12 noyabr 2022 03:26
1790

Türk Dövlətləri Təşkilatı: Dünyanın yeni güc mərkəzi

Azərbaycan Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir və onunla bağlı öz ərazisində genişmiqyaslı fəaliyyət həyata keçirir

Noyabrın 11-də Səmərqənddə IX Zirvə Görüşü keçirilən Türk Dövlətləri Təşkilatı türk xalqları arasında hərtərəfli əməkdaşlıq məqsədi ilə yaradılmış dövlətləri birləşdirən beynəlxalq təşkilatdır. Bu təşkilat Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstanın təşəbbüsü ilə 2009-cu il oktyabrın 3-də Türk Şurası adı ilə yaradılmışdı. Həmin gün həm də Türkdilli Dövlətlərin Əməkdaşlıq Günü elan edilib və bu tarix Türk Şurasının yaradılmasının ildönümü hesab olunur.

Ötən il noyabrın 12-də isə İstanbulda keçirilən Türk Şurası Liderlərinin VIII Zirvə toplantısında Türk Şurasının rəsmi adı dəyişdirilərək Türk Dövlətləri Təşkilatı adlandırıldı. Türk Şurasının yaradılmasında məqsəd türkdilli ölkələr arasında əməkdaşlığı dərinləşdirmək, regional sülh və sabitliyə töhfə vermək olub. Razılaşmaya əsasən, ölkələr xarici siyasət məsələlərində vahid mövqedən çıxış etməli, terrorizm və cinayətkarlığa qarşı mübarizədə fəaliyyətləri əlaqələndirməli, ticarət və investisiyalar üçün əlverişli mühit yaratmalı, hərtərəfli iqtisadi inkişafı təmin etməli, elm, texnologiya, elmi-texniki sahədə əməkdaşlığı genişləndirməlidir. Qeyd edək ki, təşkilatın üzvü olan beş ölkə: Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, müşahidəçilər - Macarıstan və Türkmənistandır.

Türkdilli dövlətlərin əməkdaşlığının əsasını ortaq tarixi-mədəni irs, ortaq dil təşkil edir. Prezident İlham Əliyev bəyan edir ki, bu gün biz türk dövlətləri arasındakı birlikdən danışarkən gələcəyə baxırıq. Türkdilli xalqları ortaq mədəniyyət, adət-ənənələr, milli-mənəvi və dini dəyərlər, tarixi köklər, etnik əlaqələr birləşdirir və bu amillər qarşılıqlı səmərəli fəaliyyət üçün əsas təməldir. Hazırda bu əlaqələrin əhatə dairəsi çoxşaxəlidir.

Türk dövlətlərinin səciyyəvi xüsusiyyətləri ortaq dəyərlərdir. Bu dövlətləri qeyd etdiyimiz kimi əsrlər boyu mövcud olan bir sıra amillər bağlayır. Türk dövlətlərinin birliyindən danışarkən ilk olaraq göz önünə  gələn heç şübhəsiz ki, Azərbayca-Türkiyə dostluğu, qardaşlığıdır. Məsələn, 2020-ci ildə dünya İkinci Qarabağ müharibəsi dövründə türk dünyasının, ələlxüsus Türkiyənin və Azərbaycanın əzminin, prinsipiallığının və qüdrətinin şahidi oldu.  44 gün ərzində Azərbaycan Türkiyənin mənəvi dəstəyi ilə Ermənistan üzərində tam hərbi Qələbə qazandı. Bu gün Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında geniş quruculuq-bərpa işləri aparılır. Müharibənin bitməsindən dərhal sonra Qarabağ bölgəsində genişmiqyaslı bərpa və infrastruktur quruculuğu işlərinə başlanılması, əhəmiyyətli layihələrin icrasının şahidi olmaq, hava limanlarının, Zəfər yolunun qısa zaman ərzində istifadəyə verilməsi, Böyük Qayıdışın başlanması da Azərbaycan dövlətinin inkişafının sürətini, gücünü göstərir. Lakin bu işdə Azərbaycan yenə də tək deyil. Qarabağın yenidən çiçəklənməsində qardaş Türkiyə başda olmaqla digər türkdilli dövlətlər də öz dəstəyini əsirgəmirlər.

Azərbaycanın 28 ildən sonra hərbi Qələbə qazanması qardaş Türkiyəni də qürurlandırır, eyni zamanda, türk dünyası üçün çox şey ifadə edir. Ötən il noyabrın 12-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə Türk Dünyasının Ali Ordenini təqdim edərkən bu fikirləri səsləndirmişdi: “Azərbaycanın ərazi bütövlüyünü yenidən təmin etməsi türk dünyasının birliyini və bərabərliyini genişləndirmişdir. Qarabağın azadlığının rəmzi olan “Xarıbülbül” türk dünyası üçün Zəfərin müjdəçisi olmuşdur”. Türkiyə Prezidenti IX Zirvə Görüşündə çıxışı zamanı da Azərbaycanı Qələbəsinin ikinci ildönümü münasibətilə təbrik etdi və xatırlatdı ki, qardaş ölkə haqlı mübarizəsində olduğu kimi, sülh axtarışında da Azərbaycanın yanındadır.

Azərbaycanın ərazi bütövlüyünü istər işğal dövründə, istərsə də İkinci Qarabağ müharibəsindən sonra daim dəstəkləyən digər dövlətlər Qazaxıstan və Özbəkistandır. Dost ölkə Qazaxıstan işğaldan azad olunan torpaqlarımızın abadlaşdırılması işində yaxından iştirak edir. Xatırladaq ki, Qazaxıstan Prezidentinin ölkəmizə səfəri zamanı dost ölkənin azad Qarabağa hədiyyəsinin təqdimatı olmuşdu. Belə ki,  Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qazaxıstanın “Bİ-Group” Holdinqi tərəfindən Füzuli şəhərində inşa ediləcək Kurmanqazı adına Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin layihəsi ilə tanış oldular.

Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə çıxış edən Prezident İlham Əliyev vurğuladı ki, son 7 ayda üçüncü dəfə qardaş Özbəkistana səfər edir: “Səfərlər zamanı Prezident Şavkat Mirziyoyev ilə apardığım müzakirələr onu göstərir ki, Azərbaycan-Özbəkistan əlaqələri daha da yüksək səviyyəyə qalxmışdır.”

Eyni zamanda, Prezident İlham Əliyev keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün “Böyük Qayıdış” proqramının icrasına başlandığını diqqətə çatdıraraq qeyd etdi ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan azad edilmiş torpaqlara üç dəfə səfər edib, Şuşada, Füzulidə, Zəngilanda və Cəbrayılda olub: “Mən digər türk dövlətlərinin başçılarını da Qarabağa və Şərqi Zəngəzura dəvət edirəm. Fürsətdən istifadə edərək, mən işğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan tərəfindən tikiləcək məktəbə və Qazaxıstan tərəfindən inşa olunacaq yaradıcılıq mərkəzinə görə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə minnətdarlığımı bildirirəm. Bunlar Azərbaycan-özbək və Azərbaycan-qazax xalqları arasında olan qardaşlığın təzahürüdür.”

Zəngəzur dəhlizinin regional əhəmiyyətindən danışan ölkə başçısı İlham Əliyev bildirdi ki, İkinci Qarabağ müharibəsinin nəticələri bölgə üçün yeni imkanlar açır. Azərbaycan Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir və dəhlizlə bağlı öz ərazisində genişmiqyaslı fəaliyyət həyata keçirir. Zəngəzur dəhlizinin açılmasından bütün region ölkələri faydalanacaq.

Günel Eyyubova, “İki sahil”