03 noyabr 2022 22:13
355

Ərəb Dövlətləri Liqasının Zirvə toplantısında iştirak beynəlxalq aləmdə göstərilən diqqət və ehtiramın ifadəsidir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Əlcəzair Xalq Demokratik Respublikasının Prezidentinin dəvəti ilə Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında Fəxri qonaq statusunda iştirak etməsi dövlətimizin rəhbərinə beynəlxalq aləmdə göstərilən diqqət və ehtiramın ifadəsidir.

Məlum olduğu kimi Əlcəzair uzun illər Fransanın müstəmləkəsi olmuş və fransızlar bu ölkədə ağıla gəlməz vəhşiliklər törətmişlər. 132 illik işğal dövründə  1,5 milyondan çox insan amansızlıqla qətlə yetirilmiş, ölkə viran edilmişdir. Müstəmləkə zamanı 10 milyondan çox əlcəzairlinin qurban getməsi xalqın qanlı tarixidir.

Prezidentimiz Əlcəzair şəhərində Şəhidlər Abidəsini və Milli Mücahidlər Muzeyini ziyarət edərkən Fransanın Əlcəzair xalqının başına gətirilən müsibətlərlə bir daha yaxından tanış olmuş, həyəcanını, həm də qürurunu gizlədə bilməmişdir. Onun muzeyin xatirə kitabına yazdığı ürək sözlərində bu aydın görünür: “Böyük qurbanlar verərək istiqlaliyyətə qovuşmuş qardaş Əlcəzairin bu gün inkişafını, rifahını görməkdən dost və qardaş ölkənin rəhbəri olaraq böyük qürur hissi keçirirəm”.

Özünü demokratik, sülh və əminamanlıq, xalqların bərabərliyi uğrunda mübariz kimi təqdim edən Fransanın başqa ölkələrdə demirik, Əlcəzairdə həyata keçirdiyi soyqırımlar dünyada analoqu olmayan insan qətilləridir. Bu qətlləri Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımlarla eyniləşdirmək düzgün olardı.

Ermənilər də uzun illər türklərə, azərbaycanlılara qənim kəsilmiş, yüz minlərlə insanın faciəsinə səbəb olmuşlar. Bu gündə iki dövləti çirkin məqsəddən, insanlığa zidd amallar, əməllər birləşdirir. Vaxtı ilə ərəb dünyasının ən böyük ölkəsinin 11 milyondan çox vətəndaşına muxtariyyət verməkdən imtina edən Fransa indi Qarabağda yaşayan 20 min erməniyə müstəqillik verilməsi üçün dəridən - qabıqdan çıxır, Azərbaycana qarşı məkrli siyasət yeridir, təcavüzkar Ermənistanı hər bir vasitə ilə müdafiə edir.

Cənab Prezident Sammitdəki çıxışında Fransanın hakim dairələrinin daha çox Emmanuel Makronun ermənipərəst mövqeyini ciddi tənqid etmiş, Fransa demokratiyasının iç üzünü açmış, yürüdilən siyasətin bəşəriyyətə, beynəlxalq hüquq normalarına zidd, dövlətlərin müstəqilliyinə və ərazi bütövlüyünə hörmətsizlik olduğunu aydın faktlarla göstərmişdir. Dövlətimizin başçısı bildirmişdir ki, “Fransanın Əlcəzair xalqına qarşı zorakılığı, kütləvi qəddarlığı dünya heç zaman unutmamalıdır”.

Fransanın bu gün Ermənistana verdiyi dəstək, təcavüzkarı müdafiə etmək, onu yeni müharibəyə, torpaqların zəbt edilməsinə həvəsləndirmək elə işğal siyasəti yeritməyin bir formasıdır. Xocalıda, Qaradağlıda, Xocavənddə, Kəlbəcərdə törədilən soyqırımlara, Gəncənin, Bərdənin, Tərtərin və bir çox rayonların raket atəşinə tutulmasına, yerlərdə mülki əhalinin qətlə yetirilməsinə biganə qalmaq və insanların başına bu müsibətləri gətirənləri müdafiə etmək terroru, soyqırımları dəstəkləməkdir.

Bu gün də Ermənistan çirkin əməllərindən, məkrli təxribatlardan əl çəkmir. Sərhəddə qarşıdurmalar törədir, diversiya qrupları yaradır, əsgərləri, mülki əhalini qətlə yetirir. Ermənistan tərəfindən torpaqlarımıza basdırılan bir milyondan çox mina yüzlərlə insanın qətlinə səbəb olmuşdur və təəssüflər olsun ki, öhdəlik qəbul etdiyi halda belə Ermənistan minalanmış ərazilərin xəritəsini Azərbaycana verməkdən bu günə kimi boyun qaçırır. Vaxtı ilə Fransa da məhz bu yoldan istifadə etmiş, işğal etdiyi ərazilərdə basdırdığı milyonlarla mina çox sayda insanın məhvinə səbəb olmuşdur.

Göründüyü kimi Fransa ilə Ermənistanın təcavüzkarlıq əməlləri, insanlığa yad məqsədləri üst - üstə düşür və bu iki təcavüzkar ölkə bir yolun yolçusudur. Sözsüz ki, bu yol hər iki dövləti uçuruma aparır və gələcək üçün yaxşı heç nə vəd etmir.

Bu gün Fransa prezidenti Makronun timsalında demokratik dövlət imicini itirməkdədir və yürüdilən siyasət  fransız xalqının milli maraqlarına, dövlətin gələcək inkişafına tamamilə ziddir. Şəxsi mənafeyə, vəzifədə qalmaq marağına hesablanan bu siyasət demokratik dövlətlər tərəfindən dəstəklənmir və Fransanın beynəlxalq aləmdən təcrid olunmasını, düşmənlərinin çoxalmasını sürətləndirir.

Ermənistanın vəziyyəti isə hər birimizə yaxşı məlumdur. Bu ölkə ağır vəziyyətə düşməsinə, məğlub olmasına baxmayaraq yenə də təxribatçı siyasətindən əl çəkmir. Qəbul etdiyi öhdəlikləri, imzaladığı bəyanatlardan irəli gələn vəzifələri yerinə yetirmək istəmir. Fransa kimi dövlətlərin yağlı dilinə, vədinə bel bağlayaraq çirkin niyyətlərini yenidən həyata keçirməyə çalışır. Ancaq göstərilən bütün cəhdlər əbəsdir.

Prezidentimiz Ərəb Dövlətləri Yığıncağının 31-ci Zirvə toplantısında da bu cəhdlərin əbəs olduğunu bir daha xatırlatdı və Azərbaycanın öz mövqeyində, tutduğu yolda qətiyyətli olduğunu bütün dünyaya bəyan etdi.

Tahir Rzayev,
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri