06 noyabr 2022 11:08
499

Yeni Azərbaycan Partiyasının keçdiyi 30 illik şərəfli tarixi yol əbədi olacaq

Yeni Azərbaycan Partiyasının 30 illik tarixi müstəqil Azərbaycan ictimai-siyasi fikir tarixinin ən əlamətdar, ən şərəfli səhifələrini əks etdirir. Partiya yarandığı gündən ölkədə həyata keçirilən hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf prosesində yaxından iştirak edib, müstəqil Azərbaycanın yüksəlişinə, tərəqqisinə milsilsiz töhfələrini verib.

Məhz 21 noyabr 1992-ci il, Yeni Azərbaycan Partiyasının yarandığı həmin gündən keçən 30 il ərzində ölkəmizin ictimai-siyasi fikir tarixinin ən əlamətdar, ən şərəfli səhifələri yazılıb. Dünənin, bu günün və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyası gücünü ümummilli liderimiz Heydər Əliyevin ideyalarından, xalqın dəstəyindən alaraq böyük inkişaf yolu keçib.

Bu gün ulu öndər Heydər Əliyevin uzaqgörənliklə müəyyənləşdirdiyi siyasi xətt əsasında Azərbaycanın inkişafı, tərəqqisi göz önündə canlanır, dahi rəhbərin xalq və dövlət qarşısındakı misilsiz xidmətləri hər an hörmətlə, ehtiramla anılır.

Bu gün böyük ruh yüksəkliyi ilə qeyd etdiyimiz Yeni Azərbaycan Partiyasının 30-cu ildönümü haqqında danışarkən ilk növbədə ulu öndər Heydər Əliyevin “Yeni Azərbaycan Partiyasına xidmət etmək dövlətə, xalqa xidmət etmək deməkdir” fikirləri yada düşür. Hər bir dövr üçün aktuallığını qoruyan bu fikirlər zamanın sınaqlarından uğurla çıxan Yeni Azərbaycan Partiyasının zəngin siyasi və dövlətçilik təcrübəsinə əsaslanan ən güclü, ən monolit siyasi təşkilat olduğunu, ictimai nüfuzuna görə onunla müqayisə edilə biləcək ikinci partiyanın mövcud olmadığını təsdiq edir.

30 il ərzində partiya Azərbaycanın inkişafına, dövlət müstəqilliyimizin güclənməsinə, ölkəmizin ictimai-siyasi sabitliyinin qorunmasına, beynəlxalq nüfuzunun artmasına töhfələr verib. Yeni siyasi fəlsəfə ilə, yeni baxışlarla ölkənin siyasi meydanına qədəm qoyan partiya hər zaman böyük və nüfuzlu siyasi təşkilat olduğunu sübut edib. Azərbaycan Respublikasının Prezidenti, partiyanın Sədri cənab İlham Əliyevin dediyi kimi, Yeni Azərbaycan Partiyası Cənubi Qafqaz regionunun ən güclü siyasi qüvvəsinə çevrilib. Öz şərəfli tarixi missiyasını ləyaqətlə yerinə yetirən Yeni Azərbaycan Partiyası bütün situasiya və məqamlarda ardıcıl, məqsədyönlü şəkildə dövlətçilik, milli-mənəvi dəyərlərimizə sadiqlik mövqeyində dayanıb, xalqımızın arzularının təcəssümü, yekdil iradəsinin ifadəçisi kimi çıxış edib. Bu gün də Yeni Azərbaycan Partiyası ölkə Prezidenti cənab İlham Əliyevin uğurla həyata keçirdiyi islahatların reallaşmasında, ölkəmizin qüdrətinin artırılmasında yaxından iştirak edir.

Respublikamızın siyasi-ictimai həyatında böyük hadisə kimi yadda qalan Yeni Azərbaycan Partiyası hər qurultayında qəbul etdiyi tarixi qərarlar ilə ölkəmizin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsində mühüm rol oynayıb, ictimai-siyasi həyatımıza yeniliklər gətirib. 2021-ci il martın 5-də keçirilən partiyanın VII qurultayı bir daha göstərdi ki, YAP, eyni zamanda, ölkəmizdə siyasi mədəniyyətin və siyasi sistemin formalaşmasına, təkmilləşməsinə birbaşa, fundamental töhfələr verən ümumxalq partiyasıdır. Xalqın böyük etimadını, inamını qazanan partiyanın VII qurultayı ölkə Prezidenti İlham Əliyevin praqmatikliyi və uzaqgörənliyi sayəsində bütün sahələrdə həyata keçirilən sistemli, ardıcıl islahatlar fonunda ölkədə yeni siyasi mühitin milli və siyasi həmrəyliyin formalaşdığının nümayiş etdirdi. Ölkənin hakim siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasında da bu islahatların davam etdirildiyi və əldə edilən müsbət nəticələr göz önündədir. VII qurultayda partiyamızın Sədri, Prezident İlham Əliyev əldə edilən uğurları, aparılan hərtərəfli islahatları yüksək dərəyləndirərək, YAP-ın qarşısına yeni vəzifələr qoydu. Ulu Öndərin siyasi mirası olan Yeni Azərbaycan Partiyasının VII qurultayında vacib qərarların qəbul edilməsi, yeni Nizamnamənin təsdiqlənməsi, partiya rəhbərliyində baş verən dəyişikliklər, yeniliklər də təşkilati nöqteyi-nəzərdən böyük önəm daşıyıb.

Danılmaz həqiqətdir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi mütərəqqi islahatlar hər zaman uğurlu nəticələr verib, qlobal böhran şəraitində belə, hərtərəfli inkişaf templəri davamlı olub, sosial-iqtisadi sahədə ölkəmiz nəinki ağır fəsadlarla üzləşib, əksinə, təqdirəlayiq uğurlar əldə edib. Təkcə bir faktı söyləmək yetərlidir ki, Müzəffər Ali Baş Komandan, partiyanın Sədri, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 44 günlük Vətən müharibəsində özünün qələbələr salnaməsinə daha bir möhtəşəm səhifə əlavə edərək tarixi Zəfərini yazdı. Bu Zəfər qətiyyətli Sərkərdənin “dəmir yumruğ”u, qüdrətli ordunun şücaəti, xalqın Liderinə sarsılmaz inamı sayəsində reallaşdı. Bu Qələbə ilə torpaqlarımız düşmən tapdağından azad edildi, yüz minlərlə insanın ağır kədərlə daşıdığı məcburi köçkün statusu ləğv olundu, soydaşlarımızın yurd, torpaq həsrətinə son qoyuldu.

Qalib xalqımızın zəfər partiyası ölkəmizin siyasi, iqtisadi, ictimai və demokratik inkişafı istiqamətində öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmiş, çox mühüm tarixi təşəbbüslərə və müvəffəqiyyətlərə imza atmışdır. Bu gün sıralarında 800 minə yaxın vətəndaşı, cəmiyyətin bütün təbəqələrindən olan fəal, intellektual və vətənpərvər insanları birləşdirən partiyamızın bütün seçkilərdə möhtəşəm qələbə qazanaraq, sözün əsl mənasında, qələbələr partiyasına çevrilməsi və Azərbaycana qalib dövlət imici qazandırması da bu reallığın təsdiqidir.

Azərbaycan Respublikasının Prezidenti, partiyanın Sədri cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən milli həmrəylik siyasəti, 44 günlük Vətən müharibəsində qazanılan böyük Qələbə ölkəmizdə milli birliyimizin, həmrəyliyimizin əbədi olduğunu nümayiş etdirdi. Ölkə başçımızın cəmiyyətimizdə birlik, bərabərlik, mütəşəkkillik, həmrəylik rəmzinə çevrilən "Biz birlikdə güclüyük!” çağırışı dövlət siyasətinin əsas fəlsəfəsinə çevrilərək siyasi münasibətlərdə də öz əksini tapdı. Əks-hücum əməliyyatları başladığı ilk gündən bütün Azərbaycan xalqı kimi, ölkəmizdə fəaliyyət göstərən 50 siyasi partiyanın Prezident, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin ətrafında sıx birləşdiyini bəyan etməsi, vahid hədəf uğrunda birlikdə mübarizə aparmaları milli birlimizin, həmrəyliyimizin sarsılmazlığını bir daha sübut etdi.

Məhz 44 gün davam edən və parlaq Qələbəmizlə başa çatan Vətən müharibəsi dövründə ölkədəki, demək olar ki, bütün siyasi partiyaların Ali Baş Komandanın həyata keçirdiyi siyasəti dəstəkləməsi, milli birlik nümayiş etdirmələri digər bütün məsələlərlə yanaşı, həm də və ən əsası müharibədən əvvəl dövlət rəhbərinin başlatdığı və inamla davam etdirdiyi siyasi dialoqun yaradılması istiqamətində aparılan məqsədyönlü işlərin məntiqi nəticəsidir.

Strateji müttəfiqliyə əsaslanan qardaş ölkələrin hakim partiyaları ilə əməkdaşlıq əlaqələri də özünün inkişaf mərhələsini yaşayır. Yeni çağırışlar qardaş ölkələrin hakim partiyaları ilə əlaqələrin da daha da genişləndirilməsini zəruri edir.

Dar gündə də, xoş gündə də Azərbaycanın yanında olan qardaş Türkiyənin Ədalət və İnkişaf Partiyasının Yeni Azərbaycan Partiyası ilə əlaqələri, iki hakim partiyanın birlikdə mühüm nailiyyətlərə imza atması buna bariz nümunədir. Qürurverici haldır ki, Türkiyə dövləti “Türkiyənin yüz ili” təqdimat proqramına xaricindən yeganə siyasi təşkilat kimi Yeni Azərbaycan Partiyasını dəvət etdi. Bu da iki qardaş ölkə və dost partiya arasındakı münasibətlərin sarsılmazlığına nümunədir.

Əminliklə deyə bilərik ki, YAP və Ədalət və İnkişaf Partiyası yeni reallıqlardan və çağırışlardan irəli gələn hədəfləri bundan sonra da birlikdə reallaşdıracaqlar.

Bu il 30 illik yubileyini qeyd edəcək Yeni Azərbaycan Partiyasını həm də islahatlar partiyası da adlandırmaq olar. Partiya öz fəaliyyətini cənab Prezident İlham Əliyevin islahatlarına, onun inkişaf dinamikasına uyğunlaşdırıb, davamlı şəkildə islahatlar aparıb. Ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasət, eyni zamanda, cənab Prezident İlham Əliyevin uğurla davam etdirdiyi xətt xalqın partiyaya sevgisini hər gün artırıb.

Əminik ki, Azərbaycan xalqını və dövlətini qurtuluşdan tərəqqiyə, tərəqqidən Zəfərə çatdıran Yeni Azərbaycan Partiyasının keçdiyi 30 illik şərəfli tarixi yol əbədi olacaq və partiya ölkəmizin qüdrətinin daha da artırılmasına, inkişafına xidmət edəcək.

Naqif Həmzəyev,
Milli Məclisin deputatı, YAP Təftiş Komissiyasının üzvü