16 noyabr 2022 00:58
598

Türkdilli ölkələrin birlik və əməkdaşlığının yeni mərhələsi

Prezident İlham Əliyevin ümumtürk birliyinin möhkəmləndirilməsi xəttini xarici siyasətdə mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirməsi təkcə Türkiyə ilə deyil, Orta Asiyanın türkdilli dövlətləri ilə də münasibətlərinin gücləndirilməsinə öz töhfəsini verməkdədir

Dünya təcrübəsində tarixi-etnik köklərlə, eyni dil qrupu, ənənə və dəyərlərlə bir-birinə yaxın olan xalqların vahid ideya birliyi və həmrəyliyi ilə bağlı nümunələr o qədər də çox deyildir. Prezident İlham Əliyevin ümumtürk birliyinin möhkəmləndirilməsi xəttini xarici siyasətdə mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirməsi təkcə Türkiyə ilə deyil, Orta Asiyanın türkdilli dövlətləri ilə də münasibətlərinin gücləndirilməsinə əhəmiyyətli töhfə verməkdədir. Dövlət başçısı bu ölkələrlə iqtisadi, siyasi, humanitar və digər sahələr üzrə əməkdaşlığın genişləndirilməsi istiqamətində ardıcıl, uğurlu siyasət həyata keçirir. Çünki, türk dövlətlərini bir-birinə əsrlər boyu mövcud olan tarixi, etnik və dini bağlar bağlayır. Bu gün dünyada 200 milyona yaxın türk mənşəli insan yaşayır. Dünya sivilizasiyasına böyük töhfələr vermiş, çoxlu dövlətlər, imperiyalar yaratmış türk xalqları bəşəriyyətə dahi alimlər, mütəfəkkirlər də bəxş edib. Bu baxımdan dünyada gedən qloballaşma fonunda türk xalqlarının öz mədəniyyətini qoruması və etnik köklərini unutmaması çox vacibdir.

Azərbaycan liderinin türkdilli dövlətlər arasında təmasların inkişafında göstərdiyi səylər hər zaman təqdir edilib. Türk ölkələrinin dövlət başçılarının 2009-cu ildə Naxçıvanda keçirilmiş Zirvə Görüşündə türkdilli dövlətlərin xalqları arasındakı tarixi bağlara, ümumi dil, mədəniyyət və ənənələrə əsaslanaraq, hərtərəfli əməkdaşlığın dərinləşməsinə səy göstərərək, siyasi çoxqütblülük, iqtisadi və informasiya qlobalizasiyası proseslərinin inkişafı şəraitində regionda sülhün möhkəmləndirilməsi, təhlükəsizlik və sabitliyin təmin edilməsinə birgə töhfə verilməsini arzulayaraq, ümumi qurum çərçivəsində qarşılıqlı əlaqənin dövlətlər və onların xalqları arasında xoş qonşuluq, vahidləşmə və əməkdaşlıq üçün geniş potensialdan faydalanmağa şərait yaratdığını hesab edərək, “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişi” imzalanıb və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması üzrə razılığa gəlinib.

Ötən il Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adı dəyişdirilərək Türk Dövlətləri Təşkilatı (TDT) olub və səmərəli beynəlxalq təşkilata çevrilib. Bu, təkcə ad dəyişikliyi deyil, həm də yeni baxışın və yeni inkişaf vektorunun göstəricisidir. Türk Dövlətləri Təşkilatı yarandığı zaman onun dörd üzv ölkəsi - Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan olduğu halda, bu gün artıq təşkilatda beş üzv və iki müşahidəçi ölkə var. Özbəkistan 2019-cu ildə TDT-yə üzv olub. Altı türk dövlətindən beşi bu təşkilatın üzvüdür, Türkmənistan isə müşahidəçi statusuna malikdir. Macarıstan da müşahidəçi qismində təşkilata qoşulub və təşkilatın Macarıstanda da ofisi fəaliyyət göstərir. Macarıstanın bu təşkilata qoşulması, eləcə də onlarla digər ölkənin müşahidəçi statusu almaq istəyi TDT-nin çəkisini və perspektivini göstərir.

Noyabr ayının 11-də Özbəkistanının Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü türk dövlətləri arasında əməkdaşlığın daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Şübhəsiz ki, bu Zirvə Görüşünün Cənubi Qafqaz və Mərkəzi Asiyada yeni geosiyasi nizamın formalaşmasına ciddi təkan verəcəyi şübhəsizdir. Görüşdə çıxış edən Prezident İlham Əliyev türk dünyasında əməkdaşlığın vacibliyini vurğulayaraq bildirdi: “Türk dünyası böyük bir ailədir. Türk dünyası bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməlidir. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq”.

Azərbaycan və Türk dövlətləri arasında iqtisadiyyat sahəsində də əlaqələrin böyük tarixi var. Statistik rəqəmlərdən də bəlli olur ki, cari il ərzində  Azərbaycanın Türk dövlətləri ilə ticarət dövriyyəsi 3 milyard 991 milyon dollar olub. Qeyd edək ki, bu ilin ilk 7 ayında Azərbaycanın türk dövlətləri ilə ticarət dövriyyəsi ötən ilin uyğun dövrü ilə müqayisədə 50 faiz artıb. Bu il Azərbaycanın Türkiyə ilə 3 milyard 376 milyon, Qazaxıstanla 350,1 milyon, Türkmənistanla 156,9 milyon, Özbəkistanla 103,7 milyon, Qırğızıstanla isə 4,5 milyon dollar dövriyyə qeydə alınıb. Xatırladaq ki, Azərbaycan 2021-ci ilin həmin dövründə Türkiyə ilə 2 milyard 502 milyon, Qazaxıstanla 58,4 milyon, Özbəkistanla 54,2 milyon, Türkmənistanla 41,6 milyon, Qırğızıstanla 5,7 milyon dollar dövriyyəyə malik olmuşdu. Bu o deməkdir ki, türk dövlətləri yeni inkişaf və əməkdaşlıq mərhələsinə qədəm qoyub. İnvestisiya fondlarının yaradılması, strateji qərarlar, birgə layihələr türk dünyasını daha da yaxınlaşdırır və bütövləşdirir. Digər tərəfdən, türk Dövlətləri Təşkilatı regionda real gücə çevirilməkdədir.

Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfər ümumən türk dünyasının nüfuzunun artmasına səbəb olub. Bu, bütün türk dünyasının Zəfəridir. Vətən müharibəsi zamanı türk dövlətlərində sadə insanların, xüsusən sosial şəbəkələr vasitəsilə Azərbaycana rəğbəti aydın hiss olunurdu. 2021-ci ildə İstanbul Zirvə Görüşündə Azərbaycan ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verən və bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi Qələbəyə görə Prezident İlham Əliyev “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilib.

Türk Dövlətləri Təşkilatı Azərbaycanın keçmiş münaqişə ilə bağlı haqlı mövqeyini hər zaman dəstəkləyib. Vətən müharibəsi dövründə təşkilatın katibliyi Ermənistan tərəfindən həyata keçirilən təxribatlarla bağlı mütəmadi olaraq bəyanatlar verib, sabiq Baş katib Bağdad Amreyev 2020-ci ilin oktyabrında Gəncəni ziyarət edərək, türk dünyasının Azərbaycanla həmrəy olduğunu bildirib. Bu ilin avqustunda Azərbaycan Ordusunun Laçın şəhərinə yerləşməsi, Zabux və Sus kəndlərinin nəzarətə götürülməsi TDT tərəfindən məmnuniyyətlə qarşılanıb, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə bir daha dəstək ifadə olunub. Təşkilatın Baş katibi bu ilin sentyabr təxribatları ilə bağlı ciddi narahatlığını ifadə edərək Ermənistanın bu mənfur hərəkətini pisləyən bəyanat verib.

Cənubi Qafqazda yeni reallıqların yaranması Mərkəzi Asiya ilə əməkdaşlığın formatına da öz təsirini göstərib. Zəngəzur dəhlizinin açılması türk dövlətləri ilə tranzit əlaqələrinin inkişafına şərait yaradacaq, nəqliyyat sahəsində yeni layihələrin həyata keçirilməsinə imkan verəcək. Münaqişə bitdikdən sonra TDT Katibliyinin üzvləri ölkəmizin işğaldan azad olunmuş ərazilərinə bir neçə dəfə səfər ediblər. Ötən il də TDT-nin sabiq Baş katibi Bağdad Amreyev ölkəmizə səfəri çərçivəsində işğaldan azad edilmiş Ağdam və Füzuli rayonlarında olub. Azərbaycana dəstək əlaməti olaraq təşkilatın bir sıra tədbirləri ölkəmizin işğaldan azad olunmuş ərazilərində keçirilib. Məsələn, cari ilin sentyabrında Şuşada Türk Biznes Forumu baş tutub. TÜRKSOY Şuşanın 2023-cü ildə türk dünyasının mədəniyyət paytaxtı elan olunmasına dair qərar qəbul edib.

Sevinc Azadi, “İki sahil”