Bəzi insanlar səhər və günorta yeməklərini ayaqüstü edib əsas yeməklərini axşama saxlayırlar. Lakin bu, düzgün deyil. Axşam nahar etmədən əvvəl iki dəfə düşünün, çünki bəzən qidalar yuxsuzluğa səbəb ola bilər. Yuxunuzun şirin olmasını istəyirsinizsə onda bu qidalardan uzaq durun.
Şəkər
Sən demə, şəkər artıq çəki, ürək xəstəliyi, diabet riskini artırmaqla yanaşı, kabuslara da səbəb olur. Kolumbiya Universitetinin nəzdində fəaliyyət göstərən kollecin həkim və cərrahlarının apardıqları təhqiqat nəticəsində məlum olub ki, təmizlənmiş (qənd halına salınmış) karbohidratlar yuxusuzluğa səbəb ola bilər. Kanadanın Montreal və Edmont universitetlərində çalışan alimlərin apardıqları araşdırmada iştirak edən insanların 31 % -i gecə şirniyyat yedikdən sonra kabuslar və qəribə yuxular gördüklərini təstiqləyiblər. Buna görə də alimlər yatmadan 5-6 saat əvvəl şirniyyat yeməmək məsləhət görürlər.
Mütəxəssislər postmenopauza dövründə olan 50 mindən çox qadının qida rasionunu araşdırıblar. Elmi araşdırmaların nəticələrinə əsasən, şəkər, ağ çörək və düyü qanda şəkərin səviyyəsini artırır və bu hal insanda yuxusuzluq yaradır.
Alimlər izah edir ki, qanda şəkərin miqdarını aşağı salmaq cəhdi zamanı orqanizm insulin ixrac edir və bu orqanizmin adrenalin və kortizolu kənara atmasına gətirir. Bu da öz növbəsində, yuxu pozğunluğuna səbəb olur.
Yağlı və ya qızardılmış yeməklər
Bu cür qidalar nəinki yuxusuzluğa səbəb olur, həm də bütövlükdə orqanizmə mənfi təsir göstərməklə bir çox xəstəliklərin səbəbi olan piylənməyə gətirib çıxarır. Kolumbiya Universiteti və Nyu-Yorkun Düzgün Bəslənmə Mərkəzinin alimləri yağlı və qızardılmış yeməklər, çipsi və yağla zəngin olan bu tipli digər qidaların yuxu pozğunluğuna və ya kabuslara səbəb ola biləcəyini aşkar ediblər. Onarın sözlərinə görə, bu qida növlərində yuxu pozğunluğuna səbəb olan monosodyum glutamat maddəsi mövcuddur.
Məşhur dietoloq Elena Kalenin sözlərinə görə, qızardılmış ət və yaxud digər yağlı qidalarla yanaşı, pomidor, badımcan, konservlər, turşu, avokado və bəzi pendirlər yuxusuzluğa səbəb olur. O qeyd edib ki, bu qidalar bədəndə norepinefrine( stress hormonu) çevrilən amin turşusu yüksək miqdarda tiranini ehtiva edə bilər.Onun qanda konsentrasiyası bütün stresli vəziyyətlərdə artır.Nəticədə insan həddindən artıq həyəcanlı olduğuna görə yuxusuzluqdan əziyyət çəkməyə başlayır. Dietoloq yatmazdan əvvəl kərəviz və ya digər sidikqovucu qidalar yeməməyi də tövsiyə edir.
1992-ci ildə Avstraliyadakı Tasmaniya Universitetində aparılan bir araşdırma nəticəsində məlum olub ki, yatmazdan öncə acılı souslardan istifadə edən insanların yuxuya getmələri pisləşir və onlar kabuslardan əziyyət çəkirlər. Alimlər bunu həmin qidaların bədənin hərarətini dəyişdirə biləcəyi və bunun da xəyalların formalaşmasına təsir göstərməsi ilə izah edirlər.
Qazlı içkilər
Soda, xüsusilə də tərkibində şəkər və kofein olan içkilər yuxunuz üçün zərərlidir. Əgər şəkər, daha əvvəl qeyd etdiyimiz kimi, ilk yuxu mərhələsinə təsir edirsə, kofein isə öz növbəsində yuxu zamanı da beyni stimullaşdırır və bu da xoşagəlməz yuxulara səbəb ola bilər.
Bunun qarşısını almaq üçün yatmazdan 4-8 saat əvvəl kofeinli içkilər içməmək məsləhətdir.
Mütəxəssislər tövsiyə edirlər ki, günün sonuncu qida qəbulu yatmazdan iki saat əvvəl olmalıdır. Daha yaxşı olar ki, axşam saatlarında qida rasionuna yüngül yeməklər, kefir, yağlılıq dərəcəsi az olan kəsmik və süd, sıyıqlar, alma, banan, soyutma əti məhsulları daxil edilsin. Gecələr maqneziumla zəngin qidalar da istehlak edə bilərsiniz. Çünki həmin qidalar yuxunuza da müsbət təsir edəcək.
Samirə Tağıyeva “İki sahil”