17 noyabr 2022 21:39
946

Məqsəd hər bir vətəndaşımızın sabit təminatlı həyat səviyyəsini təmin etməkdir - Sadiq Qurbanov

Gələn ilin dövlət büdcəsi YAP Sədri, Prezident İlham Əliyevin uğurlu fəaliyyətinin nəticəsi, partiyanın siyasi töhfələri kimi səciyyələnməlidir

Noyabrın 17-də Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib. İclasda 2023-cü ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri və digər qanunlara dəyişikliklərlə bağlı layihələr birinci oxunuşda müzakirə edilib.

“İki sahil” xəbər verir ki,  büdcə müzakirəsidə çıxış edən Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov həmkarlarını  Yeni Azərbaycan Partiyasının qarşıdan gələn 30 illik yubileyi münasibəti ilə təbrik edib və Azərbaycanımızın çiçəklənməsi yolunda uğurlar arzulayıb.

Sadiq Qurbanov qeyd edib ki, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə böyük hədəfləri qarşısına məqsəd qoyan partiyanın yaradılması və ölkəmizi sevən insanların ulu öndərimiz Heydər Əliyev şəxsiyyəti ətrafında birləşməsi bugünkü Azərbaycanın inkişafında, güclənməsində müstəsna rol oynamaqla tarixə qızıl hərflərlə yazılıb: "YAP-ın yaranması müasir Azərbaycan tarixinin ən şərəfli və vacib səhifələrindən biridir. Danılmaz faktdır ki, dahi şəxsiyyət Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdaraq bütün məsuliyyəti üzərinə götürməsəydi, biz nə bugünki müstəqil, qüdrətli, sürətlə inkişaf edən, regionun lider dövlətindən, nə də yalnız Cənubi Qafqazda deyil, dünyanın aparıcı dövlətlərdən birinə çevrilən Azərbaycandan danışa bilməzdik. Ulu öndər Heydər Əliyev məktəbinin ən parlaq nümunəsi isə onun layiqli siyasi varisi Prezident İlham Əliyevdir. Yeni Azərbaycan Partiyası cənab Prezident İlham Əliyevin rəhbərliyi altında xalqın inamını və ehtimadını ən yüksək səviyyədə doğruldur.  44 günlük Vətən müharibəsində qazanılan çanlı Qələbə isə bütün dünyaya Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə inkişaf etmiş Azərbaycanın gücünü göstərdi. Onu da qeyd edim ki, bu gün Azərbaycan dövlətinin inkişafında əldə olunan misilsiz nailiyyətlər, siyasi proseslərdə liderliyi, eyni zamanda bugünkü müzakirə etdiyimiz 2023-cu ilin dövlət büdcəsi də qüdrətli partiya Sədrimiz,  Prezident İlham Əliyevin uğurlu fəaliyyətinin nəticəsi, həm də YAP-ın siyasi töhfələri kimi səciyyələndirilməlidir".

“Yaşıl iqtisadiyyat” prioritet məsələ kimi qarşıya qoyulub

Parlamentin komitə sədri bildirib ki, müstəqil Azərbaycan dövlətinin qurucusu Ümummilli Lider Heydər Əliyevin ideya və prinsipləri əsasında inamla irəliləyən dövlətimiz bu gün bütün sahələrdə-iqtisadi, sosial, siyasi və mədəni  inkişafın tarixi dönüş mərhələsini yaşayır: "Müzəffər Ali Baş Komandan, Prezident  İlham Əliyevin rəhbərliyi aparılan quruculuq və bərpa işləri Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında mövcud olan iqtisadi imkanların reallaşması baxımından  ölkəmizin sosial- iqtisadi inkişafının surətlənməsinə mühüm töhfə olacaq. Azərbaycan yeni inkişafın  astanasındadır.  Azərbaycanda yeni-yeni islahat konsepsiyalar hazırlanır. Bu konsepsiyalarnın hazırlanması və həyata keçirilməsi Azərbaycanın möhtəşəm inkişaf nümunələri olmaqla dünyaya iqtisadi gücümüzü təqdim etməyə əsas verir. Belə ki, 2023-ci il və növbəti 3 il üzrə iqtisad və sosial inkişaf konsepsiyasında göstərilən sosial iqtisadi  inkişaf modeli Azərbaycanda çox sahəli inkişafın yeni keyfiyyət səviyyəsinin müəyyən etməklə hər bir vətəndaşımızın sabit təminatlı həyat səviyyəsinə nail olmağını hədəfləyir. Bu strateji dövründə yeni artım modeli, özəl təşəbbüslərə keyfiyyətli və sağlam insan kapitalına söykənərək, dayanaqlı inkluziv inkişafı təmin edən, özəl təşəbbüslər və rəqabət qabiliyyətli açıq iqtisadiyyat modeli müasirləşmə strategiyasının əsas hədəf olacaqdır. Bu gün ölkədə təbii resuslardan dayanıqlı istifadə olunmaqla təmiz ekoloji mühit qurmaqla, iqtisadiyyatın ekolojiləşdirilməsi məsələsi, yəni dünya üçün mühüm olan “yaşıl iqtisadiyyat” da prioritet məsələ kimi qarşıya qoyulur. Bildiyimiz kimi Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral Sərəncamı ilə təsdiq edilmiş  “Azərbaycan 2030; sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində təmiz ətraf mühit  “və yaşıl artım” 5 əsas prioritetdən biri olaraq müəyyən edilmiş və bu prioritet daxilində yüksək keyfiyyətli ekoloji mühitin  və yaşıl enerji məkanının təmin edilməsi kimi iki strateji məqsədin effektiv reallaşdırılması nəzərdə tutulmuşdur".

Ətraf mühitin mühafizəsi ilə bağlı ayrılan vəsaitin artırılması təqdirəlayiqdir

Sadiq Qurbanov vurğulayıb ki, bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş və Milli Prioritetlərə əsaslanan “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial–iqtisadi inkişaf Strategiyasın”da bu istiqamətdə bir sıra hədəf indikatorları müəyyən edilib: "2023-cü il dövlət büdcəsində ətraf mühitin və təbiətin mühafizəsi, bioloji zənginliyin qorunması, torpaq və yerquruluşu, hidrometeorologiya, meşə təsərrüfatı, balıqçılıq və ovçuluq, ərazilərin təmizlənməsi, çirkab suların yığılması və təmizlənməsi, ətraf mühitin mühafizəsi üzrə tətbiqi tətqiqatlar və digər xidmətlər üzrə xərclər üçün 371,1 milyon manat vəsait proqnozlaşdırılmışdır ki, bu da 2022-ci illə müqayisədə 79,0 milyon manat və ya 27,0 faiz çoxdur. Bu sahəyə hökumətin diqqəti təqdirə layiqdir. Növbəti ilin dövlət büdcəsində ətraf mühitin mühafizəsi xərcləri üçün ayrılan vəsaitin 295,2 milyon manatı ərazilərin təmizlənməsi, çirkab suların yığılması və təmizlənməsi tədbirləri, 18,3 milyon manat torpaq və yer quruluşu tədbirlərinə, 15,5 milyon manatı meşə təsərrüfatı tədbirləri, 10,2 milyon manatı hidrometeorologiya tədbirləri, 8,4 milyon manatı bioloji zənginliyin qorunması tədbirləri, 1,6 balıqçılıq və ovçuluq tədbirləri, 21,9 milyon manatı ətraf mühitin mühafizəsi sahəsində aid edilən digər xidmətləri üçün nəzərdə tutulmuşdur. Bu sahəyə hökumətin diqqəti təqdirəlayiqdir. Qeyd etməliyəm ki, iqlim dəyikliyinin  qlobal iqtisadiyyata təsiri bütün dünyanı narahat etməkdədir. Azərbaycan da iqlim dəyişikliyinin təsirlərinə yüksək dərəcədə həssas bir ölkədir.

Əkinlərin suvarma suyu ilə təminatı 80%-dən 90%-ə çatdırılacaq

Azərbaycanda iqlim dəyişiklərini təsirləri özünü əsasən temperaturun artması, daşqınlar, sellər, quraqlıq və s. kimi təbiət hadisələrinin sayının artması ilə göstərir.  BMT-nin son proqnozlarına əsasən, 2050-ci ilə qədər iqlim dəyişikliyi səbəbindən Azərbaycanda su təchizatı 23.0 faiz azalacaq.
Ekoloji vəziyyətin yaxşılaşdırılması və su təchizatı sahəsində dayanıqlılığın təmin edilməsi məqsədilə dövlət tərəfindən qəbul edilən əsas sənədlərdən biri də Azərbaycan Respublikasını Prezidentinin 2020-ci il 27 iyul tarixli “Su ehtiyatından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamdır. Sözügedən sərəncamla müvafiq tədbirlər planı təsdiq edilmiş, qarşıya qoyulan hədəflərin reallaşması üçün yerinə yetirilməsi zəruri olan vəzifələr müəyyənləşdirilmişdir. Məsələn bu sənədə əsasən istifadəyə yararsız torpaq sahələrinin payı 25%-dən 15%-ə dək azaldılacaq və əkinlərin suvarma suyu ilə təminatı 80%-dən 90%-ə  çatdırılacaq. Göstərilən hədəflərə çatmaq üçün meliorasiya sahəsindəki problemlər nəzərə alınaraq ciddi tədbirlərin həyata keçirilməsi tələb olunur. Bu sahə ilə bağlı bir neçə statistik məlumatı diqqətinizə çatdırmaq istərdim: 2022-ci ildə ölkəmizdə formalaşan 17,1 milyard kub metr yerüstü su ehtiyatının 12,0 milyard kub metri, yaxud 70,2%-i qonşu ölkələrdən daxil olub. İqlim dəyişikliyinin
təsiri altında dünyada o cümlədən ölkəmizdə su ehtiyatları azalır ki, bunu nəzərə alan qonşu ölkələr su resurslarından daha çox istifadə etmək uçun tədbirlər görürlər. Bu isə transsərhəd çayları vasitəsilə ölkəmizə daxil olan suyun miqdarının daha da azalmasına səbəb olur və bu davam edəcək.
Bunu deməyə əsasımız var. Belə ki, son illərdə transsərhəd çayları vasitəsilə ölkəmizə daxil olan suyun miqdarında ciddi azalma müşahidə edilir. 2017-ci ildə Azərbaycana qonşu ölkələrdən 12,4 milyard kub metr daxil olmuş, 2022-ci ildə isə bu 3,2 faiz azalmışdır. Daxil olan suyun azalması ilə yanaşı ölkə daxilində sudan istifadə 9,6% artaraq 9,1 milyard kub metrə, o cümlədən suvarmada istifadə edilən suyun miqdarı 2019-cu ildə 7,3 milyard kub metrdən 2022-ci ildə 7,8 milyard kub metrə qədər artmışdır". Bu sahəyə xüsusi diqqət ayrılmasına ehtiyac olduğunu qeyd edən deputat dövlər büdcəsinin güclü Azərbaycanın inkişafına xüsusi töhvə verəcəyinə inandığını bildirib.