20 sentyabr 2022 13:24
598

Antimilli ünsürləri danışdıran erməni lobbisinin puludur – Aydın Hüseynov

“Azərbaycanın adı təkcə regionda deyil, həm də bütün dünyada dinamik inkişafa malik dövlətlər arasında çəkilir. Bütün bunların təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Əlbəttə, bu uğurlara mane olmağa çalışan güclər də az deyil. Xalqımızın birliyini pozmağa və dövlətimizi parçalamağa çalışanların da səsi eşidilir. Onların sırasında sapı özümüzdən olan baltalar da var. Əli kərimovlar, qurban məmmədovlar, sevinc osmanqızılar, gültəkin hacıyevalar əldə etdiyimiz bütün uğurlara kölgə salmaq istəyirlər”.

Bunu “İki sahil”ə  açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Millət vəkili bildirib ki, onlar həm də xaricdəki erməni lobbisinin dili ilə danışırlar: “Onlar hətta Ermənistanın işğalçı siyasətinə, separatizmə haqq qazandırırlar. Yeni reallıqlarla barışmayan qüvvələrin dəyirmanına su tökən bu siyasi buqələmunlar informasiya-təbliğat müstəvisində Azərbaycan əleyhinə kampaniya aparmaqdan çəkinmirlər. Azərbaycan dövlətçiliyinə, doğulduqları vətənə qarşı fəaliyyət göstərirlər ki, bu da heç vaxt bağışlana bilməz. Erməni diasporu müxtəlif ölkələrdə fəaliyyətdədirlər, eyni zamanda özünü “mühacir müxalifət” adlandıranlara bu və ya digər şəkildə yardımlar göstərməklə onları özlərinə tərəf çəkir və Azərbaycan əlehinə apardıqları informasiya müharibəsində onlardan maşa kimi istifadə edirlər.

Biri var ermənilərin bu siyasətindən xəbərdar olmayasan, biri də var bu təbliğatın məram və məqsədini bilib ermənilərlə işbirliyinə gedəsən. Bəli, bunu çəkinmədən söyləmək lazımdır ki, xaricdə oturub əlehimizə təbliğat aparanlarla daxilimizdəki antimilli qüvvələr tam olaraq birləşiblər. Onları danışdıran, Azərbaycana qarşı düşmənçilik etməyə təhrik edən erməni lobbisinin puludur, onlara hər ay göndərilən “ianə”lərdir”.