04 noyabr 2022 13:07
385

Zəfər Günü Azərbaycanın qüdrəti və qətiyyəti ilə yazılmış unudulmaz tarixdir

Ermənilərin Azərbaycana qarşı düşmənçilik, işğalçılıq, soyqırımı və etnik dözümsüzlük siyasəti 200 ildən çoxdur davam edir. Tarixin müxtəlif dövrlərini vərəqləsək, bu deyilənlərin faktlarla təsdiqini tapdığının şahidi olarıq. Ötən 30 il ərzində isə bu tarixi hadisələrin canlı şahidləri olaraq ermənilərin etnik azərbaycanlılara və suveren ərazilərimizə qarşı işğalçılıq, talançılıq əməllərinin acı nəticələrini yaşamışıq. 1990-cı illərin əvvəllərində yenicə müstəqillik qazanmış, ordusu tam formalaşmamış, ölkə idarəetməsində səriştəsiz və qeyri-milli ruha, əqidəyə sahib insanların təmsil olunması ölkədaxili vəziyyətin pisləşməsinə, müxtəlif sahələrdə xaosun hökm sürməsinə, ən dəhşətlisi isə vətəndaş müharibəsinin başlanmasına, hərc-mərcliyə gətirib çıxarmışdı. Sözsüz ki, bu vəziyyətdən, Azərbaycandakı anarxiyadan sui-istifadə edən ermənilər və onların havadarları ölkəmizə və xalqımıza qarşı müxtəlif məkrli niyyətlər və əməllər planlaşdırmağa və o planları ən qəddar, qeyri-insani üsullarla həyata keçirməyə başladılar. Torpaqlarımızın 20 faizinin işğal olunması, həmin ərazilərdə bütün şəhər və kəndlərimizin, abidələrimizin dağıdılması, talan edilməsi, tarixən orada yaşamış dinc soydaşlarımızın vəhşicəsində qətlə yetirilməsi, didərgin salınması tariximizin ən acılı və ağrılı səhifələrindən biridir. 1992-ci ilin 26 fevral tarixində dünya tarixində misli görünməmiş Xocalı soyqırımının törədilməsi isə təkcə azərbaycanlılara qarşı deyil, bütün bəşəriyyətə qarşı bir cinayət idi. Bütün sadalananlar erməni millətçilərinin nə qədər qəddar, amansız olduğunu sübut etməyə yetər.

Azərbaycan dövləti və xalqı bu işğalın fəsadlarını 30 il ərzində yaşadı. 30 il Ermənistan silahlı qüvvələrinin işğalı altında saxlanılan torpaqlarımızda azərbaycanlılara məxsus tarixi izlərin silinməsi, buraların saxta olaraq özününküləşdirilməsi, digər ölkələrdən etnik ermənilərin qanunsuz olaraq burada məskunlaşdırılması, terror fəaliyyətləri, təbii sərvətlərimizin bir sıra xarici şirkətlərlə birgə talan edilməsi, bu iş birliyindən külli miqdarda gəlirlərin əldə edilməsi, mənəvi terrola yanaşı, eyni zamanda bizə vurulan iqtisadi ziyanların miqyasını da ölçüyəgəlməz dərəcədə artırırdı. Ermənilərin Azərbaycana qarşı mənəvi, maddi terroru bu illər ərzində davam edib.

Mövcud vəziyyətlə əlaqədar Azərbaycan hər zaman haqq səsini ucaldırdı, beynəlxalq ictimaiyyətdən reaksiya gözləyirdi. Lakin bütün bu hadisələrin, faktların dünyanın gözü qarşısında baş verməsinə baxmayaraq Ermənistana real təzyiq və cəza tətbiq edilmədiyi üçün vəziyyət getdikcə daha da gərginləşirdi. Beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan, bir sıra beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələrə əməl etməyən Ermənistan öz məkrli əməllərindən əl çəkmir, əvəzində əsassız torpaq iddialarını daha da artırır, işğal altında saxladığı ərazilərimizdə talançılıq siyasətini davam etdirirdi. BMT kimi dünyanın ən böyük beynəlxalq təşkilatının qətnamələrini heçə sayan, başqa bir müstəqil dövlətin suveren, beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində ərazilərini zəbt edən, işğal edən bir ölkəyə qarşı bütün dünya haqq səsini ucaltmalı idi. Çünki bu işğalçılıq, beynəlxalq hüququn aliliyinin ayaqlar altına atılması və cəzasızlıq bütün dünya üçün əsl təhdid idi və müxtəlif vaxtlarda digər dövlətlərə qarşı da təkrarlanırdı. Məsələn, ermənilərin Azərbaycanla yanaşı qardaş Türkiyəyə və Gürcüstana qarşı əsassız ərazi iddialarının olduğu və zaman-zaman bu barədə açıqlamalar verdikləri də heç kəsə sirr deyil.

Azərbaycan isə yenə də səbrlə davranırdı. Beynəlxalq hüququn aliliyinə ümid edir, münaqişənin sülh yolu ilə həllinə səylər göstərirdi. Ölkəmiz və xalqımız möhkəm siyasi iradə göstərərək təşəbbüs edilən bütün dialoqlara qatılır, regionun təhlükəsizliyi və inkişafı naminə torpaqlarımızın danışıqlar yolu ilə geri qaytarılmasına çalışırdı. Ərazi bütövlüyümüzün bərpa olunması bütün dövrlərdə Prezident İlham Əliyevin dövlət siyasətinin mütləq prioriteti olub, bu istiqamətdə atılan addımlar, aparılan danışıqlar bunu deməyə əsas verir. Azərbaycan dövləti hər zaman rəsmi olaraq bəyan edib ki, öz ərazisini heç bir dövlətə güzəştə getməyəcək, aparılan danışıqlarda ərazi bütövlüyümüz müzakirə mövzusu ola bilməz. Biz sadəcə münaqişənin sülh yolu ilə həllinə çalışırıq və bunun üçün dövlətlərin və beynəlxalq təşkilatların vasitəçiliyini qəbul edirik. Bunlarla yanaşı, Azərbaycanın səbri tükənməz deyil, əgər Ermənistan sülh yolu ilə torpaqlarımızı azad etməsə, hərb yolu qaçılmazdır, yəni Azərbaycan nəyin bahasına olursa-olsun, ərazi bütövlüyünü bərpa edəcək, tarixi torpaqlarını erməni işğalından azad edəcəkdir.

Bu mənada, ötən illər ərzində atılmış hər bir addım və qəbul olunmuş hər bir qərar doğma Azərbaycan torpaqlarının işğaldan azad olunmasına xidmət edib. Beynəlxalq təşkilatlarla əməkdaşlıq münaqişənin həlli üçün zəmin yaratdı. Bütün dünya həmin ərazilərin Azərbaycana məxsusluğunu dərk edirdi, zaman-zaman bununla bağlı bəyanatlar və açıqlamalar verilirdi. 30 ilə yaxın davam edən real mənzərə isə göstərdi ki, danışqların nəticəsi olmadı, Ermənistan öz işğalçılıq və etnikəmizləmə siyaətindən əl çəkmədi. Dünya ictimaiyyəti isə beynəlxalq hüquqa əməl etməsi ilə bağlı Ermənistana heç bir təsir etmədi. Sözsüz ki, vəziyyətin bu cür davam etməsində maraqlı qüvvələr var idi və onlar münaqişənin süni şəkildə uzadılmasında maraqlı idilər. Ancaq Azərbaycan bu vəziyyətlə daha uzun müddət barışa bilməzdi. Çünki Ermənistanın müxtəlif ərazilərimizdə ardı-arası kəsilməyən təxribatları da sərhəd tanımırdı. Təkcə işğal altında saxlanılan ərazilərimizdə deyil, Ermənistanla dövlət sərhəddində yerləşən digər şəhər və kəndlərimizdə, dinc, sivil vətəndaşlarımıza qarşı da təxribatlar davam edirdi. Bu cür təxribatlardan ən iri miqyaslısı isə 2020-ci ilin iyulunda və 27 sentyabr tarixlərində baş verdi. 27 sentyabr təxribatlarına cavb olaraq Azərbaycan əks-hücum əməliyyatlarına başladı. 30 il davam edən beynəlxalq riyakarlıq tarixi ədalətin bərpa olunması üçün hərbi gücdən istifadə olunmasını qaçılmaz etdi. Azərbaycan xalqı “İrəli” əmrini gözləyirdi və bu baş verdi. Nəhayət Azərbaycan torpaqlarının azadlığı uğrunda haqq savaşına başladı.

Xalq və ordu birliyi 44 gün davam edən Vətən müharibəsində tarixi zəfərimizin qazanılmasına gətirib çıxardı. Tariximizin şanlı səhifəsi hesab olunan, əsl qəhrəmanlıq salnaməsinə çevrilən Vətən müharibəsi nəticəsində ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz qalib gəldi, Ermənistan ordusunu ağır məlubiyyətə uğradaraq, dizi üstə çökdürdü, tarixi ədaləti bərpa etdi, işğal altındakı torpaqlarımızı azad edərək, 30 illik nisgilə, həsrətə son qoydu. Bu qələbə haqqın, ədalətin qələbəsi kimi tariximizdə hər zaman qürurla və sevinclə xatırlanacaq. Bütün dünya dövlətimizin, xalqımızın və ordumuzun həmrəyliyini, vəhdətini, qüdrətini gördü. Bir daha düşmən və onun havadarları anladı ki, bu dövlətin və millətin iradəsini qırmaq mümkün deyil. Azərbaycanlılar üçün Vətən, torpaq anlaşıyı ən müqəddəs məfhumdur, bu yolda canını fəda etməyə hazır olan milyonlarla qeyrətli oğul və qızlarımız var. Bu sevinci və xoşbəxtliyi bizlərə yaşadan, qürurumuzu özümüzə qaytaran, qisasımızı alan torpaqlarımızı qanı və canı ilə azad edən şəhidlərimizi hər zaman ehtiramla və minnətdarlıqla anmalıyıq, yad etməliyik. Bir sözlə, Vətən müharibəsində əldə olunmuş qələbə effektiv ordu quruculuğu siyasətinin və iqtisadi inkişafın nəticəsidir. İqtisadi amil ölkənin qüdrətini artırdı və qələbəni reallığa çevirdi.

Məhz bu tarixi zəfərimizin dövlət səviyyəsində qeyd edilməsi məqsədilə dövlət başçısı İlham Əliyevin sərəncamı ilə 8 noyabr – tarixi Şuşa şəhərimizin işğaldan azad olunduğu gün hər il ölkəmizdə Zəfər Günü kimi yüksək səviyyədə qeyd edilir. Bu zəfər tariximizə qızıl hərflərlə yazıldı. Bu tarixi araşdırmaq, öyrənmək, təbliğ etmək, bütün dünyaya faktlarla çatdırmaq və bu günü bizlərə bəxş edən, həyatını fəda edən qəhrəmanlarımızı xatırlamaq ən müqəddəs borcumuzdur.

Vüsar İsmayılov,
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri