Ziyafət ƏSGƏROV,
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri
Azərbaycana xəyanət yolu tutanları, qələbəmizə kölgə salanları xalq heç vaxt əfv etməyəcək
Sentyabrın 12-14-də Azərbaycan-Ermənistan dövlət sərhədində baş verənlər, daha dəqiq desək Ermənistan ordusunun bu istiqamətdəki hərbi infrastrukturunun, gücləndirilmiş atəş nöqtələrinin, dəyəri yüz milyonlarla ABŞ dolları olan hərbi texnikasının və çoxsaylı canlı qüvvəsinin məhv edilməsi bəlli həqiqətlərə yeni işıq saldı. Silahlı Qüvvələrimizin bölmələrinin həyata keçirdikləri cavab bir daha tədbirləri göstərdi ki, «Dəmir yumruq» həmişə ayıq-sayıqdır və düşmənin istənilən təxribatçı hərəkətinin qarşısı dərhal alınır. Ermənistanın hərbi avantürasının iflasa uğraması ilə nəticələnən bu hadisə Azərbaycan dövlətinin gücünün, Silahlı Qüvvələrimizin yüksək döyüş hazırlığının və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev qətiyyətinin növbəti təntənəsi oldu.
Bütün siyasi dairələr Vətən müharibəsinin yaratdığı reallıqları qəbul edirlər
Cəmi bir neçə gündən sonra 44 günlük İkinci Qarabağ müharibəsinin başlanmasının ikinci ili tamam olacaq. Dövlətimizin qüdrətinin, xalqımızın birliyinin təntənəsinə çevrilən bu savaşı tariximizi şərəfləndirən qələbə ilə başa vuran Azərbaycan beynəlxalq konvensiyalarla, o cümlədən BMT Nizamnaməsi ilə təsbit olunmuş hüquqlarını güc yolu ilə təmin etdi.
Müharibənin başa çatmasından dərhal sonra Qarabağ və Şərqi Zəngəzurda aparılan sürətli bərpa və yenidənqurma işləri bir daha Azərbaycan dövlətinin gücünü, Prezident İlham Əliyevin qurucu qətiyyətini dünüyaya nümayiş etdirir. Eyni zamanda respublikamız qlobal siyasi-diplomatik sferada da fəal iş aparır və təsadüfi deyil ki, bu gün bütün siyasi mərkəzlər Azərbaycanın haqq işinə, tarixi ədaləti bərpa etməsinə ehtiramla yanaşırlar. Azərbaycanın yürütdüyü qətiyyətli siyasətin nəticəsi olaraq ermənipərəst mövqeyi ilə tanınan siyasi dairələr də müharibənin nəticələrini qəbul edirlər. Beləliklə, dünya 44 günlük müharibənin nəticələrini tanıyır və regionda yaranmış yeni reallıqları bölüşür.
Elə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdarılması və sülhün əldə edilməsi istiqamətində «Brüssel formatı»ndakı danışıqlar da yeni reallıqların məzmununa uyğun aparılır. Bu reallıqlarda nə Ermənistanın «status» iddialarına yer verilir, nə «Dağlıq Qarabağ» ifadəsi işlədilir, nə də ki, Minsk qrupunun adı çəkilir.
Azərbaycanın zəfərinin, Ermənistanın isə məğlubiyyətinin təsdiqi olan 2020-ci ilin 10 noyabr üçtərəfli bəyannaməsi də Ermənistanın üzərinə öhdəliklər qoyaraq, regiondakı reallıqların istiqamətlərini hüquqi baxımdan təsbit edib. Bunlar bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi, Azərbaycanın qərb rayonları və Naxçıvan arasında nəqliyyat əlaqəsinin yaradılmasıdır. Bu məsələdə İrəvan təhlükəsizliyə zəmanət verməklə bağlı üzərinə öhdəlik götürüb.
Ordumuz strateji baxımdan hərbi üstünlüyünü daha da gücləndirdi
İndiyə kimi Brüssel formatında 4 dəfə üçtərəfli görüş keçirilib. Lakin Ermənistan hər dəfə danışıqlardan sonra razılaşdırılmış məsələləri, münasibətlərin normallaşdırılması ilə bağlı təşəbbüsləri sabotaj edir, öhdəliklərinin icrasını bu və ya digər bəhanələrlə ləngidir. Məsələn, bu il aprelin 6-da Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə keçirilmiş üçtərəfli görüşdə sülh müqaviləsi üzrə danışıqlara başlamaq üçün İşçi Qrupun, həmçinin sərhədlərin delimitasiyası üzrə komissiyların tərkibini müəyyənləşdirmək barədə razılıq əldə olunsa da, Ermənistan nəzərdə tutulan müddətdə faktiki olaraq heç bir addım atmamışdı. Yalnız may ayında keçirilən növbəti üçtərəfli görüşdən sonra sərhədlərin delimitasiyasına dair ilk görüşün keçirilməsi mümkün olmuşdu.
Həmçinin qanunsuz erməni silahlı birləşmələrini Azərbaycan ərazisindən çıxarmaması, kommunikasiyaların və nəqliyyat marşrutlarının açılması isitqamətində prosesin pozulmasına yönəlmiş şərtlərin irəli sürülməsi, Ermənistanda istehsal olunan minaların son zamanlarda Laçın ərazisində yerləşdirilməsi İrəvanın münasibətlərin normallaşdırılmasının qarşısını kəsən məqsədyönlü və destrukiv fəaliyyətinin göstəricisidir.
Avqustun 31-də keçirilən növbəti Brüssel görüşündə isə sülh sazişinin hazırlanması ilə bağlı razılıq əldə olunmuşdu. Lakin Rusiyanın Vladivostok şəhərində keçirilən Şərq İqtisadi Forumundakı çıxışında Ermənistanın baş naziri Nikol Paşinyan faktiki olaraq yeni hərbi qarşıdurma iddiası səsləndirdi və bu açıqlama sentyabrın 12-də başlanan gərginliyin anonsu oldu. Bu çıxışdan bir neçə gün əvvəldən isə Azərbaycan Ordusunun mövqelərinin Ermənistan ərazisindən atəşə tutulması daha da intensvləşmişdi. Xüsusən tarixi Azərbaycan əraziləri olan Basarkeçər, Çəmbərək, Gorus, Qarakilsə və Tovuzqala rayonlarından Kəlbəcər, Laçın, Daşkəsən və Gədəbəy rayonları istiqamətlərində təxribatların həyata keçirilməsi sistemli hal almışdı.
Məsələ bu prizmadan yanaşanda aydın olur ki, sentyabrın 12-dən 13-ə keçən gecədən eirbarən dövlət sərhədinin Laçın, Kəlbəcər və Zəngilan rayonları istiqamətində başlanan gərginlik Ermənistanın revanşist siyasətinin, öhdəliklərin və razılaşdırılmış məsələlərin icrasını ləngitmək, bununla da mövcud vəziyyəti öz xeyrinə dəyişdirmək cəhdinin nəticəsidir. Amma bu cəhd bumeranq effekti verərək Ermənistanın özünə zərbə vurdu. Çünki son nəticədə Azərbaycan Silahlı Qüvvələri dövlət sərhədi istiqamətində Ermənistan ordusunun atəş nöqtələrini darmadağın etdi və strateji nöqteyi-nəzərdən hərbi üstünlüyünü daha da gücləndirdi. Ordumuz düşmənin Kəlbəcər və Zəngilan istiqamətlərində qurduğu, təhlükəsizliyimizə təhdid yaradan bütün hərbi təyinatlı obyektlərini elə darmadağın etdi ki, onların bərpası üçün Ermınistana illər lazım olacaq. Bərpa olunsa belə, onlar artıq Azərbaycana təhdid yarada bilməyəcək. Çünki ordumuz həmin dağlıq ərazidəki bütün nəqliyyat-kommunikasiya sistemini, strateji yüksəklikləri nəzarətə götürüb. Artıq nə indi, nə də gələcəkdə Ermənistan Azərbaycana real təhlükə yarada bilməyəcək.
Hərbi əməliyyatların davam etdiyi günlərdə Ermənistan rəhbərliyinin ayrı-ayrı dövlət başçılarına zəngləri beynəlxalq təşkilatlara müraciətləri də cavabsız qaldı. Ermənistan üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatınnı da öz təxribatçı oyunlarına alət edə bilmədi. Bununla da belə bir həqiqət bir daha öz təsdiqini tapdı ki, Ermənistan kimlərəsə və hansısa qüvvələrə arxalanıb Azərbaycanı fakt qarşısında qoya bilməz.
Onu da qeyd edim ki, sentyabrın 12-13-də baş verənlər faktiki olaraq 2020-ci il iyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədində Tovuz rayonu istiqamətində Ermənistanın növbəti təxribatı nəticəsində baş verən qarşıdurma ilə analogiya təşkil edir. Azərbaycan növbəti dəfə Ermənistanın hərbi-siyasi təxribatına məruz qalaraq cavab vermək və öz təhlükəsizliyinin təmin olunması üçün adekvat addımlar atmaq məcburiyyətində qaldı. Ermənistanın ölkəmizə və hərbi bölmələrimizə qarşı ardıcıl həyata keçirdiyi təxribatların hansı acı nəticələrə gətirib çıxaracağını bir daha aydın göründü. Azərbaycan Ordusu cəmi 7 saat davam edən unikal cavab əməliyyatı gerçəkləşdirməklə Ermənistanın uzun müddətdir qurduğu planları alt-üst etdi.
Antimilli ünsürlərin mənəviyyatsızlığının son həddi
Sentyabrın 12-si gecədən başlayaraq dövlət sərhədi istiqamətində baş verənlər həm də Azərbaycan xalqının milli həmrəyliyinin, Prezident İlham Əliyevin ətrafına sıx səfərbər olmasının növbəti təzahürü kimi tarixə düşdü. Qəlbində vətən eşqi olan hər bir azərbaycanlı ordumuzun «Dəmir yumruğu» ilə qürur duydu. Şəhidlərimizin böyük izdihamla dəfn olunmaları xalqımızın bir amal uğrunda səfərbərliyinin təcəssümünə çevrildi.
Amma bu qələbəyə sevinməyənlər də tapıldı. İçimizdəki antimilli ünsürlər həmişə olduğu kimi bu dəfə də Azərbaycanın zəfərinə kölgə salmağa çalışdılar. Öz riyakar fəaliyyətiləri ilə siyasi müxalifətçilikdən uzaq düşən, dövlətimizə və xalqımıza qarşı müxalifətçilik edən Əli Kərimli və onun kimilər sosial şəbəkələr üzərindən verdikləri açıqlamalarda ordumuzun qələbəsinin əhəmiyyətini heçə endirməyə, Azərbaycanı təcavükar kimi təqdim etməyə və digər siyasi spekulyasiyalara cəhd göstərdilər.
Əvvəlcə onu qeyd edim ki, bu ünsürlərin mənsub olduqları siyasi qaragüruhun vaxtilə Azərbaycana hansı faciələr yaşatdığını, dövlətimizə hansı yaraları vurduğunu xalqımız yaxşı bilir və heç vaxt da unutmayacaq. Vaxtilə Azərbaycana xəyanət edərək Şuşanın, Laçının işğal olunmasına şərait yaradan, bu bədxahlar sonrakı mərhələdə ölkəni xaosa, anarxiyaya sürükləmiş, ərazilərimizin Ermənistan tərəfindən zəbt edilməsinə bais olmuşdular. Məhz onların xəyanət yolu ilə işğal olunmasına şərait yaratdıqları torpaqlarımızı Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində güc yolu azad etdi. O da məlumdur ki, Vətən müharibəsinə qədər bu satqınlar Ermənistandan və dünya erməniliyindən aldıqları tapşırıqlara əsasən torpaqlarımızın müharibə yolu azad olunmasının guya qeyri-mümkünlüyü barədə mülahizələr yürüdür, ictimai rəyə təsir göstərmək yolu ilə cəmiyyətimizdəki vətənpərvərlik hisslərini azaltmağa çalışırdılar. Əlbəttə, Azərbaycan xalqı müdrikdir və bu sapı özümüzdən olan baltaların kim olduqlarını, antiazərbaycançı şəbəkənin maraqlarına xidmət etdiklərini və erməni sevgilərini bilir və görür. Əvvəldə vurğuladığım kimi kimi ən azından onların hakimiyyətdə olduqları dövrdə xalqımıza yaşatdıqları faciələr heç vaxt unudulmayacaq. Bu mənada ikinci Qarabağ müharibəsi Ermənistanla bərabər həm də daxilimizdə olan, eyni zamanda Qərb ölkələrində mənzillənmiş və Azərbaycanın Ermənistanın işğalçılıq siyasəti ilə razılaşmasına çalışan antimilli kəsimin məğlubiyyəti oldu.
Bu bədxahların xarici xüsusi xidmət orqanlarının, erməni lobbisinin sifarişlərini yerinə yetirdikləri zaman-zaman tutarlı dəlil və faktlarla öz təsdiqini tapıb. Paşinyan Sorosun tapşırıqlarını icra etdiyi kimi Ə.Kərimli və onun kimiləri də Sorosdan aldığı əmrlərlə qələbəmizə kölgə salmaq yolunu tutublar. Ona görə Azərbaycan-Ermənistan sərhədində baş verən son hadisələrdən sonra bu xəyanətkarların dərhal fəallaşmaları, əslində heç kimdə təəccüb doğurmur. Vətən müharibəsi günlərində olduğu kimi onların yenə də Ermənistanın və erməni təəssübünü çəkən siyasi mərkəzlərin mövqeyi ilə eyniyyət təşkil edən açıqlamaları milli xəyanətkarlıqlarının növbəti təsdiqidir. Bu kəslərin şəhidlərimizin sayını önə çəkməklə etdikləri spekulyasiyalar onların riyakarlıqlarını, bütün milli və insani keyfiyyətlərdən uzaq düşdüklərini göstərir. Baş verənlərdə Azərbaycanı ittiham etmələri, mənsub olduqları xalqı təcavükar kimi qələmə vermələri isə mənəviyyatsızlıqlarının son həddi oldu.
Görünən odur ki, Azərbaycan xalqının həmrəyliyi, öz rəhbərinin ətrafında səfərbər olması insanlıqlarını, mənəviyyatlarını itirmiş bu varlıqları dərindən narahat edir. Lakin reallıq həm də odur ki, bu qaragüruhçular Ermənistanın hərbi təxribatının qarşısının uğurla alınmasından sonra şəhidlərimizin qanı hesabına qazanılmış qələbəni sosial şəbəkələrdə ordumuzun uğursuzluğu kimi təqdim etməyə, vətənini qanı, canı bahasına qoruyan igidlərimizin qəhrəmanlıqlarını aşağılamağa çalışsalar da, niyyətlərinə çata bilmədilər. Elə xəyanətkar fəaliyyətlərini həyata keçirdikləri sosial şəbəkələrin iştirakıları onların dərsini verdi. Xalqımız öz milli birliyi, Azərbaycana inkişaf və qələbə bəxş etmiş liderinin ətrafında daha sıx birləşməklə mənəviyyatını itirmiş xainlərin çox gözəl cavabını verdi.
Ermənistan ordusunun təxribatları sülh prosesinə zərbə vurdu. Buna sevinənlər yalnız Ermənistandakı revanşistlər deyil, həm də öz içimizdə olan bu xəyanətkarlar, Azərbaycanın inkişafına, yüksəlişinə heç vaxt sevinməyən satqınlardır. Adını müxalifətçi qoyan bu ünsürlərin nümayiş etdirdikləri erməni sevgisi, Azərbaycana xəyanət yolu tutmaları bağışlanmazdır və xalq heç vaxt onları əfv etməyəcək.
Muxtar Babayev Efiopiyanın xarici işlər naziri ilə COP32-nin prioritetlərini müzakirə edib
Prezidentin sosial şəbəkə hesablarında Gürcüstanın Baş nazirinin müavininin qəbulu ilə bağlı paylaşım edilib
Prezidentin sosial şəbəkə hesablarında Almaniyanın xarici işlər nazirinin qəbulu ilə bağlı videoçarx paylaşılıb