29 sentyabr 2022 16:27
433

Aerokosmik Monitorinq Təlim Mərkəzinin açılışı olub FOTO

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") dəstəyi ilə Milli Aviasiya Akademiyasında Aerokosmik Monitorinq Təlim Mərkəzinin açılışı olub.

“İki sahil” xəbər verir ki, müasir avadanlıqlarla təchiz olunmuş Mərkəzin məqsədi geoinformasiya texnologiyalarının tətbiqi, xüsusilə peyk təsvirlərinin analizi, rəqəmsal emalı və coğrafi informasiya sistemləri sahəsində ixtisaslı mütəxəssislərin hazırlanması, həmçinin bu istiqamətdə təhsil alan tələbələrin bilik və bacarıqlarının artırılmasıdır. Tələbələr əldə etdikləri nəzəri bilikləri bu mərkəzin təhsil proqramı çərçivəsində təcrübədə tətbiq etməyi öyrənəcəklər.

Tədris prosesinə təlimçi qismində "Azərkosmos", Milli Aviasiya Akademiyası və bu sahədə fəaliyyət göstərən digər qurumların, ali məktəblərin, o cümlədən qabaqcıl beynəlxalq universitet və şirkətlərin aparıcı mütəxəssislərinin cəlb edilməsi nəzərdə tutulur.

Təlim müddətində dinləyicilər müxtəlif proqram təminatlarında verilənlərin emalı xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan dilində tərtib edilmiş metodik vasitələr və mentorlarla təmin ediləcəklər. Təlim vəsaiti nəzəri bilikləri, tapşırıqlar toplusunu və proqram təminatının əsas funksionallığı haqqında məlumatları əhatə edəcək.

Kursu müvəffəqiyyətlə bitirən dinləyicilərə müvafiq sertifikatlar təqdim olunacaq.

Dünyada coğrafi informasiya sistemləri, məsafədən müşahidə məlumatlarının əldə olunması, emalı və tətbiq edilməsinə olan tələbat durmadan artır. Geoinformasiya texnologiyaları sahəsində ixtisaslı mütəxəssislərin hazırlanması məsələsi daha da aktuallaşır. Bu baxımdan müasir geoinformasiya texnologiyalardan bacarıqla istifadə edə bilən yüksək ixtisaslı mütəxəssislərin hazırlanması vacib məsələdir.