01 noyabr 2022 10:06
462

Yeni Azərbaycan Partiyası zəfərlərə yol açan partiyadır

1992-ci ildə xalqın istəyi, zamanın tələbi ilə yaradılan Yeni Azərbaycan Partiyası (YAP) 30 illiyini qeyd edir. Zəfər ruhlu yubiley tədbirləri 30 illik zəngin tarixin vərəqlənməsi fonunda qarşıdakı dövrün hədəflərinə yol açır, ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyasını xalqın partiyasına çevirən amillərə işıq salır. Bu gün hər bir partiya üzvü qürurludur ki, hər günü tarixinə mühüm hadisələrlə yazan, milyonların partiyası olduğunu əməli fəaliyyəti ilə təsdiqləyən Yeni Azərbaycan Partiyası həyatının bu önəmli gününü şanlı Zəfərimizin reallıqları əsasında qeyd edir. Ötən il YAP VII qurultayını keçirdi, yeni qərarları ilə qarşıdakı dövrün hədəflərini açıqladı, bu il isə qət etdiyi 30 ilin hesabatını verərək yeni bir mərhələyə qədəm qoyacaq.

30 il özündə hansı məqamları, tarixi hadisələri, uğurları birləşdirir? 30 ildə ölkəmizin həyatında saysız-hesabsız tarixi günlər yaşanıb, biri-birindən əhəmiyyətli uğurlara imza atılıb. Bunun üçün partiyanın yaradıldığı dövrün reallıqlarına nəzər salmaq kifayətdir. Bu reallıqlar xalqın böyük əksəriyyətinin istəklərini özündə əks etdirən 91 nəfər ziyalının ulu öndər Heydər Əliyevə Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciətində əksini tapıb. Həmin müraciətdə bildirilirdi ki, yaşadığımız dövrün səciyyəvi cəhətlərinin, cəmiyyətin inkişaf meyillərinin iqtidar tərəfindən düzgün qiymətləndirilməməsi, fərsiz kadr siyasəti, siyasi idarəetmə səriştəsi olmayan təsadüfi adamların dövlət strukturlarında yüksək vəzifələrə təyin edilməsi respublikamızın onsuz da ağır olan durumunu daha da dərinləşdirir. Minlərlə şifahi və yazılı vətəndaş təkliflərinə əsaslanaraq belə bir qənaətə gəlirik ki, yaratmaq istədiyimiz Yeni Azərbaycan Partiyasına bu gün rəhbərlik etməyə qadir olan yeganə mütləq lider Siz ola bilərsiniz. Yalnız bu halda yaranmaqda olan partiya öz qarşısına qoyduğu məqsədə çatar, respublikanın bütün zümrələrindən olan xalq kütləsini öz ətrafında birləşdirərək Azərbaycanın siyasi-iqtisadi həyatında mövcud olan boşluğu doldurar, dövlət quruculuğu işlərinə öz layiqli töhfəsini verə bilər. Yeni Azərbaycan Partiyasını yeni düşüncə tərzli insanların Sizin ətrafınızda sıx birləşdiyi mütəşəkkil, güclü, aparıcı qüvvəyə malik bir partiya kimi görürük. Dahi şəxsiyyət Heydər Əliyevin xalqın səsinə səs verərək ona ünvanlanan müraciətə “Yeni müstəqil Azərbaycan uğrunda” cavabı bugünümüz üçün möhkəm təməl oldu. Ümummilli Lider yeni yaradılan partiyanın gələcəyinə inamını ifadə etdi, fəaliyyətində fəal iştirak etməyə hazır olduğunu bildirdi.

30 illik yolun təhlili bu fikri böyük inamla qeyd etməyə əsas verir ki, Yeni Azərbaycan Partiyası Azərbaycan cəmiyyətinin ən möhtəşəm, güclü siyasi təşkilatı kimi özünü təsdiq edib.

Dövlət başçısı, YAP Sədri İlham Əliyevin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyası yarananda müxalifət partiyası kimi yaranmışdı. Ancaq özünü müxalifət adlandıran indiki qruplardan fərqli olaraq, Yeni Azərbaycan Partiyası heç vaxt Azərbaycan dövlətçiliyinə müxalifətdə olmamışdır. Yeni Azərbaycan Partiyası o vaxtkı antimilli və satqın iqtidara qarşı müxalifətdə idi və bu müxalifətdə tək deyildi. Bütün Azərbaycan xalqı o iqtidara müxalifətdə idi. Çünki hakimiyyətdə olanların səriştəsizliyi, bacarıqsızlığı, satqınlığı, milli xəyanət nümunələri, əlbəttə ki, bütün Azərbaycan xalqında onlara qarşı çox mənfi rəy formalaşdırmışdı.

Yeni Azərbaycan Partiyası yaradılmasından çox az sonra iqtidar partiyasına çevrildi. Azərbaycanın o illərdə yaşadığı vəziyyət xalqın sabaha ümidlərini itirmişdi. Azərbaycan müstəqilliyini itirmək, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. Azərbaycan Silahlı Qüvvələrinin torpaqlarımızın deyil, ayrı-ayrı dairələrin maraqlarının ifadəçisinə çevrilməsi ərazilərimizin işğalına səbəb olmuşdu ki, bu da xalqın səbir kasasını doldurmuşdu. Xalqın belə çətin məqamda xilaskarına ehtiyacı var idi. Xalq ayağa qalxdı, üzünü Naxçıvana- xilaskarı Heydər Əliyevə tutdu. Vətənini, xalqını canından artıq sevən ulu öndər Heydər Əliyev xalqının, ölkəsinin taleyinə biganə qala bilməzdi. Ümummilli Lider 1993-cü ildə xalqın təkidli tələbi əsasında hakimiyyətə qayıdışı ilə Azərbaycanı düşdüyü ağır vəziyyətdən xilas etdi. Ulu öndər Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri, oktyabrın 3-də isə Prezident seçildi. Bundan sonra həm ölkəmizin, həm də Yeni Azərbaycan Partiyasının həyatında yeni mərhələ başladı. Ümummilli Lider Azərbaycanın, eyni zamanda, Yeni Azərbaycan Partiyasının gələcəyinə böyük inamla baxırdı. Bildirirdi ki, bu çətin günlər keçib gedəcək, hər kəs belə güclü, qüdrətli ölkənin vətəndaşı olduğu üçün qürur duyacaq. Təbii ki, bu əminlik Ümummilli Liderin zəngin dövlətçilik təcrübəsinə, uğurlu və düşünülmüş siyasəti ilə Azərbaycanı inkişaf yoluna çıxarmaq imkanlarına əsaslanırdı. Ulu Öndər, həmçinin Yeni Azərbaycan Partiyasını dünənin, bu günün və gələcəyin partiyası kimi xarakterizə edirdi. Onun “Yeni Azərbaycan Partiyasının çox parlaq gələcəyi var. Yeni Azərbaycan Partiyası daim yaşayacaqdır. Mən əminəm ki, Yeni Azərbaycan Partiyasına yeni-yeni gənc üzvlər gələcəklər, bu partiyanın prinsiplərini günü-gündən yüksəklərə qaldıracaqlar və Yeni Azərbaycan Partiyası Azərbaycanın gələcəyinə xidmət edəcəkdir” fikirləri də bu inamın, etimadın göstəricisi idi.

Ulu öndər Heydər Əliyevin əminliklə səsləndirdiyi bu fikirlər qısa zamanda reallıqda öz əksini tapdı. Dövləti, xalqı fəaliyyətinin önündə saxlayan partiyaya, onun Liderinə milyonların sevgisi və inamı şəksizdir. Məhz bu sevgi partiyaya böyük güc verdi, yeni-yeni hədəflərə doğru inamla irəliləyərək cəmiyyətin avanqard qüvvəsinə çevrildi. Yeni Azərbaycan Partiyasının yaranması, keçdiyi şərəfli yol Azərbaycanın müasir tarixinin ən önəmli hadisəsi kimi xarakterizə edilir. YAP nəinki Azərbaycan tarixində, müasir dünyada ən uğurlu siyasi təşkilatlardan biridir. Dövlət başçısı İlham Əliyev 2006-cı ildə YAP Xaçmaz rayon təşkilatının fəalları ilə görüşündə “Yeni Azərbaycan Partiyası Azərbaycanın müasir tarixində böyük bir fenomendir” söyləyərək bu fikirləri də əlavə etmişdi ki, çətin şəraitdə, təzyiqlərlə, hədə-qorxularla üzləşərək, bütün məhrumiyyətlərlə üzləşərək, həm partiya üçün, həm partiya fəalları, həm də ölkə üçün, demək olar, ən ağır dönəmdə yaranan bu partiya möhkəmləndi, gücləndi və bu gün bölgədə onun analoqu yoxdur. Nəinki Azərbaycanda, qonşu ölkələrdə də Yeni Azərbaycan Partiyası kimi güclü, mütəşəkkil qüvvə yoxdur: “Mən partiyanın inkişafı üçün, partiya quruculuğu üçün əlimdən gələni edirəm və edəcəyəm. Partiyanın Sədri kimi bu yüksək məsuliyyəti dərk edirəm. Heydər Əliyevdən sonra partiyaya rəhbərlik etmək böyük şərəfdir. Əlbəttə ki, mən çalışıram həm Prezident kimi öz vəzifə borcumu şərəflə yerinə yetirim və həm də partiya Sədri kimi bütün işlərdə fəal olmağa çalışıram və bunu edirəm.”

30 il Yeni Azərbaycan Partiyasının həyatında Azərbaycan xalqına xidmət kimi səciyyələnir. Həmçinin 30 ilin uğurlarına söykənərək bu reallığı böyük fəxr hissi ilə qeyd edirik ki, ötən müddət ərzində Azərbaycan müstəqillik yolunda yeni addımlarını atan dövlətin qarşısında dayanan vəzifələri yüksək səviyyədə yerinə yetirdi. Ümummilli Liderin gələcəyə hesablanmış siyasəti nəticəsində Azərbaycan yenidən quruldu. Dövlətçiliyimizin əsasları yaradıldı. Ölkəmizdə demokratik cəmiyyətin varlığını təsdiqləyən bütün təsisatlar yaradıldı və uğurlu inkişafı üçün əhəmiyyətli addımlar atıldı. Hər bir ölkənin inkişafında sabitliyin rolunu önə çəkən ulu öndər Heydər Əliyev bildirirdi ki, sabitlik olmasa sosial-iqtisadi layihələrin həyata keçirilməsi mümkünsüzdür. Azərbaycan qısa müddətdə sabitlik diyarına çevrildi. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın bugününə və gələcəyinə inamı artırdı. Ölkəmizin iqtisadi və siyasi müstəqilliyi təmin edildi. Azərbaycan yeni dostlar, tərəfdaşlar qazandı. Regionda yeni əməkdaşlıq formatları yaradıldı. Ölkəmizin iştirakı və təşəbbüsü ilə həyata keçirilən enerji və nəqliyyat layihələri Azərbaycanın dövlətlər, xalqlar arasında körpü rolunu möhkəmləndirdi. Azərbaycan həqiqətlərinin təbliği üçün geniş imkanlar yarandı. Ölkəmiz beynəlxalq təcriddən xilas oldu. Hazırda tarixə qovuşan Qarabağ münaqişəsinin əsl mahiyyəti faktlar əsasında dünya ictimaiyyətinə çatdırıldı. Ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. Sülh danışıqlarının cəsarətlə aparılması üçün güclü ordunun olması vacib amillərdən biri kimi qeyd edilirdi. Bu gün Azərbaycana hansı sahədən baxsaq inkişafın, tərəqqinin geniş vüsət aldığını böyük inamla qeyd edərik. Bunlar Azərbaycanın 30 ildə keçdiyi inkişaf yolunun qısa təqdimatıdır. Bu uğurlara ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti və son 19 ildə bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində nail olunub.

Sadalanan hər bir uğurda öz payı olan Yeni Azərbaycan Partiyası sözlə əməl birliyini doğrultmaqla xalqın ona olan inamını, etimadını artırdı. Bu gün partiyanın sıralarında 800 minə yaxın üzv birləşib. Yeni Azərbaycan Partiyasının sıralarında bu qədər üzvün birləşməsi təbii ki, ulu öndər Heydər Əliyevin ideyalarına sədaqətin, həmçinin cənab İlham Əliyevin siyasətinə inamın göstəricisidir. Bu fikri də böyük inamla qeyd edirik ki, Yeni Azərbaycan Partiyası ölkədəki siyasi ab-havanın ifadəsidir. Bu gün ölkədə hər hansı siyasi hadisə Yeni Azərbaycan Partiyasının iradəsindən kənarda mövcud ola bilməz. Yeni Azərbaycan Partiyasının fəaliyyəti, mövcudluğu Azərbaycanda sabitliyin təməl prinsiplərindəndir. Tutduğu yola sadiqliyinə əsaslanaraq bu fikri də əminliklə qeyd edirik ki, Yeni Azərbaycan Partiyasının şərəfli tarixinə uzun illər yeni-yeni şanlı səhifələr yazılacaq. YAP-ın fəaliyyəti Azərbaycanda sabitlik, əmin-amanlıq, tərəqqi, Azərbaycanın maraqlarının qətiyyətlə qorunması, müdafiəsi, ölkəmizin müasirləşməsi, yeniləşməsi, dünya birliyində özünə layiq yer tutması deməkdir.

Ümummilli lider Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində yaradılan möhkəm təməl 2003-cü ildən sonrakı dövrdə qazanılan uğurların əsası oldu. Ulu Öndər 2003-cü ildə xalqa tarixi müraciətində inamın növbəti ünvanını göstərməklə yanaşı, ifadə olunan əminliyə əsas verən məqamlara da işıq saldı. Dahi şəxsiyyət Heydər Əliyev cənab İlham Əliyevə Özü qədər inandığını bəyan etdi. 2003-cü ildə xalqın 76, 84 faiz səsini qazanaraq Prezident seçilən cənab İlham Əliyevin andiçmə mərasimində səsləndirdiyi bu fikirlər müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin istər hakimiyyətinin birinci, istərsə də ikinci dövründə xalqımız, dövlətimiz qarşısında işlərin, göstərdiyi misilsiz xidmətlərin təqdimatı oldu: “Heydər Əliyevin siyasəti Azərbaycana böyük uğurlar gətiribdir. Bütün sahələrdə Azərbaycan inkişaf edir, uğurlar qazanıb. Azərbaycan beynəlxalq aləmdə özünəlayiq yerini tuta bilibdir, Azərbaycanın nüfuzu artıbdır. İndi Azərbaycanla hesablaşırlar, Azərbaycana hörmət edirlər. Regionda bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı ilə, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.” Populizmə deyil, reallıqlara yüksək dəyər verən xalqımız Heydər Əliyev yolunun Azərbaycana qazandırdığı uğurlar fonunda 2003-cü il 15 oktyabr prezident seçkilərində yüksək fəallıq nümayiş etdirib cənab İlham Əliyevi dəstəkləməklə növbəti dövr üçün uğurlarımızı şərtləndirdi. Möhtərəm Prezidentimiz İlham Əliyevin 2003-cü ildə keçirilən andiçmə mərasimində ifadə etdiyi bu əminliyi bir daha yada salaq: “Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm.”

Son 19 ilin uğurları dövlət başçısı İlham Əliyevin hər vədinin arxasında konkret əməli işin dayandığını təsdiqləyir. Cənab İlham Əliyev “Neft kapitalını insan kapitalına çevirək!” tezisini irəli sürdü, regionların malik olduğu potensialdan səmərəli istifadənin vacibliyini bildirdi. Regional inkişaf proqramlarının uğurlu icrası nəticəsində bu gün paytaxt və bölgələrimiz arasında fərq tamamilə aradan götürülüb. Azərbaycanın uğurla həyata keçirdiyi iqtisadiyyatın şaxələndirilməsi siyasəti beynəlxalq maliyyə qurumlarının hesabatlarında təqdir edilir. Ölkəmiz dünyanın ən islahatçı ölkələri sırasında qərarlaşıb. Azərbaycanın enerji sektorunda qazandığı uğurlar maliyyə imkanlarının artmasında əhəmiyyətli rol oynayır ki, bu da öz növbəsində mühüm sosial-iqtisadi layihələrin icrasını şərtləndirir. 2017-ci ilin sentyabrında Bakıda “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni Sazişin imzalanması Azərbaycanın enerji sektorunda qazandığı mühüm uğurlar sırasındadır. Həmçinin Cənub Qaz Dəhlizi layihəsi tam şəkildə reallığa çevrildi. Prezident İlham Əliyev 2003-cü ildə keçirilən andiçmə mərasimində bu inamı da ifadə etmişdir: “Gələcəkdə Azərbaycan öz iqtisadi potensialını inkişaf etdirdikcə, Azərbaycanda yeni neft yataqları kəşf olunandan sonra, BTC neft kəməri istismara veriləndən sonra, əlbəttə, ölkəmizin imkanları daha da artacaqdır. Hər il Azərbaycana milyardlarla dollar vəsait daxil olacaqdır. Bu vəsaitlə Azərbaycanda bütün sahələrdə quruculuq işləri aparılacaq, sosial problemlərin həlli istiqamətində böyük işlər görüləcəkdir.”

Bu gün hansı sahəyə diqqət yetirsək ulu öndər Heydər Əliyevin siyasətinin uğurlu davamını görərik. Azərbaycan hazırda dünyaya nadir inkişaf modelini təqdim edir. Bu model dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə istinadən hazırlanıb. Azərbaycan iqtisadi müstəqilliyini təmin etməklə dünya birliyində söz sahibliyini də artırdı. Sözünün imzası qədər əhəmiyyətli olduğunu atdığı hər addımında təsdiqləyən Azərbaycan iki ildir qalib ölkə olaraq yaratdığı reallıqları təqdim edir.

Azərbaycanın bugününü dünəni ilə müqayisə etdikdə torpaqlarımızın işğaldan azad edilməsinə və bundan sonra başlanacaq bərpa işlərinə hazırlığın şahidi oluruq. Ölkəmizin iqtisadi imkanlarının artması fonunda ordu quruculuğu sahəsində mühüm addımlar atıldı. Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşdı. Azərbaycan siyasi mövqeyini möhkəmləndirməklə 30 illin işğalına son qoyulmasında əhəmiyyətli rol oynayan möhkəm hüquqi bazanı formalaşdırdı.

Bir mühüm məqamı da qeyd etməliyik ki, Azərbaycanın davamlı uğurlarında təkmil idarəçilik sisteminin yaradılması, dövrün tələbinə uyğun olaraq islahatların aparılması əhəmiyyətli rol oynayır. Azərbaycanda vitse-prezidentlik institutunun yaradılması, cənab İlham Əliyevin Sərəncamı ilə 2017-ci ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsi uğurlarımızın davamlılığına böyük töhfələr verir. Dövlət başçısı İlham Əliyev 2018-ci ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq yenidən Prezident seçildikdən sonra andiçmə mərasimində qarşıdakı dövrün islahatlarının anonsunu verdi. Bu fikir xüsusi qeyd edildi ki, dövr dəyişir, həyat yerində durmur, qarşıda yeni vəzifələr dayanır. İslahatlar labüddür.

İrəli sürdüyü təşəbbüsləri, qəbul etdiyi qərarları ilə ölkəmizin daha da inkişafına, xalqımızın yüksək rifah şəraitində yaşamasına öz töhfələrini verən YAP ölkədə gedən islahatlar prosesinin qanunvericilik orqanında da öz əksini tapması üçün 2019-cu ilin sonlarında parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Bu təşəbbüs prosedur qaydalarına uyğun addımların atılması, eyni zamanda, dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 9 fevral 2020-ci il tarixə təyin olunmuş növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə nəticələndi. Yeni Azərbaycan Partiyasının VI çağırış Azərbaycan Respublikasının Milli Məclisində 69 deputatla təmsil olunur. Yeni Azərbaycan Partiyasının sözügedən təşəbbüsü yeniliyə, təkmilləşməyə nə qədər açıq, Azərbaycanın inkişafı üçün zəruri olan addımları atmağa hazır olduğunu təsdiqlədi.

2020-ci il ölkəmizin həyatında daha bir mühüm hadisə ilə yadda qaldı. Azərbaycan Zəfəri ilə dünyaya səs saldı. Artıq tarixi Zəfərimizin ikinci ildönümünü qeyd edirik. 2020-ci il sentyabrın 27-də xalqa müraciətində Ali Baş Komandan hər kəsi birliyə çağırdı və dövlət-xalq-ordu vəhdəti 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizi şərtləndirdi. Cənab İlham Əliyevin xalqa müraciətindəki mətinlik, qətiyyət onu göstərdi ki, qüdrətli Sərkərdə güclü ordusuna və arxasında dayanan Azərbaycan xalqına güvənir. Xalq isə hər zaman olduğu kimi, öz Liderinə arxalanır və Qələbə müjdəsini səbirsizliklə gözləyirdi. Azərbaycan istər döyüş meydanında, istərsə də informasiya cəbhəsində böyük üstünlüyə malik olduğunu atdığı addımları ilə təsdiqlədi. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən müharibəsi dövründə 30-dan artıq xarici mətbuata müsahibələrinin hər birində tarix, hüquq və milli qürur dərsləri ilə Qarabağ münaqişəsinin əsl mahiyyətini, müharibənin başlama səbəblərini açıqladı, terrorun Ermənistan tərəfindən dövlət səviyyəsində dəstəkləndiyini sübut etdi. Azərbaycan Ordusunun hər bir addımı qəhrəmanlıq dastanına çevrildi. Sentyabrın 27-dən noyabrın 9-dək davam edən Vətən savaşı müddətində Azərbaycan Ordusu tərəfindən 5 şəhər, 4 qəsəbə və 300-ə yaxın yaşayış məntəqəsi azad edildi. Tarixi Zəfərimizdə Azərbaycan əsgərlərinin torpaq, Vətən sevgisi əsas rol oynadı. Qanları, canları ilə tarix yazan şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə şəfa diləyirik.

İkinci Qarabağ müharibəsinin başa çatmasından 6 gün sonra - noyabrın 16-da Ali Baş Komandan qalib Sərkərdə kimi işğaldan azad edilmiş ərazilərimizə səfər etdi. Bu, tarixi hadisə kimi dəyərləndirildi. Həmin səfəri zamanı Silahlı Qüvvələrin Ali Baş Komandanı dastana çevrilən Şuşa əməliyyatının qəhrəmanlarının getdikləri yolu Zəfər yolu adlandırdı və Füzulidən Şuşaya yeni avtomobil yolunun təməlini qoydu. Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərə ilk səfərləri Azərbaycanın nadir dirçəliş modelinin dünyaya təqdimatı oldu. Müharibədən dərhal sonra belə genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilməsi ölkəmizin iqtisadi və maliyyə imkanlarının təqdimatı olmaqla yanaşı, xalqımızın torpaqların sahibi olaraq bu dağıntıları bərpa işləri ilə əvəzləmək istəyini, qurucu xalq olduğunu nümayiş etdirdi. Qarabağ və Şərqi Zəngəzur cənnət məkana çevrilir.

Azərbaycanın uğurlarında öz payı, rolu olan Yeni Azərbaycan Partiyası Zəfərin reallıqları fonunda VII qurultayını keçirdi. Qurultayda yeni qərarların qəbulu, yeni tərkibin formalaşması qarşıdakı dövr üçün görüləcək işlərin aydın mənzərəsini yaratdı. Proqram xarakterli çıxışında Azərbaycanın qazandığı uğurlardan geniş bəhs edən dövlət başçısı İlham Əliyev bildirdi ki, onların arasında ən önəmlisi ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq Qələbənin qazanılmasıdır. Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti bərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu. Şanlı Qələbəmiz qürur mənbəyimizdir. Bu gün bizim Qələbəmiz dünyanın aparıcı ölkələrinin aparıcı ali məktəblərində öyrənilir. Azərbaycan xalqı birlik, həmrəylik göstərdi. Azərbaycan Ordusu rəşadət, qəhrəmanlıq, peşəkarlıq göstərdi. Bütün xalqımız bir yumruq kimi birləşib, düşmənə sarsıdıcı zərbələr vurub öz tarixi torpaqlarını işğalçılardan azad etdi. Biz bu tarixi missiyanı yerinə yetirdik. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan bu çağırışı da etdi: “Bu gün Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsinin zərurəti məhz bu səbəblərdən doğur. Yeni bir vəziyyət yaranmışdır, bu vəziyyəti biz yaratmışıq. Biz reallıqları yaradan ölkəyik.”

Yeni Azərbaycan Partiyasının Zəfər ruhlu VII qurultayı ölkəmizin, partiyanın ötən dövrdə qazandığı uğurların təqdimatı oldu. Prezident İlham Əliyev məhz bu uğurlara söykənərək Yeni Azərbaycan Partiyasının bundan sonra da ölkəmizdə gedən proseslərin mərkəzində olacağına əminliyini ifadə edərək belə bir reallığı da diqqətə çatdırdı ki, müstəqillik bizim ən böyük sərvətimizdir, ən böyük dəyərimizdir. Müstəqillik illərində biz bir amalla yaşayırdıq ki, doğma torpağımızı düşmənin əlindən alaq, işğaldan azad edək və ərazi bütövlüyümüzü bərpa edək. Biz buna nail olduq.

Təbii ki, 30 ilin uğurlarını bir yazıda əhatə etmək mümkün deyil. Reallıq budur ki, Yeni Azərbaycan Partiyası tutduğu yola sadiqdir, dövlətə, xalqa xidməti hər zaman fəaliyyətinin önündə saxlayaraq milyonların sevgisini qazanır. Partiyanın ölkədə keçirilən hər bir seçkidən qələbə ilə çıxmasında da bu amilin rolu böyükdür. Hazırda ölkəmiz həyatının yeni mərhələsini – işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq dövrünü yaşayır. Əsas hədəf bu işləri tezliklə başa çatdırmaq və soydaşlarımızın tam şəkildə Böyük Qayıdışını həyata keçirməkdir. Yeni Azərbaycan Partiyasının təsdiqlənən yeni Proqramında da bu hədəf xüsusi qeyd edilib. Dövlət başçısı İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın birgə səyləri nəticəsində qazanılan uğurların davamlılığı, birliyimiz, həmrəyliyimiz bu hədəfə də yüksək səviyyədə nail olacağımıza əsas verir. Yeni Azərbaycan Partiyasının VII qurultayının mühüm hadisələri sırasında yer alan Mehriban xanım Əliyevanın YAP Sədrinin Birinci müavini təyin edilməsi tarixi Zəfərimizin yaratdığı reallıqların ölkəmizin, həmçinin partiyanın qarşısına qoyduğu vəzifələrin uğurlu icrasında öz sözünü deyir. Yeni Azərbaycan Partiyası zəfərlərə yol açan, dünənin, bu günün və gələcəyin partiyasıdır. Partiyanın çoxminli üzvləri 30 ilin uğurları fonunda gələcəyə daha böyük inamla addımlayırlar.

Məşhur Məmmədov,
Milli Məclisin deputatı