04 oktyabr 2022 17:56
931

Azərbaycan əsgərinin böyük qəhrəmanlığı

44 günlük Vətən müharibəsi Azərbaycanın ən yeni tarixinin ən şanlı səhifəsi olaraq qəbul edilməkdədir. Səbəbi isə sadədir. Belə ki, sadəcə 44 gün ərzində 30 ilə bərabər tarix yazıldı. Tarixi yazan isə Ali Baş Komandan cənab İlham Əliyev və onun tabeliyində olan şanlı Azərbaycan Ordusu idi.

Ordumuz beşinci nəsil müharibə apararaq hazırlıq səviyyəsinin sadəcə Cənubi Qafqazdakı Ordulardan deyil, dünyadakı inkişaf etmiş bir çox ölkələrin ordularından üstün olduğunu sübut etdi. Aydındır ki, ordunun gücü sadəcə onun hərbi arsenalındakı silah-sursat ilə ölçülmür, ordunun gücü daha çox onun psixoloji və mənəvi hazırlığındadır. Azərbaycan Ordusu isə 44 gün ərzində hansı hazırlıq səviyyəsində olduğunu açıq-aydın göstərdi. Bir faktı səsləndirmək kifayətdir ki, iki ölkə ordusu arasındakı fərq gözə çarpsın. Məlumdur ki, müharibənin aktiv fazasının getdiyi günlərdə erməni ordusundan minlərlə əsgər firarilik etmişdi. Ermənistan hökuməti də etiraf etməyə məcbur olmuşdu ki, onların 10 mindən çox fəraisi olub və müharibənin son günlərində artıq mövqelərdə qoymaq üçün əsgər tapmaq çətinləşib. Əlbəttə ki, bu təəccüblü deyil. Axı siravi erməni niyə özünün olmayan, özünə doğma bilmədiyi başqa ölkənin torpağı üçün can verməyə hazır olsun. Bu absurddur. Azərbaycan əsgərinin mənəvi hazırlığının erməni əsgərində olmasının gözləmək sadəcə mənasızdır. Hətta düşmən ordunun əsgərləri və zabitləri belə Azərbaycan əsgərinin gücündən lərzəyə gəldiklərini etiraf etməyə məcbur olurdular. Həmin günlərdə bir çox əskərimiz yaralansa da öz mövqelərindən çəkilmək istəmir, yaralarını sarıyaraq döyüşə davam edirdi. Digər bir halda, xəstəxanaya gətirilən, ilkin tibbi yardım göstərilən əsgərlərimiz dərhal cəbhəyə qayıtmaq, şəhid olan yoldaşlarının qisasını almaq, torpaqlarımızı  düşməndən xilas etmək üçün çalışırdı. Əlbəttə ki, belə vətənpərvərlik və ruh yüksəkliyi ancaq daxildən gələn mənəviyyatla mümkündür. Ancaq eyni zamanda da, illərdir cəmiyyətdə, ələxsus da orduda aparılan düzgün siyasətin nəticəsidir. Ölkə başçımız cənab İlham Əliyevin də dediyi kimi, döyüşə gedən, öz sinəsini atəş altına qoyanlar 17 il ərzində vətənpərvərlik ruhunda tərbiyə almış övladlardır. Bu övladlar, vətən uğrunda can veməyi özlərinə şərəf bilərək, Azərbaycanı 30 illik dərddən, ləkədən qurtardılar. Təbii ki, hər hansı bir ordunun qalib olması üçün onun müasir silah-sursatı, vahid komandanlığı, güclü dəstəyi olmalıdır. Ancaq insan amili hərşeydən vacibdir. Döyüşü şərəfli Azərbaycan əsgəri udub. Şuşanın işğaldan azad edildiyi müjdəsini verərkən də Ali Baş Komandan böyük fəxrlə bunu dilə gətirmiş və Ordusunun fəaliyyətini yüksək qiymətləndirmişdi: “Torpaqlarımızı ancaq Azərbaycan əsgəri azad edir, Azərbaycan zabiti azad edir, sinəsini qabağa verərək, heç nədən qorxmayaraq, əlində bayraq, əlində silah düşməni qovan da əsgərdir, düşməni məhv edən də əsgərdir. Eşq olsun bizim əsgərlərimizə!”

Bəli, eşq olsun Azərbaycan əsgərinə. O əsgərə ki, qorxmadan, yorulmadan, qətiyyətlə, əzmlə torpaqlarının müdafiəsi uğruna savaşdı, can verdi. Son nəfəsində də ancaq Vətəninin azadlığını arzuladı. Bir çoxları üçün mümkünsüz olanı reallaşdırdı. Keçilməz deyilən sədləri keçdi, alınmaz deyilən qalaları aldı. Bəli, bunlar hamısı faktdır. Bəlkə də, gələcək nəsillər üçün əfsanə kimi görünəcək bu qəhrəmanlıqlara Azərbaycan xalqı canlı şahidlik etdi. Düşmənin hər mənfur cəhdindən sonra xalq da bilirdi ki, bunlar düşmənin son çırpınışlarıdı. Hətta düşmənlə üz-üzə qalmış ərazilərdə belə insanlar yerindən tərpənmir və düşmənin heç bir hücumundan çəkinmədiyini bəyan edirdi. O günlərdə hər bir azərbaycanlının dilində sadəcə bir söz var idi: “Vətən sağ olsun!”, “Təki əsgərimizə heç nə olmasın”.

Daha bir fakt, yəqin ki hər kəs, xatırlayır ki, 17 oktyabr tarixində, atəşkəs elan olunmasından saatlar sonra ikinci Gəncə terroru baş verdi. Ermənistan hakimiyyəti bütün insani dəyərləri heçə sayaraq, gecə yarısı dinc əhalini ballistik raketlərdən atəşə tutdu. Təbiidir ki, bütün Azərbaycan xalqı kədərə büründü, mülki itkilərimiz hər birimizi yasa boğdu. Axı, gecə yarısı evində yatan azyaşlı uşağın, yaşlı qadının nə günahı var idi? Heç bir sivil dövlət müharibəni günahsız insanlarla aparmaz. Ancaq Ermənistan Gəncədə, Bərdədə, Tərtərdə etdikləri ilə insanlıqdan nə qədər uzaq olduğunu, hələ də Xocalı faciəsini törədənlərlə eyni ideologiyada olduğunu sübut etdi. Qeyd edim ki, Gəncədə baş verəndən dəhşətdən sonra belə insanlar qorxmadı, geri çəkilmədi, sadəcə Ali Baş Komandandan dayanmamağı və irəli getməyi xahiş etdi. Bəli, mübariz Azərbaycan xalqının ruhu o gün Gəncədə döyünürdü. Xoşbəxtik ki, 17 oktyabr günü şanlı tariximizə ancaq Gəncə terroru ilə yazılmadı, həm də Füzulinin işğaldan azad olunduğu gün kimi yaıldı. Füzulinin düşmən üçün nə ifadə etdiyini biz hər birimiz yaxşı bilirik. Düşmən  Füzulidə çox saylı istehkamlar qurduğu üçün Füzulinin əsla Azərbaycan əsgəri tərəfindən alınmayacağını düşünürdü. Amma belə olmadı. Füzüli qəhrəman əsgərlərimizin qətiyyəti və qarşısı alınmaz gücü ilə geri qaytarıldı. Azərbaycan əsgəri ondan sonra da dayanmadı. Füzulidən cəmi 3 gün sonra Qubadlı, 8 gün sonra isə Zəngilanın işğaldan azad olunduğu elan olundu. Təəccüblü deyil ki, Zəngilanın işğaldan azad olunduğu gündən cəmi 2 gün sonra Bərdəyə üst-üstə hücumlar etdi. Yəni, Ermənistan tərəfi yenə də cəbhədə uduzduqlarını mülki əhalidən geri almağa çalışdı. Amma yenə də heç nə dəyişmədi. Ordu irəliləməyə, xalq isə onu dəstəkləməyə davam etdi.

Azərbaycan Ordusu cəbhədə irəlilədikçə Azərbaycan xalqı da ordusunun və onun Ali rəhbərinin arxasında dağ kimi dayanmağa davam etdi. Bildirək ki, döyüşlər zamanı ən siravi əsgərdən, ən elit zabitə qədər hər kəs öz üzərinə düşən vəzifəni ən yüksək səviyyədə icra etdi. Döyüşlərdə xüsusi təyinatlılarımız sözün əsl mənasında dastan yazdı.  Şuşa əməliyyatı isə hərb tarixinə düşəcək, dərslərdə təbliğ olunacaq qədər əzəmətli oldu. Alınmaz qala hesab olunan Şuşa əsgərlərimizin qətiyyəti, əzmi, qəhrəmanlığı və fədakarlığı hesabına cəmi 400 döyüşçümüzün gücünə alındı. Şübhəsiz ki, hər əsgərimiz vahid komandanlıqdan əmr alır və aldığı hər əmri qeyd-şərtsiz yerinə yetirirdi. Bizi qalib edəndə bu idi. Vahid komandanlıq, düşünülmüş, dəqiq, minimum canlı qüvvə itkisinə hesablanmış planlama və döyüş tapşırığını canından keçməyə hazır əsgər.

Müharibədə Azərbaycan Silahlı Qüvvələrinin arsenalında olan müasir texnikanın da əvəzsiz rolu oldu. Beləliklə, 44 günlük müharibə hər şeyi ilə tarixə düşəcək böyük bir dərs və dastan idi. Bugün təcrübəmizin öyrənilməsində maraqlı olan bir çox ölkələr var. Hansı ki, onların arasında inkişaf etmiş etmiş orduya sahib ölkələr də var. Amma sonda bir daha qeyd etmək istəyirəm ki, mənəvi cəhətdən hazır insan gücü omayan ordu heç bir silah-sursatla müharibəni qazana bilməz. Bizə qələbəni gətirən milyon dollarlıq silahlar deyil, şanlı Azərbaycan Ordusunun mərd oğulları və sadəcə səngərdə, cəbhədə yox, diplomatiya masasında, informasiya müstəvisində mübarizə aparan Ali Baş Komandandır.

Səbinə Səlimova,

YAP Masallı rayon təşkilatının əməkdaşı