Fransa Senatı ölkəmizə qarşı qəbul etdiyi qətnamə ilə nəinki beynəlxalq hüquq normalarını pozur, eləcə də işğalçı qüvvələri dəstəkləməklə regionda qarşıdurmaya səbəb olur
Noyabrın 15-də Fransa Senatı tərəfindən qəbul edilmiş “Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi” adlı qətnamə Fransa Respublikasının beynəlxalq hüquq normalarına və prinsiplərinə hörmətsizliyinin əyani sübutudur. Həmçinin bu qətnamə Fransanın Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı qərəzli mövqeyinin bariz nümunəsidir.
Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, professor Jalə Əliyeva bildirib.
Deputat bildirib ki, bununla Fransa Azərbaycan Respublikası ilə 1993-cü il dekabrın 20-də imzalanmış “Dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında” Müqavilənin əsas müddəalarını pozmaqla beynəlxalq hüququn da əsas prinsiplərini tapdamış olur. Nəzərə alsaq ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamədə (822 saylı 30 aprel 1993; 853 saylı 29 iyul 1993; 874 saylı 14 oktyabr 1993; 884 saylı 12 noyabr 1993-cü il tarixli) və BMT sədrinin 6 bəyanatında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş bütün ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması, qaçqın və məcburi köçkünlərin daimi yaşayış yerlərinə qaytarılması tələb edilmişdir. Deməli, Fransanın bu bəyanatı erməni separatçılığını, onların Azərbaycana qarşı ərazi iddialarını dəstəkləməkdən başqa bir mahiyyət kəsb etmir.
Jalə Əliyeva vurğulayıb ki, Fransa tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin beynəlxalq səviyyədə tanınan ərazisi olan qətnamədə “Laçın dəhlizi” kimi qeyd olunan ərazilərdən çıxarılmasına dair tələbin irəli sürülməsi bu sənədin beynəlxalq hüquqa nə dərəcədə zidd olduğunu göstərməklə yanaşı, onun müəlliflərinin və dəstəkçilərinin yerdəki vəziyyətdən bixəbər, erməni “qara təbliğat” maşınının əlində alət olduğunu açıq şəkildə göstərir. Yəni, Fransa hökuməti bu addımla nəinki beynəlxalq hüquq normalarını pozur, eləcə də işğalçı qüvvələri dəstəkləməklə regionda vəziyyəti daha da gərginləşdirir və sülhə deyil, qarşıdurmaya səbəb olur. Bu qətnamənin ideya müəllifləri və dəstəkçiləri unutmasınlar ki, terror, işğal, təcavüz sərhəd tanımır. Bu gün cidd-cəhdlə müdafiə etdikləri və qəbuluna çalışdıqları “ideyalar” sabah bütün dünya üçün qarşısıalınmaz təhlükəyə çevrilə bilər.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - YENİLƏNİB/FOTO
Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi
Prezident İlham Əliyev: Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər