Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində avtomagistral yolda nəqliyyat vasitələrinin hərəkəti tam bərpa edilib.
“İki sahil” xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.
Hadisə ilə əlaqədar fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanov və Nazirliyin digər aidiyyəti vəzifəli şəxsləri ərazidədir.
Ümumilikdə FHN-in Mülki müdafiə qoşunları, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin 18 texnika, 21 motopompa və 116 nəfərdən ibarət şəxsi heyəti suçəkmə və digər təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi işlərinə cəlb olunub.
***
“Hadisə dünən gecə saat 12-1 aralığında baş verib. Bizim operativ şöbəyə məlumat daxil olan kimi dərhal Səngəçal stansiyasından su verilməsi dayandırılıb. Əraziyə qəza briqadalarımız göndərilib. Çox böyük həcmdə su dağılıb, həm ətraf əraziləri, həm də Bakı-Qazax yolunu subasma halları baş verib”.
Bu sözləri “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib. O, Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində partlamasının səbəblərindən və görüləcək tədbirlərdən danışıb:
“Hadisə nəqliyyatın hərəkətinə pis təsir göstərib. Mütəxəssislərimiz hadisə yerində olublar. Qərara alınıb ki, qəzanın miqyası müəyyən olunsun, xəttin təmirinə və ya dəyişdirilməsinə qərar verilsin. Qeyd edim ki, bu müddətdə əhalinin içməli su təchizatına heç bir problem yaşanmayacaq. Çünki bu istiqamətdə bizim Bakı şəhərinə iki magistral su kəmərimiz daxil olub: “Kür-3” və “Kür-1” xətti. Qəza “Kür-3” xəttində baş verib, ancaq “Kür-1” xətti tam işlək vəziyyətdədir”.
Qurum rəsmisi vurğulayıb ki, hazırda Lökbatan qəsəbəsi, 20-ci sahə deyilən ərazi, Hacıqabul şəhərinin kəndləri, Binəqədi və Qaradağ rayonunun bəzi ərazilərinə həmin o kəmərlə suyun verilməsi təmin olunub:
“Eyni zamanda əks-istiqamətdə Oğuz, Qəbələ və Ceyranbatan xətlərindən də suyun verilməsi həyata keçiriləcək ki, ictimai su təchizatında problem yaşanmasın. Bu kəmər sovet dövründə çəkilən kəmərdir, uzun müddət istismar olunub, hər il bir neçə dəfə müxtəlif yerlərində qəzalar baş verib. Biz də hər il qəzanın baş verdiyi hissələri yeniləmişik. İndi isə xəttin digər hissələri yenilənəcək. Çünki sovet dövründə çəkilmiş və şoran torpaqdan keçən xətdir. Hazırda Bakı şəhərində digər mənbələrdən də normal qaydada su verilir. Kür-Bakı su kəməri 1970-ci ildə istismara verilib. Yenilənməyə ehtiyac var və yenilənəcək. Çünki Kür su kəməri Bakı şəhərinin və Abşeron yarımadasının su təchizatında müstəsna yeri olan mənbədir”.
Bakı Şəhər Baş Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Rövşən Tağıyev də hadisə ilə bağlı açıqlama verib.
Onun sözlərinə görə, gecə saatlarında magistral su xəttində baş verən qəza səbəbindən Lökbatan dairəsi yaxınlığında avtomobil yoluna axan su avtomobillərin hərəkətində çətinlik yaradıb. Hazırda hadisənin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülür:
“Hazırda qəza səbəbindən Lökbatan qəsəbəsindən keçən yolun 19-cu kilometrliyində polis əməkdaşları yolda nəqliyyatın hərəkətini tənzimləməyə çalışırlar. Qısa zaman ərzində yolda nəqliyyatın hərəkəti tam bərpa ediləcək”.
Oxu.Az
***
Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində baş vermiş qəza nəticəsində ətraf ərazilərdə, o cümlədən Bakı-Qazax avtomagistralında baş vermiş subasma halının qarşısının alınması istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən müvafiq tədbirlərin görülməsi davam etdirilir.
“İki sahil” xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.
Bildirilibk i, hazırda Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunları, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri suçəkmə və digər müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi üçün ərazidə fəaliyyət göstərir.
Ümumilikdə FHN-dən 12 motopompa, 9 texnika və 57 nəfər şəxsi heyət suçəkmə işlərinə cəlb olunub.
Oxu.Az –ın yazdığına görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general-mayor Füzuli Əsədov bildirib ki, Qaradağ rayonu ərazisində su magistralının partlaması nəticəsində yaranmış fəsadların aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.
Onun sözlərinə görə, hazırda hadisə yerinə nazirliyin Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Mülki Müdafiə qoşunlarının şəxsi heyəti cəlb olunub.
“Əraziyə Nazirliyin 10-dan artıq texnikası və 14-ə yaxın nasosu gətirilib. Məqsədimiz ilk növbədə magistral yolun tam açılmasına nail olmaqdır. Bununla bağlı görülən tədbirlər nəticəsində artıq yolda hərəkət qismən təmin olunub”.
***
Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunları, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri suçəkmə, zərurət yarandığı təqdirdə təxliyə və digər müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi üçün əraziyə cəlb olunub.
“İki sahil” xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.
***
Bakıda magistral su kəmərindən qəza baş verib.
Hadisə gecə saatlarında Qaradağ rayonunun Lökbatan qəsəbəsində baş verib. Nəticədə Lökbatan qəsəbəsindən keçən avtomobil yolununsu basıb.
"Azərsu"Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı faktı Trend-ə təsdiqləyib.
Qurum rəsmisi bildirib ki, gecə saatlarında ərazidən keçən 1200 mm diametrlik Kür-Bakı su xəttində qəza baş verib: "Hadisə gecə saatlarında baş verib. Nəticədə su Bakı-Qazax yoluna çıxıb. Məlumat daxil olan kimi su xətti bağlanılıb, əraziyə qəza xidməti göndərilib. Hazırda qəzanın aradan qaldırılması ilə bağlı tədbirləri görülür. Hazırda "Azərsu"rəhbərliyi hadisə yerindədir, əraziyə canlı qüvvə və xüsusi texnikalar, su nasosları cəlb edilib. Hazırda suyun yoldan kənarlaşdırılması və yolda hərəkətin bərpası istiqamətində tədbirlər görülür".
Trend