«Ölkə başçısının qeyd etdiyi kimi, Qarabağ münaqişəsi artıq tarixdə qalıb. Münaqişə iki il bundan əvvəl həll edilib. Bu baxımdan, burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması isə çox ciddi addımlar tələb edən formatdır. Oktyabrın 31-də Soçi şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən üçtərəfli görüş Ermənistanın şovinist siyasətinin iflası kimi dəyərləndirilməlidir.»
Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib.
K.Bayramov qeyd edib ki, Soçi görüşündə, ATƏT-in Minsk qrupunun adının çəkilməməsi, “Dağlıq Qarabağ münaqişəsi” ifadəsinə rast gəlinməməsi, son günlər ermənilər tərəfindən tez-tez gündəmə gətirilən status məsələsinə toxunulmaması dövlətimizin qətiyyətli mövqeyini bir daha nümayiş etdirdi. Görüşdə tərəflər əvvəllər imzalanmış üçtərəfli razılaşmaların həyata keçirilməsinin gedişi, ticarət-iqtisadi, nəqliyyat əlaqələrinin bərpa edilməsi, Azərbaycan ilə Ermənistan arasında sərhədlərin delimitasiyası, demarkasiyası və digər məsələlərlə bağlı fikir mübadiləsi aparıblar. Üçtərəfli görüş bir Bəyanatın imzalanması ilə başa çatıb.
Deputat əlavə edib ki, Bəyanatda Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsi üçün sülhün, sabitliyin, təhlükəsizliyin təmin edilməsi və Azərbaycan-Ermənistan münasibətlərinin kompleks şəkildə normallaşdırılmasının vacibliyi vurğulanıb. Azərbaycan-Ermənistan sərhədlərinin demarkasiyası və delimitasiyasını mühüm məsələ adlandıran Rusiya Prezidenti, ölkəsinin sovet ordusu baş qərargahının arxivindəki xəritələri təqdim etməyə hazır olduğunu diqqətə çatdırıb və əlavə edib ki, bu ən dəqiq xəritələrdir. Göründüyü kimi Soçi görüşündə Rusiya bu prosesdə vasitəçi rolunu itirməməyə çalışır.
K.Bayramov əlavə edib ki, Rusiya tərəf olaraq Azərbaycan Ermənistan arasında mübahisələrin ədalətlə həll edilməsinə, o cümlədən, Cənubi Qafqazda sülh və sabitliyin möhkəmlənməsinə töhfə verməyə hazır olduğunu bildirdi. Soçidə keçirilən üçtərəfli görüşdə nəzərə çatdırıldı ki, regionun gələcəyi davamlı sülhün üzərində qurulmalıdır və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh müqaviləsinin bağlanmasına hazırlıq işləri fəal aparılmalıdır. Həmçinin, iki ölkənin xalqları arasında etimadı möhkəmlətmək məqsədilə üçtərəfli parlamentlərarası əlaqələrin başlanması üçün müsbət ab-havanın formalaşdırılması vacibdir.
Prezident İlham Əliyev Kamboca Kralını Müstəqillik Günü münasibətilə təbrik edib
Qərbi Azərbaycan İcmasının rəhbərliyi və üzvləri Zəfər abidəsini ziyarət ediblər
Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib