“Azərbaycan və Albaniya arasında uğurlu əməkdaşlıq əlaqələri mövcuddur. İki ölkə arasında diplomatik münasibətlər 1993-cü ilin sentyabrın 23-də qurulub. Prezident İlham Əliyevin 15 noyabr tarixində Albaniyaya rəsmi səfəri iki ölkə arasında münasibətlərdə yeni mərhələ açdı. Albaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü həm işğal dövründə, həm də İkinci Qarabağ müharibəsi dövründə dəstəkləyib və bu dəstək həmişə qarşılıqlı olub. İki ölkə arasında siyasi dialoq daim yüksələn xətt üzrə inkişaf edib.”
“İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov bildirib.
K.Bayramov qeyd edib ki, Azərbaycan və Albaniya arasında enerji sahəsində əməkdaşlıq yüksək səviyyədədir. Albaniya ölkəmizin enerji infrastrukturunda aktiv iştirak etməkdə maraqlıdır. Albaniyanın yüksək səviyyəli rəsmiləri Cənub Qaz Dəhlizi Məşvərət Şurasının bütün iclaslarında iştirak edib və layihənin icrasına töhfə veriblər. Albaniya TAP vasitəsilə Cənub Qaz Dəhlizinin (CQD) iştirakçısıdır. TAP layihəsi üzrə Hökumətlərarası Saziş 2013-cü ilin fevral ayında Albaniya, İtaliya və Yunanıstan dövlətləri arasında imzalanmış və 2016-cı ilin mart ayından tikinti işləri başlamışdır. 2020-ci ilin dekabrın 31-də TAP boru kəməri vasitəsilə kommersiya qazının nəqlinə başlanılıb. Albaniya podratçı şirkətləri də TAP boru kəmərinin tikinti işlərində iştirak ediblər. TAP layihəsinin icrası Albaniyada məşğulluğun artmasına böyük töhfə verib. 2022-ci ilin yanvar-sentyabr aylarında Albaniya Azərbaycanın 86-cı xarici ticarət tərəfdaşı olub. Ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 1,45 milyon ABŞ dolları, o cümlədən, idxalın həcmi 1,14 milyon dollar, ixracın həcmi 0,31 milyon dollar təşkil edib, xarici ticarət saldosu isə mənfi 0,83 milyon dollar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə, cari ilin yanvar-sentyabr aylarında Albaniya Respublikası ilə ticarət dövriyyəsi 2,78 dəfə, o cümlədən, idxal 2,69 dəfə, ixrac isə 3,14 dəfə çox olub. Azərbaycanda tikinti və xidmət sahələrində fəaliyyət göstərən 3 Albaniya investisiyalı şirkət qeydiyyatdan keçib.
K.Bayramov diqqətə çatdırıb ki, noyabrın 15-də prezidentlərin mətbuata birgə bəyanatları zamanı Bayram Beqay bildirib ki, gələn il diplomatik münasibətlərin 30-cu ildönümü qeyd ediləcək. 2023-cü ildə biz əməkdaşlığımızın daha intensiv mərhələsinə qədəm qoyacağıq.
Bayram Beqay Albaniyanın Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəklədiyini və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmasına öz dəstəyini verdiyini söyləyərək dedi ki, hər iki ölkə arasında beynəlxalq təşkilatlarda, BMT-də, Avropa Şurasında məhsuldar əməkdaşlıq mövcuddur. Dövlət başçımız Albaniya prezidentlərinin əvvəlki illərdə Azərbaycana dəfələrlə səfərlərini xatırlatdı və vurğuladı ki, bu təmaslar siyasi dialoqun çox gözəl təzahürlərinin olduğunu və çox güclü dinamizmim mövcudluğunu təsdiqləyir.
Deputat əlavə edib ki, Azərbaycan öz enerji təhlükəsizliyini 100 faiz təmin edən ölkədir. Eyni zamanda, ölkəmiz Avropa İttifaqının üzvlərinin də enerji təhlükəsizliyini təmin edir. Azərbaycan neft, qaz, elektrik enerjisi, neft-kimya məhsulları ixrac edir və Avropa ölkələrinin Azərbaycan enerji resurslarına ehtiyacı heç vaxt olmadığı qədər böyükdür. Avropa İttifaqının Cənubi Qafqazda ticarət dövriyyəsinin üçdə ikisi Azərbaycanın payına düşür. Bu baxımdan, Azərbaycan da Cənubi Qafqazda Avropa İttifaqının əsas ticarət tərəfdaşıdır.