18 noyabr 2022 02:15
618

YAP-a xidmət etmək dövlətə, xalqa xidmət etməkdir

Yeni Azərbaycan Partiyasının (YAP) yaranması müasir tariximizin ən mühüm ictimai-siyasi hadisələrindən biridir. YAP ötən əsrin 80-ci illərinin sonu 90-cı illərin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb siyasi situasiyanın daxili məntiqindən, zamanın təxirəsalınmaz tələbindən irəli gələrək, Azərbaycan xalqının arzu və istəklərinin ifadəçisi kimi yaranan partiyadır.

Ümummilli lider Heydər Əliyev 1993-2003-cü illərdə Azərbaycan Respublikasının Prezidenti kimi xalqa, YAP-ın Sədri kimi isə partiyanın kadr potensialına arxalanaraq, zəngin dövlətçilik təcrübəsini və uzaqgörən siyasətini qətiyyətlə, müdrikliklə həyata keçirib.   Ulu Öndər hakimiyyəti dövründə Azərbaycanın dövlət müstəqilliyini və milli inkişafını təmin etməklə, demokratik dövlət quruculuğunun, siyasi plüralizmin, vətəndaş cəmiyyəti və bazar iqtisadiyyatı normalarının dönməzliyinə nail oldu, ölkəsini dinamik inkişaf yoluna çıxardı. Bununla da ümummilli lider Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə Azərbaycanın bu günü üçün möhkəm baza formalaşdırıldı.

Artıq onilliklərdir ki, ölkənin aparıcı siyasi təşkilatı olan YAP sosial-siyasi islahatların və iqtisadi tərəqqinin aparıcı qüvvəsi kimi çıxış edir. Hakim partiya yarandığı gündən ümummilli lider Heydər Əliyev ideyalarına sadiq qalaraq ölkədə siyasi-iqtisadi sabitliyin, sürətli iqtisadi inkişafın təmin edilməsi, vətəndaşların rifah halının yaxşılaşdırılması istiqamətində əhəmiyyətli addımlar atıb.

Dövlətə, xalqa xidməti fəaliyyətinin önündə saxlayan YAP-ın son 19 ildə Prezident İlham Əliyevin rəhbərliyi altında  uğurları davamlı xarakter alıb.  Bu müddət ərzində partiya siyasi fəaliyyətini daha da genişləndirib, müasir demokratik proseslərə uyğun olaraq yeniliklərə açıq olub. Belə ki, 2018-ci ildə YAP Sədri İlham Əliyevin növbəti dəfə Prezident seçilməsindən sonra Azərbaycanda müasirləşmə və yeniləşmə siyasəti tamamilə yeni mərhələyə qədəm qoydu.

Ulu öndər Heydər Əliyevin bir çox addımları ilə bərabər, Azərbaycanın gənclər siyasətinin formalaşmasına dair apardığı siyasətin bariz nümunələri bu gün də ölkə gəncliyinin, cəmiyyətin inkişafına töhfə verir. Azərbaycan gənclər ölkəsidir və gənclər ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının sıralarında çoxluq təşkil edirlər. 800 minə yaxın üzvü olan   partiyanın üzvlərinin yarısı gənclərdir. Gəncliyin inkişafına daim dəstək göstərən YAP onların öz güclərinə, potensiallarına və istedadlarına olan güvənlərinin artırılmasına imkan yaradaraq bu sahədə çoxsaylı layihələr həyata keçirir. Elə bu səbəbdəndir ki, partiyaya yeni qoşulanların böyük əksəriyyətini  gənclər təşkil edirlər. YAP-ın sıralarına qoşulan gənclər ulu öndər Heydər Əliyevin miras qoyduğu ənənələrə sadiqliklərini,  Prezident İlham Əliyevin uğurlu və məqsədyönlü siyasətinə  inamlarını ifadə edərkən, dövlətimizə xidmət etmək üçün böyük imkanlar əldə edirlər. Onların təklifləri daim dinlənilərək qiymətləndirilir və partiyanın fəaliyyətində mühüm yer tutur. Gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatda rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb.

Ölkə başçısı İlham Əliyevin bəyan etdiyi kimi, gənclərin təşəbbüsləri, onların əməyi bu gün hər yerdə görünməkdədir və əlbəttə ki, yeni nəslin vətənpərvərlik ruhunda, dövlətə sədaqət əsasında yetişdirilməsi ulu öndər Heydər Əliyevin xidmətləri arasında önəmli yer tutur. Azərbaycan ulu öndər Heydər Əliyevin dahiyanə uzaqgörənliklə müəyyənləşdirdiyi siyasətin və son 19 ildə bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində  adını qalib ölkə kimi tarixə yazdı. Əlbəttə, tarixi Zəfərimizdə gənclərimizin rolu böyükdür. Azərbaycan gəncliyi illərdir dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Hücum!” əmrini gözləyirdi.  2020-ci il sentyabrın 27-də başlanan Vətən  müharibəsinin 44 gündə Qələbə ilə başa çatması bir daha  Azərbaycan xalqının məğrurluğunu, gənclərimizin  torpağa, Vətənə bağlılıqlarını  dünyaya nümayiş etdirdi.  “Torpaqdan pay olmaz” prinsipinə söykənən gənclərimiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək 30 ilin torpaq həsrətinə 44 gündə son qoyub, tarix yazdılar.

YAP-ın dövlətin gənclər siyasətinə verdiyi ən böyük töhfələrdən biri də partiyanın tərkibində Gənclər Birliyinin fəaliyyətinin təmin edilməsidir.  Partiyanın Gənclər Birliyi gənclərin fəaliyyətlərinin qurulmasında, gənclər arasında partiya sıralarında kommunikasiyanın təmin olunmasında, onları maraqlandıran təşəbbüslərə cəlb edilmələrində, eyni zamanda, YAP-ın məqsəd və hədəflərinə nail olunmasında, gənclərin  işlərinin qurulmasında birbaşa fəaliyyət göstərir. 2021-ci ildə Yeni Azərbaycan Partiyasının VII qurultayından sonra partiyada  bir sıra dəyişikliklər və yenilənmələr oldu. Bu yenilənmənin bir parçası olaraq da YAP Gənclər Birliyinin heyəti tamamilə yenidən təşkil edildi. Bundan sonra Gənclər Birliyinin qarşısına qoyulan məqsəd və hədəflər də daha da genişləndirildi. Ümumiyyətlə, Yeni Azərbaycan Partiyası gənclərin ictimai-siyasi fəallığının artırılması, asudə vaxtlarının səmərəli təşkili, beynəlxalq əlaqələrinin genişlənməsinə, ayrı-ayrı sahələr üzrə layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirir.

Günel Eyyubova, “İki sahil”