«Əsrin müqaviləsi»nin imzalanmasından ötən 28 il əməkdaşlığın coğrafiyasının genişlənməsi ilə müşayiət olunub
Enerji təhlükəsizliyi əslində hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir. Ölkə Prezidenti çıxışlarında daim bildirir ki, bu gün enerjini siyasətdən, iqtisadiyyatdan ayırmaq qətiyyən mümkün deyil. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində hamımız tərəfdaşlarımızla iştirak edəcəyik. Bu məqam da önə çəkilir ki, əgər əvvəlki dövrlərdə enerji sahəsində məsələlər öz həllini tapmasaydı, Cənub Qaz Dəhlizindən söhbət belə gedə bilməzdi.
Əməkdaşlığın coğrafiyasının genişlənməsi Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsinin təqdimatıdır. Belə ki, əvvəlcə regional çərçivədə qurulan əməkdaşlıq illər keçdikcə beynəlxalq miqyas aldı. Çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz kəmərlərinin reallığa çevrilməsi ilə Azərbaycan regional inkişafın aparıcı qüvvəsinə çevrildi. Ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin uğurlu icrası nəticəsində dövlətlər, xalqlar arasında körpü daha da möhkəmləndi, yeni tərəfdaşlar qazandıq. Bu gün Cənub Qaz Dəhlizi layihəsinin perspektivlərindən bəhs etməyimiz də bunun nəticəsidir. Dövlət başçısı İlham Əliyev Cənub Qaz Dəhlizinin 2014-cü ildə keçirilən təməlqoyma mərasimində bu hadisəni görülən işlərin zirvəsi kimi dəyərləndirdi.
Ötən yazımızda Azərbaycanın enerji sektorunda malik olduğu imkanların təqdimatında Beynəlxalq Neft-Qaz sərgilərinin rolundan bəhs etdik. Amma son illər ənənəvi olaraq keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısı da bu sahədə əldə olunan uğurların təqdimatında və hədəflərin müəyyənləşdirilməsində mühüm rol oynayır. Bir illik dövrdə Azərbaycanın enerji sektorunda qazandığı nailiyyətlər hər zaman təqdir edilir. Təbii ki, bu, ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlarıdır.
Rəqabət qabiliyyəti baxımından MDB məkanında birinci olan Azərbaycanın iqtisadi uğurlarını təmin edən, regionda sülhün təminatı üçün səylərini artıran neft-qaz amilinin əhəmiyyəti bütün səviyyələrdə xüsusilə vurğulanır. Ölkə Prezidenti bildirir ki, biz öz enerji təhlükəsizliyimizi çoxdan təmin etmişik və bu gün başqa ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində öz rolumuzu oynayırıq. Bu rol müsbət roldur. Bunu bizim tərəfdaşlar qiymətləndirirlər. Azərbaycan heç vaxt öz enerji resurslarından başqa məqsədlər üçün istifadə etməmişdir. Bizim bu sahədəki fəlsəfəmiz və yanaşmamız ondan ibarətdir ki, enerji resursları əməkdaşlığı dərinləşdirməlidir, birliyi möhkəmləndirməlidir və əlbəttə ki, biz bu siyasəti apararaq öz milli maraqlarımızı təmin edirik. Bu gün həm bölgədə, həm dünyada bizim maraqlarımız təmin edilir.
Azərbaycan hazırda Avropanın etibarlı tərəfdaşı kimi tanınır və nüfuz qazanıb. Ölkəmizin Avropa İttifaqı (Aİ), eyni zamanda, quruma üzv dövlətlərlə əlaqələrinin inkişafı göz önündədir. Bu günlərdə Prezident İlham Əliyev İtaliyaya işgüzar səfəri zamanı Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda 48-ci Beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışında bir daha ölkəmizin enerji siyasətindən geniş bəhs edərək bildirdi ki, enerji strategiyamız mərhələlərə bölünüb. 1994-cü ildə müstəqilliyimizin bərpasından, sadəcə, üç il keçmişkən ilkin mərhələdə biz dünyanın aparıcı enerji şirkətlərini Xəzər dənizində çalışmağa dəvət edən ilk ölkə olduq. Tezliklə biz Avropa bazarına, əsasən də İtaliyaya neft ixrac edən ölkəyə çevrildik. İki strateji neft boru kəmərinin inşası ilə Avrasiyanın enerji xəritəsinin dəyişdirilməsi prosesində təşəbbüsü üzərimizə götürdük. Enerji strategiyamızın ikinci mərhələsi nəhəng qaz yataqlarının istismarı ilə bağlı idi. Azərbaycan son 10 il ərzində qonşu ölkələr bazarında etibarlı təchizatçıdır. Lakin mövcud potensial və qaz infrastrukturuna sərmayə yatırmaq planlarımızı nəzərə alsaq, bizim böyük qaz təchizatı boru kəmərinin inşasına ehtiyacımız var idi. Biz bunu Cənub Qaz Dəhlizi adlandırdıq.
Dövlət başçısı İlham Əliyev bu məqamı da xüsusi qeyd edir ki, artan ehtiyacı təmin etmək üçün sıx əməkdaşlığa və əlaqələndirməyə ehtiyacımız var. Bu məqsədlə artıq Avropa İttifaqı və Azərbaycan arasında enerji ilə bağlı dialoqa start vermişik.
Məlum olduğu kimi, Avropa Komissiyasının rəsmilərinin ölkəmizə səfərləri çərçivəsində keçirilən görüşlərdə də hər zaman bu inam ifadə edilmişdir ki, Azərbaycan Avropa İttifaqına mümkün qədər yaxın olmaq arzusundadır və bu əlaqələrin gələcəkdə böyük potensialı vardır. 2011-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında imzalanan «Cənub Qaz Dəhlizi haqqında» Birgə Bəyannaməni əlaqələrin inkişafında başlanğıc kimi dəyərləndirən qurum rəsmiləri Azərbaycanın bu gün Avropa İttifaqının ən böyük və etibarlı enerji tərəfdaşlarından biri olduğunu bildirmişdilər. Qeyd edək ki, 2011-ci ildə imzalanan Birgə Bəyannamədə ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminatında rolu yüksək qiymətləndirilərək, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün böyük potensialın mövcudluğu bildirilmişdir. Dövlət başçısı, eyni zamanda, bu əminliyi ifadə etmişdir ki, imzalanmış sənədlər uğurla həyata keçiriləcək və Azərbaycan qaz potensialından öz xalqının rifahı, ölkəmizin gələcək inkişafı və Avropadakı tərəfdaşlarının enerji təhlükəsizliyinin təmin edilməsi üçün istifadə edəcəkdir. Bu tərəfdaşlıq nəinki illər, onilliklər boyu olacaq.
Əvvəldə də qeyd etdiyimiz kimi, dünya əhəmiyyətli enerji layihələrinin reallığa çevrilməsi ilə regional iqtisadi inkişafın aparıcı qüvvəsinə və Avratlantik məkanın enerji təhlükəsizliyinin təminatçısına çevrilən, iqtisadi artımın sürətinə görə dünya dövlətləri arasında birinciliyini qoruyan Azərbaycanın inkişaf strategiyası qabaqcıl təcrübə kimi nümünə göstərilir. Enerji amilinin gündəlikdə prioritet məsələlərdən biri kimi dayandığını qeyd edən Prezident İlham Əliyev bildirir ki, enerji siyasəti dostluğa və əməkdaşlığa xidmət etməli, millətləri, xalqları bir-birinə birləşdirməlidir. Avropa İttifaqına daxil olan 27 dövlətin maraqlarına uyğun olan Azərbaycanın enerji siyasəti bolgədə regional əməkdaşlığın genişlənməsi üçün etibarlı təminatdır. Xarici ölkələrə səfərləri zamanı da Azərbaycanın iqtisadi imkanlarına diqqəti yönəldən, enerjinin nəql olunması sisteminin şaxələndirilməsində ölkəmizin rolunu xüsusi vurğulayan, gerçəkləşməsi çoxlarına əfsanə kimi görünən layihələrin reallaşması üçün təşəbbüskarlığını artıran Prezident İlham Əliyev bu mövqeyi açıqlayır ki, Azərbaycanın tərəfdaş, müəllif və təşəbbüsçü kimi iştirak etdiyi butun layihələrdə xalqın milli maraqları, dövlətin mənafeyi hər şeydən üstün tutulmalıdır.
Ölkəmizin qitə dövlətləri üçün etibarlı tərəfdaş olması daim qeyd olunur. Prezident İlham Əliyev ölkəmizin daim marağında olan enerji layihələrinin şaxələndirilməsi prinsipinin diqqətdə saxlanılacağını vurğulamaqla qeyd edir ki, Avropa Azərbaycan qazı üçün mühüm bazara çevriləcək, eyni zamanda, Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyinə xidmət edən önəmli layihədir.
Dünya enerji bazarında mövqeləri möhkəmlənən, investisiya imkanları artan Azərbaycanın təşəbbüsləri dəstəkləndiyi kimi, mövqeləri də möhkəmlənməkdədir. Dövlət başçısı bir məqamı da xüsusi qeyd edir ki, birinci böyük layihələrin icrası nəticəsində bizim şirkətlərimiz, demək olar ki, ayağa qalxa bilmişlər, kapital, təcrübə toplamışlar. Ondan sonra Azərbaycana investisiya qoymağa başlamışlar. Mən də onlara bunu tövsiyə edirdim və eyni zamanda, Azərbaycanda belə bir şərait yaratmışıq ki, buraya investisiya qoymaq ən sərfəli yoldur. İndi başqa ölkələrə investisiya qoymaq, əlbəttə ki, lazımdır və biz də dövlət kimi bunu edirik. Bu fikir də hər zaman önə çəkilir ki, sabitlik iqtisadi inkişafın əsas məsələsidir. Dövlət başçısı İlham Əliyev cari ilin 6 ayının yekunlarına həsr olunan müşavirədə «Ölkəmizdə sabitlik, əmin-amanlıq, xalq-iqtidar birliyi, milli həmrəylik - bütün bunlar çox önəmli amillərdir» söyləyərək bildirmişdir ki, bu gün dünyada gedən proseslərə nəzər saldıqda görürük ki, bəzi yerlərdə investisiyalar üçün ümumiyyətlə şərait yoxdur. Çünki investor riskli ölkəyə getməz. Biz o vaxt - 1990-cı illərin əvvəllərində ən riskli sayılan ölkəyə Ulu Öndərin yorulmaz səyləri nəticəsində milyardlarla dollar investisiya gətirə bilmişik. Haraya? Neft sektoruna. Heç qaz layihələrinə o qədər də maraq yox idi. Çünki bizim üçün ən cəlbedici sektor bu idi. Amma bu gün qeyri-neft sektoruna investisiya qoymaq üçün böyük şirkətlər müraciət edir və müraciətlərin sayı artır: «Çünki bütün bu amillərin vəhdəti bunu təmin edir. İnvestisiya iqlimi, böyük şirkətlərlə bizim əməkdaşlığımız, siyasi sabitlik, əlbəttə, İkinci Qarabağ müharibəsindəki Qələbə investorları daha da inandırdı. Çünki artıq müharibə riskləri yoxdur. Eyni zamanda, Azərbaycana olan münasibət, onsuz da müsbət münasibət daha da müsbətə doğru dəyişdi.»
«Əsrin müqaviləsi»nin imzalanmasından ötən 28 ililk yola bəldçilik edən uğurlarımızın fonunda bu fikri böyük inamla qeyd edə bilərik ki, neft-qaz layihələrimiz, kəmərlərimiz Azərbaycanı dünya miqyasında çox önəmli enerji hasilatçısı kimi ciddi ölkəyə çevirib. Azərbaycanın bu gün beynəlxalq münasibətlər sistemində yerinin və rolunun hansı səviyyədə olmasına, eyni zamanda, «Əsrin müqaviləsi»ndən ötən dövr ərzində uğurlarımıza və Cənub Qaz Dəhlizinin əhəmiyyətinə işıq salan çox sayda fikirləri qeyd edə bilərik. Ümumi rəy bundan ibarətdir ki, Azərbaycanın gələcəyə hesablanmış inkişaf strategiyası daha böyük uğurlara stimul verir.
Cari ilin 6 ayının yekunlarına həsr olunan müşavirədə də «Əlbəttə ki, ölkəmizin həm beynəlxalq nüfuzu artır, imkanları artır, gəlirləri artır, biznes şəraiti yaxşılaşır» söyləyən dövlət başçısı İlham Əliyev bildirmişdir ki, energetika nəqliyyatla bərabər bundan sonra da bizim üçün əsas sektorlardan biri olacaq. Nəqliyyat sahəsində də artım var. Tranzit yüklərin həcmi təxminən 30 faiz artıb. Bizim coğrafi yerləşməyimiz və yaradılmış infrastruktur, əlbəttə, imkan verir ki, biz çox önəmli tranzit ölkəsinə çevrilək.
Azərbaycanla Avropa İttifaqı, eyni zamanda, quruma üzv dövlətlər arasında əlaqələrin yüksələn xətlə inkişafından bəhs edərkən «Tərəfdaşlıq prioritetləri» sənədinini ardınca bu il Azərbaycan ilə Aİ arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumun imzalanmasını xüsusi qeyd etməliyik. Sənədlərin imzalanmasından sonra Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen mətbuata bəyanatlarında Azərbaycanla qurum arasında əməkdaşlığın perspektivlərindən danışdılar. Cənab İlham Əliyev bildirdi ki, bizim enerji sahəsində əməkdaşlığımızın 15 ildən çox tarixi var. Bugünkü sənəd Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində imzalanmış ilk sənəd deyil: «Biz 2006-cı ildə də sənəd imzalamışıq. 2011-ci ildə Cənub Qaz Dəhlizi ilə bağlı sənəd imzalanıb. Beləliklə, bizim əməkdaşlığımızın uğurlu tarixi var.» Dövlət başısı İlham Əliyev imzalanan Memorandumu əməkdaşlığın gələcəyi üçün yol xəritəsi kimi dəyərləndirdi. Bu reallıq bir daha diqqətə çatdırıldı ki, indiyə qədər nələri planlaşdırmışdıqsa, onlara da nail olmuşuq, gələcək planlarımıza da müvəffəq olacağıq. Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen Azərbaycanın bərpa olunan enerji sahəsində çox böyük potensialı olduğunu vurğulayaraq qeyd etdi ki, Azərbaycan Prezidenti ilə görüşdə xüsusilə dənizdə külək enerjisi və yaşıl hidrogen enerjisi ilə bağlı müzakirələr aparıldı. Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanan enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu ilə biz bu sahədə möhkəm əməkdaşlıq üçün güclü zəmin yaratmış olduq. Bununla da Azərbaycan tədricən Avropa İttifaqının neft və qaz təchizatçısından daha çox etibarlı bərpaolunan enerji təchizatçısına çevriləcək.
Göründüyü kimi, etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirən Azərbaycan malik olduğu iqtisadi potensialdan səmərəli istifadə etməklə yeni dostlar, tərəfdaşlar qazanır. Bugünümüzün reallıqları ulu öndər Heydər Əliyevin «Əsrin müqaviləsi»nin imzalanmasından öncə söylədiyi «Dünya təcrübəsi göstərir ki, heç bir ölkə beynəlxalq əməkdaşlıq, təcrübə mübalidəsi olmadan, səylər və ehtiyatlar birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz» fikirlərinin təsdiqidir. Azərbaycanın enerji tərəfdaşlarının sayı artdıqca, layihələrdə iştirak edən dövlətlərin coğrafiyasının genişlənməsi gələcəyə daha böyük inamla addımlamağa stimul verir. Dövlət başçısı İlham Əliyevin sentyabrın 15-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə bu ölkəyə səfəri, Şamxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Sammitindəki çıxışı da tarixi Zəfərimizdən sonra Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan roluna, eyni zamanda, əldə etdiyi uğurlara aydınlıq gətirdi. Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanlarından geniş bəhs edən cənab İlham Əliyev bildirdi ki, ölkəmiz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verib. Hazırda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu, ildə 25 milyon tona qədər artırıla bilər. Bu ilin ilk 7 ayında Azərbaycan ərazisindən keçən tranzit 50 faizə yaxın artıb. Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir. Bakı Gəmiqayırma Zavodu bütün növ gəmilər istehsal edə bilir. Son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib. Bu gün Azərbaycan 2020-ci il İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkir. Azərbaycan 18 təyyarə ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdir. 2024-cü ilin sonuna qədər ölkədə beynəlxalq hava limanlarının ümumi sayı bugünkü 7-dən 9-a çatdırılacaq. Ümumilikdə Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Zəngəzur dəhlizi açıldıqdan sonra bu, region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaq.
Azərbaycanın enerji sektorunda qazandığı uğurlar, nəqliyyat-logistika imkanlarının artması, son 19 ilə yaxın dövrdə iqtisadiyyatın şaxələndirilməsi içtiqamtəində atılan addımlar və yüksək nəticələr yeni neft strategiyasının uğurlarının təqdimatında əhəmiyyətli rol oynayır. Neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişafı prioritet məsələ kimi öndədir. Hazırda işğaldan azad edilmiş ərazilərimizin malik olduğu iqtisadi imkanlardan səmərəli istifadəni təmin etmək üçün araşdırmalar aparılır, Milli Prioritetlərin icrasına başlanılıb. Ölkəmizin enerji siyasətinin üçüncü mərhələsi kimi dəyərləndirilən bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılması məsələsi geniş müzakirə edilir. Azərbaycan enerji tərəfdaşlarını bu ilin iyun ayında mədəniyyət paytaxtımız Şuşada bir araya gətirəndə bu sahədə əməkdaşlığa dair sənədlər imzalandı. Bir sözlə, Azərbaycanın dayanıqlı inkişafı üçün möhkəm təməl olmaqla yanaşı, yeni imkanlar da yaranır. Bu, düzgün qurulan, düşünülmüş və məqsədyönlü siyasətin nəticəsidir. Ulu öndər Heydər Əliyev iqtisadiyyatın inkişafında neft amilin xüsusi önəm verməklə bugünümüz üçün təməl yaratdı. Cənab İlham Əliyev bu təmələ əsaslanaraq iqtisadiyyatın şaxələndirilməsinin vacibliyini vurğuladı. Azərbaycanın hər bir çətinlikdən uğurla çıxmasında iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması əhəmiyyətli rol oynayır.
Yeganə Əliyeva, «İki sahil»
Muxtar Babayev Efiopiyanın xarici işlər naziri ilə COP32-nin prioritetlərini müzakirə edib
Prezidentin sosial şəbəkə hesablarında Gürcüstanın Baş nazirinin müavininin qəbulu ilə bağlı paylaşım edilib
Prezidentin sosial şəbəkə hesablarında Almaniyanın xarici işlər nazirinin qəbulu ilə bağlı videoçarx paylaşılıb