05 noyabr 2022 22:54
497

Bəşərə örnəkdir zəfərim mənim

Düşmənin murdar nəfəsindən təmizlənmiş havaya, aydın səmaya, yağıların ayaq izlərinin silindiyi torpaqlarımıza baxanda insan qürur duyur.

Salınan yollara, çəkilən tunellərə, tikilən binalara, quraşdırılan elektrik stansiyalarına, istifadəyə verilən hava limanlarına, yaşayış evlərinə, məktəblərə nəzər salanda adamın üzü gülür, könlü açılır.

Ata - baba yurduna qədəm qoyan, əyilib torpağı - daşı öpən, sevincindən göz yaşı axıdan soydaşlarımızın vətənə, od - ocağa sonsuz məhəbbətini duyanda Vətənin otu, mamırı, kolu, quru ağacı gözümüzdə müqəddəsləşir.

Düşmən tərəfindən dağıdılmış, viran edilmiş şəhər və kəndlərimizin  görkəmi nə qədər müdhiş olsa da vətən övladları üçün cənnətdir, əvəz olunmayan, ən qiymətli, gözəl bir məkandır.

Bəli, Vətənin - Azərbaycanın hər qarışı əzizdir, müqəddəsdir. 44 günlük müharibə dövründə xalqımızın şücaəti, mübarizliyi, qəhrəmanlığı bunu bütün dünyaya göstərdi. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin düşünülmüş siyasətinin, ordumuzun qüdrətinin, xalqımızın birliyinin nəyə qadir olduğunu Yer kürəsinin xalqları duydu, hiss etdi və haqqı - ədaləti dəstəkləyənlər səsimizə səs verdi.

Dünya müstəqilliyə yeni qədəm qoyan kiçik bir dövlətin rəhbərinin böyük, cəsarətli, uzaqgörən olduğunu bir daha anladı. Azərbaycan ordusunun, əsgər və zabitinin qəhrəmanlığına heyran oldu. Xalqımızın qüdrəti dar ayaqda özünü göstərdi. Xalq öz rəhbəri ətrafında bir yumuruq kimi birləşdi.

Bəşəriyyət bir daha dərk etdi ki, haqqı - ədaləti susdurmaq olmaz. Düşmən nə qədər təcavüzkar, qəddar, vəhşi olsa da, faşistləri dəstəkləyənlər insanlıqdan, beynəlxalq normalardan kənar qalsa da şəhidlərimiz qanları bahasına, qazilərimiz qollarını, qıçlarını, sağlamlığını itirməklə qələbəmizi təmin etdilər və Azərbaycanın hərb tarixinə öz adlarını qızıl hərflərlə yazdılar.

Zəfərimiz, qələbəmiz igid ata - babalarımızın qəhrəmanlıq ənənələrindən, üçrəngli bayrağımızı ucaldanların hünərlərindən, xalqımızın vətən, torpaq məhəbbətindən güc aldı.

Zəfərimiz şəhidlərimizin ruhunu sevindirdi, qazilərimizə qüvvət verdi, torpaq həsrəti ilə uzun illər qovrulanları, həsrətdə olanları istəklərinə çatdırdı, arzularına qovuşdurdu.

Zəfərimiz dünyaya xalqımızın mübarizlik və sülh mesajlarını çatdırmaqla haqq - ədalət uğrunda xalqları mübarizəyə həvəsləndirdi, düşmənin bağrına od qoydu, nəfəsini kəsdi, tıfağını dağıtdı.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dediyi kimi "İkinci Qarabağ müharibəsində qazanılmış qələbə böyük tarixi əhəmiyyətə malikdir. Bu təkcə Azərbaycanın öz doğma torpaqlarının işğalçılardan azad edilməsi məsələsi deyil. Bu eyni zamanda bütün dünyaya, bütün işğalçılara göstərdi ki, onların sonu bax belə ola bilər. İşğalçıların, qəsbkarların sonu belə olacaq”.

Zəfər günü - düşmən üzərində qələbə çaldığımız 8 noyabr hər birimiz üçün, Azərbaycan xalqının qardaşları və dostları üçün əziz və unudulmaz gündür. Bu tarixi qələbənin ildönümünü mahnı ilə, şerlə, musiqi ilə qeyd etmək, tarixləşdirmək, amalımıza çevirmək borcumuz və vəzifəmizdir.

Qələmə aldığım bu misralar da tək mənim deyil, elə bilirəm hər bir insanın ürəyinin səsidir, könlünün arzusudur.

 

Qırx dörd gün xalqımın şücaətini,

Çevirdi tarixin şah əsərinə.

Canını, qanını, məhəbbətini

Şəhidlər bəxş etdi hər əziz günə.

Zalımın, cəlladın beli qırıldı,

İgid oğulların zərbələrindən.

Xainin, nadanın ömrü daraldı,

Haqqını haqsızdan alanda vətən.

Arazım unutdu kədərin - sərin,

Şuşanın başından çəkildi duman.

Açıldı çöhrəsi Xarıbülbülün,

Güldü qoca tarix, sevindi zaman.

Ordum ədalətin polad möhürünü

Vurdu haqsızlığın, zülmün alnına.

Tarixə çevirdi hər anı, günü,

Düşmənin bağrını döndərdi qana.

Ali Baş Komandan, ordu və millət

Birləşib bir yumruq, bir qüvvət oldu.

Qəlblərdə kükrəyən cəsarət, qeyrət,

Vətənə, torpağa məhəbbət oldu.

Oğullar anladı, duydu, bildi ki,

Günahsız tökülən qan yerdə qalmaz.

Bəşər dərk elədi, dünya gördu ki,

Başçı mərd olanda torpaq basılmaz.

Qələbə - cəsarət, hünər, etibar

Vətən sevgisidir, ürək səsidir.

Zəfər ömrümüzə əbədi bahar

Haqqın - ədalətin təntənəsidir.

Ünvanı Qarabağ - Azərbaycandır!

Yurdumdan nur alır səhərim mənim.

Bəşərə örnəkdir, bir ərməğandır

Zəfərim, Zəfərim, Zəfərim mənim.

 

Tahir Rzayev,
Milli Məclisin deputatı