28 sentyabr 2022 01:15
755

Azərbaycan Ordusu: Qüdrətli, müzəffər və yenilməz…

Hər günü qəhrəmanlıq salnaməsinə çevrilən Vətən müharibəsində qazandığımız Zəfər Prezident İlham Əliyevin rəhbərliyi ilə ən müasir çağırışlar səviyyəsində həyata keçirilən ordu quruculuğunun mühüm nəticəsi kimi tarixə yazıldı. Dünya gördü ki, ən güclü ordu Azərbaycan Ordusu, ən yenilməz, məğrur xalq Azərbaycan xalqıdır.   Bu şanlı Qələbəni, ilk növbədə, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi və şəhidlərimizin canı, qanı bahasına, qəhrəman əsgər və zabitlərimizin fədakarlığı sayəsində əldə etdik.

Ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtdıqdan sonra, siyasətinin əsas qayəsini dövlət quruculuğu, iqtisadi rifah və işğal olunmuş torpaqlarımızın azad olunması təşkil etmişdir. Məhz  Ulu Öndərin titanik  fəaliyyəti sayəsində 44 günlük Zəfər savaşının iqtisadi, elmi- intellektual və beynəlxalq hüquqi əsasları formalaşmışdır.  Ulu Öndərimizin ordu quruculuğu istiqamətində həyata keçirdiyi tədbirlər bu gün öz tarixi təsdiqini tapmaqdadır. Prezident İlham Əliyevin müasir ordu quruculuğu istiqamətində uzaqgörənliklə qəbul etdiyi qərarlar, atdığı qətiyyətli addımlar, həyata keçirdiyi kompleks tədbirlər müstəqilliyimizin təminatçısına çevrilən, vahid komandanlığa tabe olan Azərbaycan Ordusunun dünyanın ən qüdrətli və güclü orduları sırasında yer almasını təmin etdi. Hazırda Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Yəni ölkəmiz güclü orduya, təkmilləşmiş hərbi sistemə və inkişaf etmiş müdafiə sənayesinə malikdir. Azərbaycan Silahlı Qüvvələri quruda, suda və havada döyüş tapşırığını yerinə yetirmək, ölkəni istənilən hücumdan müdafiə etmək qüdrətinə malikdir. Beynəlxalq hərbi tədqiqat mərkəzlərinin rəyinə görə, Azərbaycan Ordusu regionun ən hazırlıqlı və müasir silahlı qüvvələri sayılır.

Dünya Azərbaycan Ordusunun gücünü hələ 2016-cı ilin Aprel döyüşlərində görmüşdü. Ermənistan ordusunun təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu həmin vaxt sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin bir hissəsini azad etdi. Azərbaycan Ordusu dörd günlük Aprel döyüşləri ilə xalqımıza ilk qələbə sevincini yaşatdı. Ermənistan hərbi qüvvələrinin təxribatının qarşısının alınması üçün həyata keçirilən əks-hücum zamanı pilotsuz uçuş aparatları, müasir silah və texnikaların səmərəli tətbiqi nəticəsində düşmənə güclü zərbələr vuruldu. Bu döyüşlər Azərbaycan Ordusunun mənəvi-psixoloji, döyüş ruhu, sosial, ictimai, texniki-təchizat, silah-sursat, peşəkarlıq baxımından Ermənistan ordusunu nə qədər qabaqladığını göstərdi.

Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikası ərazisində keçirdiyi “Günnüt” əməliyyatı da Silahlı Qüvvələrimizin uğurları sırasındadır. Bu uğurlar Azərbaycanın hərbi-siyasi mövqelərini daha da gücləndirdi, işğal altında olan bütün ərazilərimizi azad etməyə qadir olduğumuzu sübuta yetirdi. Eləcə də çağdaş tariximizə “Tovuz döyüşləri” kimi daxil olan hadisə isə qələbəmizə aparan yolun başlanğıcı oldu. 2020-ci ilin 27 sentyabrından 10 noyabra qədər davam edən 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixi Zəfəri ilə başa çatdı, 30 illik erməni işğalına son qoyuldu, ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Bu tarixi Qələbə, ilk növbədə, Müzəffər Ali Baş Komandan, Prezident  İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun savaş meydanında  misilsiz qəhrəmanlığı ilə qazanıldı. 

İkinci Qarabağ müharibəsi həm də Azərbaycanın qüdrətli ordusunun potensialını, nəyə qadir olduğunu bir daha dünyaya nümayiş etdirdi. Şanlı Qələbəmizlə bitən müharibədə həyata keçirilən döyüş əməliyyatları zamanı müasir silahlardan - PUA-lardan, döyüş sursatından, yüksək dəqiqliklə hədəfi məhvetmə vasitələrindən bu miqyasda istifadə olunması hazırda dünyanın aparıcı ölkələrinin baş qərargahları tərəfindən diqqətlə öyrənilir. Azərbaycan PUA-larının hədəfi yalnız düşmənin hava hücumundan müdafiə qüvvələri, ardınca onun zirehli maşınları, yüksək səviyyədə qorunan hədəfləri və canlı qüvvəsi idi. 30 il müddətində işğal edilmiş torpaqlarımızda müdafiə sistemləri qurub, onlar haqqında miflər yaradan Ermənistan ordusu bu yeni döyüş taktikası qarşısında aciz qaldı. Düşmənin "keçilməz" müdafiə sistemləri darmadağın edildi.

Bu savaşla bir çox məsələlər, faktlar təsdiqini tapdı. İlk növbədə bəlli oldu ki, Azərbaycan Ordusunun dünyada ən yaxşı döyüş qabiliyyətinə malik ordulardan biri hesab edilməsi əbəs deyilmiş. Ölkələrin hərbi potensialının dəyərləndirilməsi ilə məşğul olan qurumların vaxtaşırı dərc etdikləri reytinqlərə əsasən, Azərbaycan Ordusu dünyanın aparıcı 50 ordusu sırasında qərarlaşırdı.  Ordumuzun Vətən müharibəsində həyata keçirdiyi döyüş taktikası, müharibə modeli hələ də dünyanın müxtəlif ölkələrindəki hərb məktəblərində müzakirə mövzusu olaraq qalır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müasir döyüş taktikası dünya hərb praktikasında yeni nəsil savaşı kimi dəyərləndirilir.

Ali Baş Komandanın orduya göstərdiyi diqqət və qayğı, onun döyüş hazırlığı, maddi-texniki bazasının daim yenilənməsi və ən əsası, hər bir əsgərin döyüş əzminin yüksəkliyi hər zaman prioritet olaraq qalır. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye kompleksi hesabına müxtəlif növ zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar və başqa hərbi təyinatlı məhsullar istehsal olunur. Azərbaycan zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla Silahlı Qüvvələrimizi önəmli dərəcədə təmin etmək gücünə yiyələnib. Bundan başqa, silah və hərbi texnikaların satın alınması, hərbi məhsulların istehsalı ilə bağlı bir sıra ölkələrlə müqavilələr də imzalanıb.

Vətən müharibəsində qazandığımız şanlı Qələbədən sonra ordu quruculuğunda ardıcıl islahatlar aparılır, işğaldan azad edilmiş ərazilərimizdə yeni hərbi hissələr yaradılır və ən müasir hərbi texnikalarla təchiz edilir. Bütün hərbi hissələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ciddi işlər görülür. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən azad edilmiş ərazilərimizdə dislokasiya olunan bölmələrin xidməti-döyüş fəaliyyəti yüksək səviyyədə təşkil edilir. Eyni zamanda, bölmələrin hərtərəfli təminatı və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı tapşırıqlar planlı şəkildə icra olunur. Bir sözlə, günün tələblərinə, çağın ən mürəkkəb vəzifələrinə cavab verən güclü ordu quruculuğu Prezident İlham Əliyevin dövlət siyasətinin strateji istiqamətlərindən biridir.  

Dövlətimiz Silahlı Qüvvələrin daha da modernləşməsi, ən yüksəkdəqiqlikli hərbi silah-sursatların alınması prosesini davam etdirir. Bunu gələn ilin dövlət büdcəsində müdafiə xərclərinin artırılması bir daha təsdiqləyir. Belə ki, 2023-cü ilin dövlət büdcəsinə dair ilkin məlumatda bildirilir ki, gələn il  üçün müdafiə və milli təhlükəsizlik xərcləri 5 milyard 320,1 milyon manat proqnozlaşdırılır. Bu da 2022-ci illə müqayisədə 235,3 milyon manat, yaxud 4,6 faiz çoxdur.

Bütün bunlar göstərir ki, Azərbaycan dövləti 44 günlük İkinci Qarabağ  müharibəsində qazandığı şanlı Qələbə ilə kifayətlənməyərək ordunun ən yüksək təminatını, maddi-texniki bazasını,  müasir hərbi təchizatı və ümumilikdə uğurlu islahatları növbəti illərdə də davam etdirəcək. Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasındakı mövqeyini daha da yaxşılaşdıracaq.  

Yaqut Ağaşahqızı, “İki sahil”