Və yaxud “313” rəqəmi mollakratiya üçün hansı məna kəsb edir?
Açıq, rəngsiz-boyasız demək lazımdır ki, İran Azərbaycana qarşı heç vaxt səmimi olmayıb. Şovinist fars mollakratiyasının ölkəmizə qarşı siyasətinin təməlində həmişə riyakarlıq, ikiüzlülük və düşmənçilik dayanıb.
Xüsusilə Azərbaycan qırx dörd günlük Vətən müharibəsində öz sərhədlərini işğaldan azad etdikdən sonra İran var gücü ilə ölkəmizə qarşı təxribatçı əməllər törədərək Cənubi Qafqazda yeni gərginlik və təxribat ocaqları yaratmaq üçün ən çirkin vasitələrə əl atır. İş o yerə çatıb ki, bu gün molla rejimi Azərbaycanı İran cəmiyyətinə “xarici düşmən” kimi təqdim etməkdən belə çəkinmir. Vaxtilə bu ölkənin Xarici İşlər Nazirliyində çalışmış və dini rəhbərliyə yaxın olduğu bildirilən Əbülfəzl Zühdüvənd adlı bir üzdəniraq abır-həya etmədən, heç bir diplomatik və etiket qaydalarını gözləmədən Azərbaycanı qorxunc bir fenomen və İran üçün xərçəng hüceyrəsi adlandırır.
Təcavüzkar Ermənistanın təxminən 30 illik işğalı dövründə İran işğal altındakı ərazilərdə Azərbaycan xalqına məxsus milli-mədəni irsin dağıdılmasına, məscidlərin uçurulması və təhqir olunmasına göz yumub, İrəvanda, Şuşada guya farslara məzsus iki məscidi bərpa etməklə Ermənistanın “humanist” simasını qoruyub saxlamağa çalışıb. İran şirkətləri Azərbaycanın işğal edilmiş ərazilərində qarət və talançılıq prosesində yaxından iştirak ediblər. Bundan başqa, qırx dörd günlük Vətən müharibəsi dövründə İran rəhbərliyi ən sonuncular sırasında, artıq müharibənin taleyinin həll edildiyinə və Azərbaycanın şəksiz qələbə qazandığına əmin olduqdan sonra xala xətrin qalmasın tipli ölkəmizə dəstək ifadə edən bəyanat verib. Amma müharibənin gedişində Ermənistana silah göndərilməsindən tutmuş Azərbaycanın təhdid olunmasına kimi ölkəmizə qarşı hər cür vasitələrdən istifadə edib. Azərbaycanın torpaqları işğal altında olan dövrdə yalnız növbətçi bəyanatlarla kifayətlənən İran rəsmiləri indi Ermənistanın ərazi bütövlüyünün “qırmızı xətt” olması ilə bağlı ardıcıl bəyanatlar verir, Azərbaycana qarşı hədələr səsləndirir, sərhədlərimizdəhərbi təlimlər keçirir, bütün mümkün vasitələrlə Ermənistanı müdafiə edirlər. Müsəlmanların qanını axıdan bir dövlətə dəstək verən İranın İslami dəyərlərin müdafiəsi haqqında danışmağa heç bir haqqı yoxdur.
Sözdə “İslam respublikası” olan İran bütün dövrlərdə işğalçı Ermənistanın yanında olduğunu, onun maraqlarını müdafiə etdiyini öz çirkin əməlləri ilə təsdiq edib. Azərbaycan torpaqları işğal altında olduğu dövrdə İran Ermənistanla siyasi, iqtisadi-ticarət, humanitar əlaqələrini inkişaf etdirib, birgə layihələr həyata keçirib.
Şübhəsiz, məsələlər yalnız bununla bitmir. Riyakar İran Ermənistanla iqtisadi-ticarət əlaqələrini gündən-günə genişləndirir. Molla rejimi Ermənistan ilə ticarət dövriyyəsini 3 dəfə artırmağı hədəfləyir. Məlumatlara görə, İran bu ölkə ilə ticarət dövriyyəsini il ərzində 1 milyard daha sonra 3 milyard dollara çatdırmağa çalışır.
Təbii ki, iki ölkə arasında əlaqələrin bu cür genişlənməsinin dərinliyində gizli mətləblər yatır. Ekspertlərin bildirdikləri kimi, bunun kökündə heç də iqtisadi səmərəlilik dayanmır. Belə ki, riyakar İranın əsas məqsədi qırx dörd günlük müharibədə aldığı zərbələrdən hələ də özünə gələ bilməyən Ermənistanı Azərbaycana, möhkəmlənən türk birliyinə qarşı, necə deyərlər, yenidən diriltməkdir.
Ancaq İranın əmmaməli rəhbərləri unudurlar ki, onların ölkəmizə qarşı yönəlik bütün cəhdləri iflasa uğrayacaqdır. Onların təxribatçı əməlləri cavabsız qalmayacaq. Bu günlərdə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməliyyat-istintaq tədbirləri nəticəsində İran xüsusi xidmət orqanının nəzarəti altında, radikal-ekstremist dini ideyaların aşılanması yolu ilə Azərbaycan Respublikası vətəndaşlarından ibarət gizli yaradılmış qanunsuz silahlı birləşmənin aşkar edilərək zərərsizləşdirilməsi bunun əyani təsdiqidir. Belə ki, qurumun məlumatında bildirilir ki, DTX İran xüsusi xidmət orqanları tərəfindən Azərbaycan vətəndaşlarından ibarət yaratdığı dəstəyə qarşı keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı aşkar edilən və İrandan gizli şəkildə ölkəmizə gətirildiyi üzə çıxan geyimlər sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, üzərində dini şüarlar yazılmış və İranın Azərbaycandakı səfirliyinə məxsus avtomaşınla ölkəmizə keçirilən köynəklərdəki rəqəm diqqət çəkib. Belə ki, üzərində “313” rəqəmi yazılmış köynəklərin Azərbaycanın bəzi rayonlarında keçirilməsi planlaşdırılan aksiyaların iştirakçılarına paylanması nəzərdə tutulubmuş.
Dəqiq elmlərlə məşğul olanlar deyirlər ki, ədədlər yalnız rəqəm və işarələrin ifadə etdiyi kəmiyyət göstəricisi deyil. Yəni, müəyyən mənada rəqəmlərin də öz dili var. Belə olan halda görəsən, İranın ölkəmizə qarşı planlaşdırdığı təxribatçı əməllərdə istifadə etdiyi “313” rəqəmi özündə nəyi ehtiva edir?
Bəzi hədislərdə 313 rəqəmi xüsusi müqəddəslik daşıyır. Müqəddəs Qurani-Kərimdə qeyd edilmiş bir rəvayətə görə, Həzrət Davud Peyğəmbərin (ə) müasiri olmuş Bəni-İsrail hökmdarı Talut böyük bir qoşunla döyüşə yollananda Allah ona əmr etdi ki, öz əsgərlərini sınağa çəksin və sınaqdan uğurla çıxanları ayırıb özü ilə döyüşə aparsın. Talut əsgərlərinə əmr etdi ki, yolda qarşılarına çıxan çayın suyundan bir ovucdan artıq içməsinlər. Az bir hissə bu tapşırığa əməl etdi. Sınaqdan uğurla çıxanların sayı 313 nəfər oldu və onlar döyüşdə çoxsaylı düşmənə qalib gəldilər (Bəqərə, 249). Bəzi rəvayətlərə görə, Bədr döyüşündə də 313 nəfər müsəlman özlərindən üçqat artıq düşmənə qalib gəlmişdi. Həmçinin, hədislərə görə, İmam Mehdinin (ə) sadiq silahdaşlarının da sayı 313 nəfər olacaq. Bu say tamamlandıqdan sonra İmam zühur edəcək.
Şübhəsiz, molla rejiminin ölkəmizə qarşı bu təxribatçı əməllərinə layiqincə cavab verilir və bundan sonra da veriləcək. Bütün bunlar bir daha sübut edir ki, bu gün İrandakı fars-molla rejimi hələ də həqiqətləri görmək, Azərbaycanın qırx dörd günlük müharibədəki tarixi Zəfəri ilə regionda yaratdığı yeni reallıqları qəbul etmək istəmir. Müstəqil və qüdrətli Azərbaycana qarşı böhtan və təhdid kampaniyası aparan mollakratlar birdəfəlik anlamalıdırlar ki, onların bu çirkin əməlləri heç bir nəticə verməyəcək. Aqillərimiz demişkən, “sirkə nə qədər tünd olsa öz qabını çatladar”…
Zahid Rza, “İki sahil”
Prezident İlham Əliyev Kamboca Kralını Müstəqillik Günü münasibətilə təbrik edib
Qərbi Azərbaycan İcmasının rəhbərliyi və üzvləri Zəfər abidəsini ziyarət ediblər
Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib