22 sentyabr 2022 13:47
1163

Anar Məmmədov: Xalqımız ölkəmizdə antimilli qüvvələrin baş qaldırmasına heç vaxt imkan verilməyəcək

“İkinci Qarabağ müharibəsinin nəticəsi Qafqazın yeni geosiyasi vəziyyətinin formalaşmasında mühüm mərhələ oldu.  Prezident-Xalq-Ordu birliyinin təntənəsi olan möhtəşəm Qələbənin nəticələri təkcə Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpasını deyil, həmçinin, istər Cənubi Qafqaz regionunda, istərsə də Avrasiyada yeni geostrateji reallıqların təşəkkülünə səbəb oldu. Regional güc dəyişikliyi və Qafqazda yeni geosiyasi reallıq, qlobal və regional güclər tərəfindən qəbul edildi. 12-14 sentyabrda dövlət sərhədində erməni tərəfinin hərbi təxribatları və şanlı ordumuzun düşmən təxribatının qarşısını layiqincə alması bir daha “Dəmir yumruq” əməliyyatının hər an hazır olduğunu sübuta yetirdi. Bu hadisədən sonra Ermənistan hakimiyyəti dünya ictimaiyyətinə car çəkərək guya Azərbaycanın Ermənistana qarşı təcavüz etdiyi görüntüsü yaratmaq və bununla da dövlətimizin beynəlxalq imicinə zərbə vurmağa çalışır.”

Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.

A.Məmmədov qeyd edib ki, növbəti qələbəmiz Prezident-Xalq-Ordu birliyinin möhtəşəmliyini, Azərbaycan dövlətinin milli gücünü, xalqımızın isə mübarizə əzmini - sarsılmaz həmrəyliyini bir daha bütün dünyaya nümayiş etdirdi: “Bu müharibədə qələbəmizin əsasında dövlət başçımızın qətiyyəti, müdrik siyasəti, Silahlı Qüvvələrimizin güc-qüdrəti nə qədər mühüm əhəmiyyətə malik idisə, xalq-Prezident-ordu vəhdəti, birliyi də bir o qədər önəm daşıyırdı. Lakin əfsuslar olsun ki, son günlərdə bəzi sapı özümüzdən olan baltalar düşmən dəyirmanına su tökməklə, bizim qələbəmizi kiçiltməyə, Türkiyə ərazisində “Göyçə-Zəngəzur Respublikası”nın yaradılmasını elan etməklə tarixi torpaqlarımızda ikinci bir dövlət yaratmaq sevdasına düşüblər. Ancaq unudurlar ki, Azərbaycanın Ermənistana beş bənddən ibarət təklif etdiyi sülh sazişində dövlətlərin qarşılıqlı sürətdə ərazi bütövlüyünün tanınması bəndi var. Bu halda, “Göyçə-Zəngəzur Respublikası”nın yaradılmasını elan etmək ermənilər üçün dövlətimizə qara yaxmaq üçün yeni bir şans verir. O zaman belə bir fikir formalaşdıracaqlar ki, Azərbaycan Ermənistan ərazisində yeni dövlət yaratmaq istəyir. “Zəngəzur dəhlizi” məsələsinin danışıq masası üzərinə qoyulduğu bir vaxtda “Göyçə-Zəngəzur Respublikası” yaradılmasının ictimai rəyə daşınması bu dəhlizin reallaşmasını istəməyən qüvvələrin birbaşa xeyrinə işləyən məsələdir. Buna görə də “Göyçə-Zəngəzur Respublikası” yaratmağa cəhd edən Rizvan Talıbovun bu cür avantürist hərəkətlərinin qarşısı dərhal alınmalı və onun Türkiyədəki həmin insanlarla əlaqələri və bu əlaqənin vasitəçiləri dərhal araşdırılmalıdır.”

Milli Məclisin deputatı vurğulayıb ki, xalqımız müdrikdir və ağı qaradan ayırmağı yaxşı bacarır: “Ölkəmizdə antimilli qüvvələrin baş qaldırmasına heç vaxt imkan verilməyəcək. Dövlətimizə və dövlətçiliyimizə sadiq olan vətəndaşlarımız bundan sonra da Prezident İlham Əliyevin ətrafında sıx birləşəcək və əzmkarıq nümayiş etdirəcəklər. Xalqımız kimin nə istədiyini çox yaxşı dərk edir, kimlərinsə belə ucuz davranışlarını qınayır və cənab Prezidentin rəhbərliyi altında ölkəmizin daha güclənməyinin tərəfindədir.”