan həyata keçirilə bilməz… Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır. Qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq və Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq”.
Ölkə başçısının islahatlar kursu, çoxpartiyalı sistemin inkişaf perspektivləri, ölkənin tolerant və sülhpərvər imicinin qorunması və digər aktual ictimai-siyasi mövzular müzakirə edilir. Respublikamızda dayanıqlı inkişafın, siyasi sabitliyin, həmrəylik mühitinin və demokratik ənənələrin təminatçısı olan siyasi dialoqun qorunması və inkişaf etdirilməsi dövlət siyasətinin strateji vəzifələrindən biridir. Bu istiqamətdə demək olar ki, bütün potensiallar səfərbər edilib.
Bu günlərdə geniş ictimai müzakirəyə təqdim edilən “Siyasi partiyalar haqqında” qanun layihəsi qırx dörd günlük Vətən müharibəsindəki tarixi Zəfərdən sonra ölkəmizdə yaranmış yeni reallıqlardan doğan zərurətdir desək, yanılmarıq. Yeri gəlmişkən, hazırda qüvvədə olan “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu 1992-ci il 3 iyun tarixində qəbul edilib. Şübhəsiz, ötən 30 ildə siyasi münasibətlərə baxış dəyişib və ölkədə formalaşan yeni siyasi düzən hüquqi müstəvidə də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımların atılmasını vacib edirdi.”
Qeyd edək ki, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması zamanı ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların təklifləri ilə yanaşı, beynəlxalq təcrübə də öyrənilib. Məsələn, Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi üzrə 2010-cu və 2020-ci illərdə qəbul etdiyi tövsiyələr, həmçinin 20-dən artıq ölkənin təcrübəsi nəzərdən keçirilib. Yeri gəlmişkən, hazırda Milli Məclisin saytında yerləşdirilmiş layihə ilkin variantdır. Belə ki, 2022-ci il iyulun 26-da Milli Məclis tərəfindən “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması prosesinə başlandığı barədə mətbuatda məlumat verilib. Daha sonra ictimaiyyətin, siyasi partiyaların, vətəndaş cəmiyyəti təşkilatlarının, ekspertlərin, dövlət orqan və qurumlarının sənədlə tanış olması, ictimai dinləmə üçün qanun layihəsi parlamentin saytında yerləşdirilib. Yeni qanun layihəsi ilə bağlı artıq 39 siyasi partiya öz təkliflərini rəsmi olaraq Milli Məclisə təqdim edib.
“Siyasi partiyalar haqqında” yeni qanun layihəsində siyasi partiyaya dövlət maliyyə yardımı ilə bağlı yeni tələblər müəyyənləşir. Layihəyə əsasən, siyasi partiyanın fəaliyyətinin bu Qanuna uyğun olaraq maliyyələşdirilməsi üçün dövlət tərəfindən maddi yardım ayrılır və bu məqsədlə hər il dövlət büdcəsində ayrıca sətirlə göstərilməklə vəsait nəzərdə tutulur. Maliyyə hesabatını müvafiq qaydada təqdim etməyən siyasi partiyalara dövlət maliyyə yardımı ödənilməyəcək. Layihəyə əsasən, siyasi partiya bu Qanunla müəyyən edilmiş tələbləri nəzərə almaqla “Mühasibat uçotu haqqında” Qanuna uyğun olaraq mühasibat uçotunu aparır və maliyyə hesabatını tərtib edir.
Bundan başqa, yeni qanun layihəsində siyasi partiyalara ianələrlə bağlı yeni tələblər müəyyənləşir. Siyasi partiya qəbul etdiyi və ya vəd edilən ianə müqabilində, ianə verən şəxsə və ya hər hansı digər şəxsə birbaşa, yaxud dolayı yolla maddi və sair nemət, hər hansı imtiyaz və ya güzəşt verə bilməz, belə təkliflə çıxış edə və ya belə vəd verə bilməz. Layihəyə əsasən, siyasi partiya digər ölkələrin siyasi partiyaları ilə əməkdaşlıq edə, o cümlədən sazişlər bağlaya bilər. Siyasi partiya siyasi partiyaların beynəlxalq ittifaqlarına üzv ola bilər.
“Siyasi partiyalar haqqında” yeni qanun layihəsində göstərilir ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər siyasi partiyanın üzvü ola bilməyəcəklər. Həmçinin siyasi partiyaya üzvlük irqi, etnik, dini, dil, cinsi, mənşə, əqidə və sosial mənsubiyyətinə görə məhdudlaşdırıla bilməz. Eləcə də Azərbaycan Respublikası məhkəmələrinin hakimləri, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), hərbi qulluqçular, həmçinin prokurorluq, ədliyyə, daxili işlər, gömrük, fövqəladə hallar, miqrasiya, xarici işlər, vergi orqanlarının xüsusi rütbəli əməkdaşları, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının üzvləri, baş direktoru və onun müavinləri, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin və Hesablama Palatasının üzvləri, din xadimləri, notariuslar siyasi partiyanın üzvü ola bilməzlər və siyasi partiyanın fəaliyyətində iştirak edə bilməzlər. Həmin şəxslər işə xidmətə başlamazdan qabaq siyasi partiyanın üzvlüyündən çıxmalıdırlar və.s.
Nəhayət, əminliklə demək olar ki, ictimaiyyətin açıq müzakirəsinə verilən, demokartik prinsiplərə uyğun hazırlanan “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ölkəmizdə siyasi münasibətlər sisteminə modernləşmə, rasionallıq gətirərək siyasi sistemin palitrasını daha da zəngiləşdirəcək.
Zahid Rza, “İki sahil”