Bu gün dünyanın ən nüfuzlu nəşrlərində “Türk əsri başlayır”, “Türklər qitələri fəth edirlər” başlıqlı məqalələrə tez-tez rast gəlirik. Bu da təsadüfi deyil. Çünki hazırda əcdadlarımızın irsi olan türk dünyası yeni yüksəliş mərhələsinə qədəm qoyub.
Böyük qürur hissi ilə demək lazımdır ki, çağdaş dövrümüzdə türk dünyasının formalaşmasında Türkiyənin və Azərbaycanın birgə fəaliyyətinin böyük rolu var. Prezident İlham Əliyev bir müddət əvvəl Türk Dövlətləri Təşkilatının keçmiş baş katibi Bağdat Amreyevi qəbul edərkən bildirmişdi ki, Azərbaycan gələcəkdə də bu birliyin gücləndirilməsi istiqamətində səylərini əsirgəməyəcək: “Öz tərəfimdən demək istəyirəm ki, Azərbaycan Türk dünyasının birliyini möhkəmləndirmək üçün bundan sonra da nə mümkündürsə edəcək. Bu, əcdadlarımızın böyük irsidir. Təəssüf ki, tarixin müxtəlif mərhələlərində Türk dünyası fraqmentləşdirilib və hələ indi də bizim diqqətimizi və sıx birgə siyasətimizi tələb edən məsələlər mövcuddur. Lakin Türk dünyası dövlətləri milli dövlətlər çərçivəsində artıq birləşiblər”.
Böyük qürur hissi ilə demək lazımdır ki, türkdilli dövlətlərin inteqrasiyası ilə bağlı ilk addım Azərbaycanda atılıb. Belə ki, 2009-cu il oktyabrın 3-də Naxçıvan şəhərində imzalanan Naxçıvan müqaviləsi ilə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın üzv olduğu Türk Dövlətləri Təşkilatının-türk birliyinin təməli qoyulub. Prezident İlham Əliyevin Zirvə Görüşündəki çıxışı qarşıda dayanan hədəfləri müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət daşıyırdı. Belə ki, ölkəmizin başçısı böyük iqtisadi potensiala, enerji ehtiyatlarına, nəqliyyat yollarına, müasir hərbi imkanlara malik olan 200 milyonluq türk dünyasının problemlərini və onların həlli üçün səylərin birləşdirilməsinin, əməkdaşlığı genişləndirməyin vacibliyini bildirdi: “Biz çox istəyirik ki, türkdilli xalqlar, ölkələr arasında birlik daha da güclənsin. Bu, bizim tariximizdir, bizim mədəniyyətimizdir, bizim köklərimizdir. Eyni zamanda, bu, bugünkü vəziyyətin reallıqlarıdır. Biz bilirik ki, beynəlxalq müstəvidə öz mövqeyini müdafiə etmək bəzi hallarda o qədər də asan olmur. Biz birlikdə olsaq, müəyyən məsələlərdə vahid mövqedən çıxış etsək və bu birliyi mütəmadi işlərlə möhkəmləndirsək, bizim beynəlxalq mövqelərimiz daha da güclü olacaqdır. Çünki türkdilli ölkələrdə bütün imkanlar vardır-təbii sərvətlər, neft-qaz yataqları, əlverişli coğrafi vəziyyət, güclü iqtisadiyyatlar, insanların istedadı, mövcud olan yeni infrastruktur. Bütün bu imkanları biz əgər bir yerə toplasaq və bir yerdə cəmləşdirsək türkdilli ölkələr dünya miqyasında böyük gücə çevriləcəkdir. Bu gücə çevrilmək üçün biz səmərəli işləməliyik. Bu, bizim əlimizdədir, bizim iradəmizdən asılıdır”.
Bu bir həqiqətdir ki, Azərbaycan daim türk birliyinin dərinləşməsi istiqamətində ciddi addımlar atıb. Birliyə daxil olan qardaş, dost ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri olması bunun bariz nümunəsidir. Məhz bütün bunların sayəsində Azərbaycan ilə türk birliyinə daxil olan dövlətlər arasında ticari və iqtisadi münasibətlər ötən müddətdə daim yüksələn xətt üzrə inkişaf edib. Belə ki, hazırda türk dövlətləri arasında ticarət dövriyyəsi 536 milyard dolları ötüb.
Ən önəmli məsələlərdən biri də odur ki, ölkəmizin başçısı hələ 2009-cu ildə Naxçıvanda Türk Dövlətləri Təşkilatının Zirvə Görüşündə qədim Azərbaycan torpağı olan və türk dünyasının birliyində körpü rolunu oynayan, bu birliyin coğrafi-iqtisadi birləşməsini təmin edəcək Zəngəzurun vaxtilə bizdən alınıb Ermənistana verilməsi ilə türk dünyasının parçalanmasını xüsusilə diqqətə çatdırmışdır: “Naxçıvan, eyni zamanda, Azərbaycanın yeganə bölgəsidir ki, Türkiyə ilə həmsərhəddir. Vaxtilə Azərbaycanın tarixi torpağı, əzəli torpağı Zəngəzur bölgəsinin Azərbaycandan ayırıb Ermənistana birləşdirilməsi demək olar ki, böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Yəni türk dünyasının vahid bir ailə kimi, vahid bir qüvvə kimi fəaliyyəti on illiklər ərzində dayandırılmışdır. Ancaq biz bu gün qəbul edilmiş qərarlarla, atılmış addımlarla bu bağlantını daha da gücləndiririk. Düzdür, coğrafi baxımdan bu gün bizim aramızda Azərbaycanın indi Ermənistanın tərkibində olan qədim diyarı-Zəngəzur bölgəsi yerləşir. Ancaq mənəvi baxımdan, siyasi baxımdan və iqtisadi layihələrin həyata keçirilməsi nəticəsində türk dünyasının birləşməsi və bir qüvvə kimi fəaliyyət göstərməsi bu gün reallıqdır, həqiqətdir. Bu həqiqəti biz yaradırıq və bizdən asılıdır ki, bu birlik davam etsin, güclənsin və bizim xalqlarımıza yeni imkanlar yaratsın”.
Prezident İlham Əliyev 2022-ci il noyabrın 11-də Özbəkistanın Səmərqənd şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündəki çıxışında qırx dörd günlük Vətən müharibəsində işğaldan azad olunmuş ərazilərimizdə aparılan genişmiqyaslı quruculuq işlərinə diqqət yönəldərək bu sahədə Türkiyə şirkətlərininin fəaliyyətini yüksək qiymətləndirdi. Ölkəmizin başçısı digər türk dövlətlərinin rəhbərlərini də Qarabağa və Şərqi Zəngəzura dəvət etdi. Bütün bu işlərdə göstərdikləri fəaliyyətə görə Özbəkistan və Qazaxıstan prezidentlərinə təşəkkür etdi. Dövlət başçısı İkinci Qarabağ müharibəsinin başa çatmasından iki il keçməsinə baxmayaraq, Ermənistanın sərhəddə törətdiyi hərbi təxribatlardan bəhs edərək bildirdi ki, Praqada və Soçidə qəbul edilmiş birgə bəyanatlarda Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü və suverenliyini rəsmən tanıyıblar, Qarabağ münaqişəsi artıq tarixdə qalıb. Ölkəmizin başçısı çıxışında, həmçinin xarici ölkələrdə yaşayan 40 milyonluq azərbaycanlının hüquqlarının qorunmasını Türk Dövlətləri Təşkilatının başlıca hədəflərindən biri kimi göstərməsi köksümüzü dağ tək qabartdı.
Bəli, bu gün Azərbaycanla qardaş Türkiyə, eləcə də Türk Dövlətləri Təşkilatına üzv olan dost ölkələr arasında gündən-günə genişlənən əlaqələr, bütün istiqamətlərdə reallaşdırılan genişmiqyaslı layihələr bir daha təsdiq edir ki, Prezident İlham Əliyevin söylədiyi kimi, XXI əsr türk dünyası əsri olacaq. Əcdadlarımızın böyük irsi olan bu birlik qitələri fəth edərək dünyaya günəş kimi doğacaq.
Zahid Rza, “İki sahil”
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - YENİLƏNİB/FOTO
Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi
Prezident İlham Əliyev: Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər