2023-cü il üzrə dövlət büdcəsinin sosialyönümlü xərcləri cari illə müqayisədə 9,2 faiz çox nəzərdə tutulub
Ölkəmizdə sosial proqramların icrası, əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin təmin edilməsi 2003-cü ildən bəri dövlət başçısı İlham Əliyev tərəfindən strateji vəzifə kimi müəyyənləşdirilib. Son illərdə bu istiqamətdə əhəmiyyətli irəliləyişlər əldə edilib.
Azərbaycan vətəndaşının rifah halının artırılması istiqamətində görülən tədbirlər növbəti illərdə də davam etdiriləcək. Təsadüfi deyil ki, sentyabrın 22-də Baş nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabinetinin Azərbaycan Respublikasının 2023-cü il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəricilərinin, Azərbaycan Respublikasının 2023-cü il və növbəti üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin müzakirəsinə həsr olunan geniş iclasında, əhalinin, şəhid ailələrinin, qazilərin sosial müdafiəsi və sosial təminatının gücləndirilməsinin, aztəminatlı əhalinin sosial rifahının yaxşılaşdırılmasının daim dövlət başçısının diqqət mərkəzində olduğu vurğulandı. Qeyd edildi ki, bu istiqamətdə islahatların davam etdirilməsi, inflyasiya təzyiqi nəzərə alınmaqla həssas əhali qruplarına sosial dəstək tədbirlərinin həyata keçirilməsi üçün 2023-cü il üzrə dövlət büdcəsinin sosialyönümlü xərcləri cari illə müqayisədə 9,2 faiz çox nəzərdə tutulub.
Oktyabrın 24-də isə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi Milli Məclisə daxil oldu.
Mövzu ilə bağlı “İki sahil”in suallarını cavablandıran Yeni Azərbaycan Partiyası (YAP) Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov bildirdi ki, 2023-cü ilin dövlət büdcəsinin gəlirlərinin 30,7 milyard manat, xərclərinin isə 33,3 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır: “Əgər 2022-ci ilin dövlət büdcəsi ilə 2023-cü ilin dövlət büdcəsini müqayisə etsək görərik ki, gəlirlər 5,2 faiz artıb, xərclər isə 3,1 faiz artımla proqnozlaşdırılıb. Bu ondan xəbər verir ki, dövlət büdcəsinin xərclərinin, eləcə də bütövlükdə büdcənin artımla proqnozlaşdırılması, yəni o, proqnoz üçün nəzərdə tutulan gəlirlərin təmin olunacağına əminlik var. Doqquz ayın yekunlarına baxdıqda görürük ki, bizim qeyri-neft sektorumuzda 10 faiz artım var. Xarici ticarət dövriyyəmiz 35 milyard dollar təşkil edir. Valyuta ehtiyatlarımız 2,7 milyard manat artaraq artıq 56 milyard dollara çatıbdır”.
Deputat vurğuladı ki, ümumi daxili məhsulun 100 milyard manatı keçəcəyi proqnozlaşdırılır və ümumilikdə, səkkiz ayın nəticələri onu göstərir ki, növbəti il üçün nəzərdə tutulan iqtisadi artımımız qaneedicidir.
Aydın Hüseynov “Dövlət büdcəmizin bu şəkildə tərtib olunması hansı sahələrə yönəldiləcək” sualını cavablandırarkən söylədi ki, dövlətin həyata keçirdiyi iqtisadi siyasətin ən başlıca hədəfi Azərbaycan vətəndalarının sosial rifahının yüksəldilməsidir: “Sosial təbəqəyə - şəhid ailələrinə, Vətən müharibəsi iştirakçılarına, qazilərə və bu kateqoriyadan olan vətəndaşlarımıza xüsusi diqqət göstərilir. Bu diqqətin də ifadəsi dövlət büdcəsində öz əksini tapır. Bütövlükdə sosial xərclər 2022-ci ilin dövlət büdcəsində 40 faiz təşkil edirdi. Gələn ilin büdcəsində sosial xərclərə ayrılan rəqəm 9,2 faiz artıq proqnozlaşdırılır. Əgər rəqəmlə ifadə etsək 1,3 milyard manat çox nəzərdə tutulur. Yəni, sosial xərclərə ayrılacaq vəsait 2023-cü ildə 1, 3 milyard manat çox olacaq. Bu isə şərait yaradacaq ki, əməkhaqqları, pensiyalar, təqaüdlər artırılsın”.
“Dövlətin, eləcə də hər birimizin istəyi ondan ibarətdir ki, bizim müdafiə qüdrətimiz artsın” deyən millət vəkili xatırlatdı ki, biz güclü ordumuzun sayəsində 30 il işğal altında saxlanılan torpaqlarımızı 44 günə azad etdik: “Bundan sonra da bizim ordumuzun güclü olması, potensialının, maddi-texniki bazasının təkmilləşdirilməsi, eləcə də müasir silahlarla, texnika ilə təmin olunması çox vacib məsələdir. Ona görə də 2023-cü ilin dövlət büdcəsində Strategiya ilə nəzərdə tutulan layihə və tədbirlərin maliyyələşdirilməsi üçün 5,2 milyard manat vəsait ayrılıb”.
Bu gün dünyada qlobal miqyasda ərzaq məhsullarının qiymətində artım müşahidə olunur. Avropanın ən zəngin ölkələrində yanacağın qiymətində kəskin artım var. Beynəlxalq Valyuta Fondu 2022-ci ildə bütün dünyada ciddi inflyasiyanın olacağı məlumatını vermişdi. Təbii ki, Azərbaycan vətəndaşlarını da bu mövzu düşündürməyə bilməzdi. Həmsöhbətimiz A.Hüseynov ərzaq təhlükəsizliyi məsələsinə münasibət bildirərkən qeyd etdi ki, bu amilin dayanıqlılığını təmin edən ən birinci sahə kənd təsərrüfatıdır: “Kənd təsərrüfatının, aqrar sahənin inkişaf etdirilməsi üçün dövlət büdcəsində 2020-ci illə müqayisədə 2023-cü ildə 20 faiz artıq vəsait nəzərdə tutulub. Yeni əkin sahələrinin dövriyyəyə cəlb olunması, aqrar sahədəki digər inkişafın təmin olunması üçün mühüm addımlar atılır”.
Deputat, həmçinin bildirdi ki, bir çox sahələrdə böyük potensiala malik Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında icra olunan layihələrin tamamlanması qarşıya qoyulmuş başlıca məqsədlərdəndir : “Qarabağda, eləcə də işğaldan azad olunmuş digər rayonlarda işlərin sürətlənməsi, soydaşlarımızın həmin ərazilərə qayıtması, ata-baba torpaqlarında təhlükəsiz yaşamalarının təmin olunması dövlətin həyata keçirdiyi layihələr çərçivəsindədir. Çünki işğaldan azad olunmuş torpaqlarımızda qlobal layihələr həyata keçirilir. Bu gün Şuşa Azərbaycanın mədəniyyət paytaxtı statusunda olan bir şəhərdir. Beynəlxalq tədbirlərin simpoziumların, parlamentin komitə iclaslarının Şuşada keçirilməsi çox önəmli hadisədir. Bu o deməkdir ki, Qarabağın incisi sayılan Şuşada bu mötəbər tədbirlərin keçirilməsi üçün şərait var. Bilirsiniz ki, həm Şərqi Zəngəzurda, həm də Qarabağ iqtisadi rayonunda böyük turizm potensialımız var. Təbiətinə, təbii resurslarına görə, həm də müalicəvi sularının olması orada turizmin inkişafını şərtləndirir. Ona görə də 3 milyard manat vəsait nəzərdə tutulub”.
Günel Cəlilova, “İki sahil”
Prezident İlham Əliyev Kamboca Kralını Müstəqillik Günü münasibətilə təbrik edib
Qərbi Azərbaycan İcmasının rəhbərliyi və üzvləri Zəfər abidəsini ziyarət ediblər
Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib