2019-cu ildə Rusiya Federasiyasının Soçi şəhərində «Valday» Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında Ermənistanın baş naziri Nikol Paşinyanın sərsəmləmələrini «Həmçinin Ermənistan baş nazirinin təəccüb doğuran bəyanatına toxunmaq istərdim. Bu bəyanat təkcə Azərbaycanda təəccüblə qarşılanmayıb, ona Rusiya Federasiyası tərəfindən də «Valday» forumu çərçivəsində müvafiq cavab verilib. Beləliklə, bəyanat sözbəsöz belədir: «Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə.» Birincisi, yumşaq desək, bu, yalandır. Dünya tərəfindən həm Aran, həm də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Ermənistan özü də bu qanunsuz qurumu tanımır. Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi» sözləri ilə ifşa edən Prezident İlham Əliyevin «nida»sının məntiqi nəticəsi 44 gün davam edən İkinci Qarabağ müharibəsinin Azərbaycanın Zəfəri ilə başa çatması, Nikol Paşinyanın «nöqtəsi»nin məğlubiyyəti isə Ermənistanın kapitulyasiya aktını imzalaması oldu.
Azərbaycanın işğalçı Ermənistan üzərində Qələbəsinin, regionda yaratdığı reallıqların beynəlxalq səviyyədə dəstəklənməsi, bölgədə sabitliyin yaranması üçün Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin göstərdiyi səylər, Praqa görüşündə Prezident İlham Əliyevin təşəbbüslərinin dəyərləndirilməsi ölkəmizin diplomatik uğurlarının nəticəsi idi. Praqa görüşlərində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını rəsmi bəyanatla bildirsə də, sonradan Fransanın Prezidenti Emmanuel Makron kimi digər havadarlarının təzyiqləri ilə vədinə xilaf çıxan Nikol Paşinyan və komandasının üzvləri hələ də fürsət düşdükcə özlərini təmizə çıxarmaq, işğalçılıq siyasətlərinə haqq qazandırmaq üçün həyasızlıqlarından əl çəkmirlər.
Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında ATƏT-in Minsk qrupunun həmsədri olan Fransanın Prezidentinə Praqada keçirilən dördtərəfli görüşü xatırladan Prezident İlham Əliyev «Lakin Azərbaycanın nümayiş etdirdiyi xoş mərama baxmayaraq, Praqadakı görüşdən demək olar bir həftə sonra Fransa Prezidenti təhqiramiz, qəbulolunmaz, yalan və təxribat xarakterli bəyanatlarla çıxış etdi. Bu bəyanatlar mətbuatda var, hər kəs onları görə bilər. Bu bəyanatlarda o, Azərbaycanı dəhşətli müharibə törətməkdə günahlandırıb, bununla da faktları manipulyasiya edərək, Fransa və dünya ictimaiyyətini çaşdırmağa səy göstərib» mesajı siyasi iradənin nəticəsi idi. Emmanuel Makronun «Fransa heç vaxt Ermənistanı atmayacaq» bəyanatının münasibətlərə zərbə vurduğunu da bildirən dövlət başçımız diqqətə çatdırıb ki, Fransanın xarici işlər nazirinin Azərbaycanın əleyhinə yalan bəyanatlar verməsi, bu ölkənin Senatı və aşağı palata parlamenti tərəfindən İkinci Qarabağ müharibəsi dövründə qondarma «Dağlıq Qarabağ respublikası»nı tanıyan qətnamələr qəbul etmələri başqa dövlətin daxili işlərinə qarışmaqdır. Dövlət başçımız İlham Əliyev fransalı həmkarına dünya siyasətindən xəbərsiz olduğunu «Biz hələ ki səbir nümayiş etdiririk, lakin bunun da bir həddi var. 2020-ci ilin noyabr Bəyanatının bu iki vacib bəndi icra edilməsə, bizim adekvat tədbir görməkdən başqa seçimimiz qalmayacaq» sözləri ilə xatırladır.
Amma hələ də məğlubiyyətindən, Azərbaycanın verdiyi qulaqburmasından nəticə çıxarmayan Ermənistan sərhədlərdə təxribat törətməkdə davam edir, ölkəmizin sülh sazişinin imzalanması üçün təklif etdiyi bəndləri qəbul etdiyini sözdə bəyan etsə də mövqeyini dəstəkçilərinin əmri əsasında dəyişir. Erməni yalanları isə hələ də davam edir.
Bu günlərdə MDB Hökumət Başçıları Şurasının Astanada keçirilən iclasında çıxış edən Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryanın Azərbaycanın ünvanına ittihamlar səsləndirməsi də eyni mənbədən qaynaqlanan təlimata uyğun sərsəmləmələrdən idi. Amma həmişə olduğu kimi, bu dəfə də erməni saxtakarlığı dalana dirəndi. Azərbaycanın Baş naziri Əli Əsədov ölkəmizə qarşı əsassız ittihamları tutarlı cavabları ilə təkzib etdi. Ermənistanın Xocalı soyqırımı da daxil olmaqla 30 ildə törətdiyi faciələri, qətliamları, müharibə cinayətlərini diqqətə çatdıran Əli Əsədov bildirdi ki, İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra belə təxribatlarını davam etdirən Ermənistanın respublikamızın ərazisi olan Zəngilan və Daşkəsən rayonlarını atəşə tutması nəticəsində Azərbaycanın 71 hərbçisi həlak olub. İşğaldan azad olunan Azərbaycan torpaqlarında aşkar edilən kütləvi məzarlıqlarda nəşləri tapılan azərbaycanlıların min bir əzabla qətlə yetirildikləri sübuta yetirilib. Bölgədəki mövcud vəziyyəti, sülh sazişinin imzalanması ilə bağlı qəbul olunan tarixi bəyanatları diqqətə çatdıran Əli Əsədov vurğuladı ki, Azərbaycan ilk gündən sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komisiyanın yaradılması prosesinə başlasa da, Ermənistan tərəfi müxtəlif bəhanələrlə bu işə əngəl törədir. «Fəlsəfədə əxlaq deyilən bir anlayış var. Əxlaq həm insani, həm də dövlətlərarası münasibətlərə aiddir. Qonşu dövlətin ərazisini 30 il ərzində işğal altında saxlamış, keçmiş Dağlıq Qarabağa heç bir aidiyyəti olmayan yeddi rayonu işğal etmiş, silahlı qüvvələri suveren qonşu dövlətin ərazisində daşı-daş üstündə qoymamış, dağıdıla biləcək nə varsa hamısını- şəhərləri, kəndləri, bütün canlı və cansız varlıqları, ekologiyanı, əxlaqi, mənəvi dəyərləri məhv etmiş ölkə bu gün, guya bizim Silahlı Qüvvələrimiz tərəfindən Ermənistanın ərazi bütövlüyünü pozan hansı məqamlardan danışır» sözləri ilə Ermənistan nümayəndəsinin sözlərini boykot edən Əli Əsədov bildirdi ki, bölgədə sülhün yaranması üçün bütün öhdəlikləri yerinə yetirən Azərbaycandan fərqli olaraq Ermənistan hələ də təxribatlar törətməklə sülh sazişini əngəlləyir.
Erməni saxtakarlığına daha bir misal. Özbəkistanın Səmərqənd şəhərində keçirilən Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının 54-cü plenar iclasında iştirak edən Milli Məclisin Sədri Sahibə Qafarova da tədbirdə çıxış edən Ermənistanın spikeri Alen Simonyanın həqiqətdən kənar iddialarına tutarlı cavab verib. Qeyd olunub ki, İkinci Qarabağ müharibəsinin davam etdiyi müddətdə hərbi əməliyyatlardan çox uzaqda yerləşən Gəncəyə, Tərtərə, Bərdəyə və digər şəhərlərə raket zərbələri endirən Ermənistanın təxribatları nəticəsində dinc sakinlər qətlə yetirilib. Ermənistan terrorçularının işğal altında qalan Azərbaycan torpaqlarında basdırdıqları minalar nəticəsində hələ də mülki azərbaycanlılar həyatlarını itirirlər. Birinci Qarabağ müharibəsində itkin düşmüş 4000-ə yaxın azərbaycanlının taleyi ilə bağlı Ermənistana ünvanlanan sorğu hələ də cavabsız qalıb. Amma Azərbaycan tərəfi əsir düşən erməniləri vətənlərinə qaytarmaqla humanizm prinsiplərinə sadiq ölkə olduğunu sübut edib. 30 il ərzində doğma evlərindən qaçqın, köçkün düşmüş bir milyondan artıq azərbaycanlının elementar hüquqlarını pozan Ermənistan hansı haqla ədalətdən danışır. «İndi bir sual vermək istəyirəm: Ermənistanın Baş Prokurorluğu internetdə yayılmış digər videolarla bağlı hansısa tədbirlər görürmü? Cənab Simonyan nədənsə onların adını çəkmədi. Bu kadrlar isə həlak olan Azərbaycan əsgərlərinin cəsədlərinin təhqir olunmasından, daha doğrusu ələ salınmasından xəbər verir» sözləri ilə ermənistanlı həmkarının «Dağlıq Qarabağ» ifadəsinə etirazını Azərbaycanda Dağlıq Qarabağ adlı ərazi vahidinin olmadığını bildirən Sahibə Qafarova ermənilər tərəfindən dağıdılan tarixi abidələrimizi erməni vandalizminin nəticələri adlandırıb.
Göründüyü kimi, faşist, terrorçu mahiyyətini dəyişməyən ermənilər genlərində daşıdıqları ənənələrinə sadiqdirlər. Günahkar olsalar belə özləri haqqında «məzlum xalq» imicini formalaşdırmaq üçün cilddən-cildə girərək beynəlxalq ictimaiyyəti aldatmaqda davam edirlər. Amma unudurlar ki, erməni yalanlarını ifşa edən Azərbaycan həqiqətləri daha inandırıcı olduğu üçün hər zaman dəstəklənir.
Xuraman İsmayılqızı, «İki sahil»
Prezident İlham Əliyev Kamboca Kralını Müstəqillik Günü münasibətilə təbrik edib
Qərbi Azərbaycan İcmasının rəhbərliyi və üzvləri Zəfər abidəsini ziyarət ediblər
Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib