29 sentyabr 2022 15:39
259

İTV "Avroviziya" mahnı müsabiqəsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib

"Biz yeni televiziya mövsümü ilə bağlı açıqladığımız məlumatda heç də proqramda nəzərdə tutulan, yayımlanacaq bütün verilişlər və layihələr haqqında məlumat verməmişik. Çünki həcm baxımdan məlumat çox geniş alınırdı".

“İki sahil” xəbər verir ki, bu sözləri İctimai TV-nin Aparat rəhbərinin müavini Ələsgər Vəliyev televiziyanın efirində "Avroviziya" mahnı müsabiqəsinin yayımlanmayacağı ilə bağlı yayılan iddialara münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, həmin məlumat əsasən yeni layihələrdən, seriallardan, ilk dəfə nümayiş etdiriləcək filmlərdən və müəllif proqramlarından bəhs edir:

"Press-relizdə o da qeyd edilib ki, indiyədək İctimai TV-də ictimaiyyətin böyük maraqla izlədiyi digər bütün verilişlər, layihələr və proqramların yayımı davam edəcək".

Aparat rəhbəri bildirib ki, "Avroviziya" isə ənənəvi olaraq İctimai Telelviziyanın hər il yayımladığı beynəlxalq Mahnı Müsabiqəsidir:

"Bu yarışmanı İctimai TV Avropa Yayım Birliyinə üzv qəbul edildiyi 2007-ci ildən 1 il sonra, yəni 2008-ci ildən bəri hər il yayımlayır. Yəni bu məsələdə yeni bir xəbər yoxdur. Ona görə də, "Avroviziya"dan imtina haqqında iddialar əsassızdır".