06 noyabr 2022 10:05
660

Dövrün, zamanın aparıcı siyasi qüvvəsi

Noyabrın 21 Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi qeyd ediləcək. İlk olaraq ötən 30 il ərzində partiyanın keçdiyi yoldan danışaq.

21 noyabr 1992-ci il ictimai-siyasi fikir tariximizin ən əlamətdar və unudulmaz təqvimlərindən biridir. Çünki həmin gün Yeni Azərbaycan Partiyasının yarandığı gündür. Yeni Azərbaycan Partiyası xalqımızın arzusu və istəyi əsasında yaranıb. Bilirsiniz ki, 90-cı illərin əvvəllərində ölkəmizdə xaos və özbaşınalıq hökm sürürdü. Həmin dövrdə vətəndaşlarımızın xalqı vahid bir yumruq şəkilində birləşdirə bilən liderə ehtiyacı vardı. 1992-ci il oktyabrın 16-da 91 nəfər ziyalı ulu öndər Heydər Əliyevə müraciət edərək Onu siyasi mübarizədə lider olaraq gördüklərini və ətrafında birləşdiklərini elan etdilər. 24 oktyabr 1992-ci il tarixində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyev bu müraciətə cavab verdi və təklifi qəbul etdiyini bildirdi. Həmin ilin 18 dekabrında Yeni Azərbaycan Partiyası Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçdi. 1993-cü ilin aprel ayında partiyanın mətbu orqanı olan “Yeni Azərbaycan” qəzetinin ilk sayı çapdan çıxdı. Gəncə qiyamından sonra ulu öndər Heydər Əliyev Bakıya dəvət olundu. 1993-cü ilin 9 iyununda ulu öndər Heydər Əliyev Naxçıvandan Bakıya gəldi. Heydər Əliyev 15 iyun 1993-cü il tarixində Azərbaycan Respublikası Ali Sovetinin Sədri, oktyabrın 3-də keçirilən prezident seçkilərində xalq tərəfindən yekdilliklə prezident seçildi.

Bütün bu proseslər göstərir ki, Yeni Azərbaycan Partiyasının yaranması həmin dövrün tələbi idi. Yeni Azərbaycan Partiyasını digər siyasi qüvvələrdən fərqləndirən cəhət vətəndaş həmrəyliyidir. Dövlətlərarası sülhün bərpa olunmasında, Azərbaycanın dünyaya tanıdılmasında və hər bir sahədə inkişafın əldə edilməsində Yeni Azərbaycan Partiyasının zəhmətləri böyükdür. Məhz buna görə də Yeni Azərbaycan Partiyası cəmiyyətimizin aparıcı partiyasıdır. Ən önəmlisi isə budur ki, bu partiyanın gənclərimizin vətənpərvərlik ruhunda böyüməsi və ərazi bütövlüyünün bərpasında xüsusi rolu var.

Bu gün ulu öndər Heydər Əliyevin gələcəyə istiqamətlənmiş siyasətini Ali Baş Komandan İlham Əliyev uğurla davam etdirir. 44 günlük Vətən müharibəsində ərazi bütövlüyümüz bərpa edildikdən sonra bu gün Azərbaycan regionda əsas söz sahibi olan güclü dövlətdir. Yeni Azərbaycan Partiyası da güclü dövlətin aparıcı siyasi qüvvəsidir. Bu gün əsas məqsədimiz ölkə iqtisadiyyatının inkişafı, regionda bərpa olunan sülhün qorunması və Qarabağın cənnət məkanına çevrilməsidir. İnanıram ki, biz buna tezliklə nail olacağıq.

Dünənin, bu günün, gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyası yaranışı ilə müstəqil dövlətçilik tariximizdə yeni bir yüksəlişin mərhələsinin əsasını qoydu. Günü-gündən böyüyən Yeni Azərbaycan Partiyası qısa müddət ərzində xalqın inam və etimadını qazana bildi. Məhz buna görə də ölkədə keçirilən bütün seçkilərdə böyük səs çoxluğu ilə Yeni Azərbaycan Partiyası qalibdir. Yeni Azərbaycan Partiyasının qazandığı şəffaf və möhtəşəm qələbələr bir daha isbat etdi ki, Azərbaycan xalqı ümummilli lider Heydər Əliyev ideyalarının layiqli davamçısı Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasəti dəstəkləyir.

Yeni Azərbaycan Partiyasının arxada qoyduğu möhtəşəm və tarixi 30 ilə nəzər salsaq görərik ki, partiyamız qüdrətli ictimai-siyasi təşkilat olmaqla, dünya miqyasında fəaliyyət göstərən təməlli siyasi təşkilatdır. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Qələbə isə gücümüzə güc qataraq beynəlxalq arenada həm ölkəmizin, həm də partiyamızın nüfuzunu artırdı.

Bu gün YAP dövlətimizin daha da qüdrətlənməsinə, xalqın yüksək rifah şəraitində yaşamasına səy göstərir. Partiya bunu irəli sürdüyü təşəbbüslər və qəbul etdiyi qərarlarla təsdiqləyir. Partiyanın 30 illik əsas fəaliyyət istiqaməti savadlı, vətənpərvər və gələcəyi parlaq gənclərin yetişdirilməsidir. Bəli doğru vurğuladınız, bu gün çalışdığı sahədə uğur qanananların bir çoxu Yeni Azərbaycan Partiyasının onlar üçün yaratdığı şəraitdən yararlanan gənclərdir. Bu gün Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi tərəfindən pulsuz dil kursları, biznesin inkişafı ilə bağlı müxtəlif seminarlar və proqramlar həyata keçirilir. Gənclərimiz bu seminarlarda iştirak edərək və proqramlardan yararlanaraq gələcəklərini arzuladıqları formada qura bilərlər və qururlar da. Bu gün nəinki, gənclərimiz, xalqımızın bütün təbəqələri bu partiyada birləşərək ölkəmizin inkişafına öz töhfələrini verirlər.

Müasir müstəqil Azərbaycana baxış Qarabağdan başlayır. Qarabağın döyünən ürəyi isə Şuşadır. Bunu hələ o vaxt ulu öndər Heydər Əliyev söyləmişdi. Şuşa bizim tariximizdir. İki il öncə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Müzəffər Ordusu bizi Şuşamıza qovuşdurdu. Allah şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa versin.

Cavanşir Paşazadə,
Milli Məclisin deputatı