18 noyabr 2022 22:26
565

Xalqa əsl xidmət nümunəsi

Müsahibimiz Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının sədr müavini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanovadır

- Cəmiyyətin avanqard qüvvəsi olan Yeni Azərbaycan Partiyasının yaradılmasının 30-cu ildönümünü qeyd edirik. Hər bir tarixi hadisə keçilən yolun təhlilini bir zərurət kimi ortaya qoyur. Bu prizmadan yanaşaraq  tariximizə  1992-ci il 21 noyabr tarixinin önəmli səhifə kimi yazılmasını zəruri edən səbəblər hansılardır?

- Həmin dövr xalqımızın, dövlətimizin ən ağır günlərindən idi. Ölkədə vəziyyət o qədər acınacaqlı idi ki, kövrək müstəqilliyi itirmək təhlükəsi yaranmışdı. Ermənistanın torpaqlarımızın müəyyən hissəsini işğal etməsi, separatizm, vətəndaş müharibəsi Azərbaycan adlı ölkənin dünyanın siyasi xəritəsindən silinmək təhlükəsini yaratmışdı. Doğrudur, həmin dövrdə bir sıra partiyalar fəaliyyət göstəriridi. Amma onları ancaq hakimiyyəti ələ keçirmək düşündürürdü. Azərbaycanın düşdüyü ağır durum, müstəqilliyin itirilməsi təhlükəsi onları düşündürmürdü. AXC-Müsavat cütlüyü Azərbaycanı vətəndaş müharibəsi ilə üz-üzə qoymuşdu. Mən o zaman indiki Şirvan, o vaxt Əli Bayramlı adlandırılan  şəhərdə yaşayır, Şəhər Sovetinin sədri vəzifəsində çalışırdım. Həmin vaxtlarda ölkədə vəziyyətin nə qədər ağır olduğunun canlı şahidi idim. O çətin şəraitdə ölkəmizi bu vəziyyətdən ancaq  Ulu Öndərimiz xilas edə bilərdi. Vəziyyətin ağırlığını yaxşı anlayan böyük bir ziyalı qrupu Naxçıvana - Heydər Əliyevə müraciət ünvanladı. Xalqına böyük məhəbbətlə bağlı olan ulu öndər Heydər Əliyev Azərbaycanın belə vəziyyətdə olmasına laqeyd qala bilməzdi və ona ünvanlanan müraciətə razılıq verdi. Yeni Azərbaycan Partiyası zərurətdən yaranan partiya idi. Xalqın ümid yeri Heydər Əliyev idi.  Biz Əli Bayramlı şəhərində Yeni Azərbaycan Partiyasının təşkilatlanması ilə məşğul olanda sadə insanlar, evdar qadınlar üzvlük üçün bizə müraciət edərək bildirirdilər ki, ölkəni ancaq Heydər Əliyev xilas edə bilər. Xalq qurtuluşu ulu öndər Heydər Əliyevdə görürdü. Ona görə də Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət idi. Xalqın böyük dəstəyini qazanan YAP bir il sonra xalqın böyük dəstəyi ilə hakim partiya oldu. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev dövlətimizi bəlalardan xilas etdi. 15 iyun tarixini biz Qurtuluş Günü kimi qeyd edirik. Çünki həmin tarix xalqımızın, dövlətimizin qurtuluşu idi. Ulu Öndərimiz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, ölkədəki ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Dahi siyasətçi Ulu Öndərin böyük səyləri ilə ən qısa zamanda ölkədə ictimai-siyasi sabitlik təmin edildi, uğurlu dövlət quruculuğu prosesinin əsası qoyuldu. Cəbhədə atəşkəsin elan olunmasından sonra ordu quruculuğu geniş vüsət aldı, cinayətkarlığın qarşısı alındı, bütün qanunsuz silahlı dəstələr ləğv olundu. 1994-cü ilin oktyabr, 1995-ci ilin mart dövlət çevrilişi cəhdləri müasir tariximizin qara ləkələridir. Amma Ümummilli Lider təmkinli və çox uzaqgörən siyasəti nəticəsində dövlətçiliyimizə zərbə vurmağa hesablanan bu təxribatların qarşısını aldı. Ulu Öndərimiz addım-addım Azərbaycan dövlətini möhkəmləndirdi. Heydər Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan partiyası da sıralarını genişləndirir, xalq arasında nüfuzunu artırır və ona olan ümidləri doğruldurdu. Düşünülmüş neft strategiyasının məntiqi nəticəsi olaraq "Əsrin müqaviləsi" kimi məşhur olan irimiqyaslı beynəlxalq neft sazişinin imzalanması böyük hadisə idi.

Azərbaycan iqtisadiyyatının gələcək inkişafının təməli qoyuldu. Partiya quruculuğu istiqamətində də qısa müddət ərzində xeyli iş görüldü. Ulu Öndərin tapşırığı ilə partiyanın qərargah, əmlak məsələləri həll edildi. Partiyanın birinci qurultayına qədər YAP Əli Bayramlı şəhər təşkilatının qərargah hazır idi və qərargahın fotosunu Gülüstan sarayında keçirilən tədbirdə Ulu Öndərimizə təqdim etdim. Ötən illər ərzində böyük inkişaf yolu keçən YAP  bu gün nəinki ölkənin, ümumilikdə Cənubi Qafqazın ən böyük siyasi gücüdür. Yeni Azərbaycan Partiyasının 30 illiyi ilə bağlı ayrı-ayrı regionlarda keçirilən tədbirlərdə iştirak edirik. Yerlərdə xalqın partiyaya olan sevgisinin bir daha şahidi oluruq. Həqiqətən də Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır. Gələcək isə daha da işıqlı olacaq.

- Ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, hazırda Azərbaycan Respublikasının Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası zəfərlər partiyasıdır. 30 illik şərəfli və zəngin inkişaf  yolunu necə dəyərləndirirsiniz?

- Bir məqamı qeyd edim. Ulu Öndərimiz 2003-cü il oktyabr ayının 1-də xalqına müraciətində demişdi: “Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər”. Elə həmin il ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli və uğurlu davamçısı kimi prezident seçkilərinə qatılan cənab İlham Əliyevin qələbəsi həm də Yeni Azərbaycan Partiyasının nailiyyəti idi. Həmin ildən sonra keçirilən bütün seçkilərin qalibi olan Prezident İlham Əliyevin qələbəsi həm də YAP-ın uğurudur. Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin Sədrliyi ilə böyük tarixi yol keçib. Prezident İlham Əliyevin rəhbərliyi ilə siyasi, iqtisadi, sosial və hərbi sahələrdə böyük tərəqqi əldə edilib.

Dövlət başçısının rəhbərliyi ilə əldə edilən uğurlar, eyni zamanda, YAP-ın da cəmiyyətdəki alternativsiz qüvvə kimi mövqeyini möhkəmləndirib. YAP-ın hakim partiya kimi cəmiyyətdəki uğurları həm də Prezident İlham Əliyevin fəaliyyəti fonunda nəzərdən keçirilir. Uzaqgörən inkişaf strategiyası nəticəsində ölkəmiz dayanıqlı və davamlı iqtisadi inkişafa nail oldu, dünyadakı nüfuzunu daha da artırdı. 2003-cü ildən ötən illər ərzində regionların inkişafı ilə bağlı müxtəlif Dövlət proqramları qəbul edildi. Bu proqramların uğurlu icrası nəticəsində regionlarımız böyük inkişaf yolu keçdilər.  “Əsrin müqaviləsi”nin 20 illiyində Cənub Qaz Dəhlizinin təməlinin qoyulması, 23 illiyində, yəni 2017-ci ilin sentyabrında Bakıda “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni Sazişin imzalanması da bunun bariz nümunəsidir. 2018-ci ilə  Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu, həmin ilin iyun ayında bu unikal layihənin əsas tərkib hissələri olan TANAP, daha sonra isə TAP istifadəyə verildi. İmzalanan beynəlxalq müqavilələr nəticəsində ölkəmiz həm etibarlı tərəfdaş kimi dünyada mövqeyini möhkəmləndirdi, həm də beynəlxalq nəqliyyat qovşağına çevrildi. Eyni zamanda, ən böyük problemimiz olan Qarabağ münaqişəsinin həlli istiqamətində beynəlxalq hüquqi baza yaradıldı.

Qazanılan, uğurlarla addım-addım Zəfərə doğru gedirdik. Ulu öndər Heydər Əliyevin ən böyük arzusu işğal altında olan torpaqlarımızın azad edilməsi idi. Ulu Öndərin bu arzusunu Onun layiqli davamçısı Prezident İlham Əliyev yerinə yetirdi. 44 gün davam edən Vətən müharibəsində işğal altında olan torpaqlarımız mənfur düşməndən azad edildi, düşmən torpaqlarımızdan qovuldu, ərazi bütövlüyümüz bərpa edildi. Azərbaycan Prezident İlham Əliyevin qətiyyətli iradəsi, müdrik siyasətinin nəticəsidir ki, bu şanlı qələbə tariximizə həkk olundu. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın YAP Sədrinin birinci müavini təyin olunması partiyanın və ölkəmizin həyatında çox böyük əhəmiyyət kəsb edir. Artıq həllini tapan Qarabağ münaqişəsi ilə bağlı  həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında Heydər Əliyev Fondunun xidmətləri misilsizdir. Mehriban xanımın rəhbərliyi və təşəbbüsü ilə ayrı-ayrı ölkələrdə müxtəlif layihələrin həyata keçirilməsi Azərbaycan həqiqətlərinin təbliğinə, dostlarımızın sayının artırılmasına xidmət edirdi. Bu layihələrin nəticəsində qazandığımız dostlar Azərbaycanın yanında oldular, ölkəmizi müdafiə etdilər. Biz bunun nəticəsini 44 günlük Vətən müharibəsində gördük.

- Yeni Azərbaycan Partiyasının sıralarında qadınların çoxluq təşkil etməsini necə qiymətləndirirsiniz?

- Ümumiyyətlə, bütün siyasi  partiyalarda qadınların təmsilçiliyi vacibdir. Ölkədə aparılan gender siyasətinin nəticəsi siyasi partiyalarda da əksini tapır. Bildiyiniz kimi, 2006-cı ildə “Gender bərabərliyi haqqında” Qanun qəbul olunub. Bu qanunun həyata keçirilməsi istiqamətində Azərbaycan hökuməti  Milli Məclis qarşısında hər il hesabat  verir. Bu hesabatda  təkcə dövlət qurumlarında gender bərabərliyinin təmin olunması ilə  kifayətlənmir, həm də siyasi partiyalarda  gender bərabərliyinin təmin olunması məsələsi də qoyulur, hər il təhlil olunur. Digər partiyalardan fərqli olaraq Yeni Azərbaycan Partiyasının tərkibində qadınların təmsilçiliyi yüksək səviyyədədir. Biz bunu rəhbər strukturlarda da görə bilərik. Həm qadınlara, həm də kişilərə bərabər imkan, bərabər şərait yaradılıb. Hesab edirəm ki, Yeni Azərbaycan Partiyası qadınların təmsilçiliyinə görə digər partiyalar üçün nümunədir və bu sahədə təcrübəni öyrənməyə dəyər. Azərbaycanın hər bir bölgəsində qadınların ictimai-siyasi fəallığını təmin etməkdən ötrü YAP müxtəlif tədbirlər keçirir. Partiyanın VII qurultayından sonra mərkəzi qərargahda müxtəlif təşkilati məsələlər həyata keçirilib. Onlardan biri də Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında Gender şöbəsinin  fəaliyyətə başlamasıdır. Bu şöbə çox fəal  işləyərək, qadınların ictimai -siyasi  fəallığını təmin etməkdən ötrü müxtəlif tədbirlər həyata keçirir.

- Yeni Azərbaycan Partiyası tariximizə qələbələr, zəfərlər partiyası kimi yazılıb. Bu  yaxınlarda ikinci ildönümünü qeyd etdiyimiz tarixi Zəfərimizin yaratdığı reallıqlar fonunda Yeni Azərbaycan Partiyasının   gələcəyini necə şərh  edərdiniz?

- Biz qalib ölkə, qalib xalqıq. Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi ordumuz 44 günlük Vətən müharibəsində düşməni məğlub edərək, torpaqlarımızı işğaldan azad etdi. Müharibə günlərində dəmir yumruq ətrafında sıx birləşən xalqımız dünyaya birlik mesajı verdi. Qalib olduğumuz bu müharibə bir daha Liderimizin nə qədər peşəkar və uzaqgörən siyasətçi olduğunu göstərdi. Cəbhədə qazandığımız qələbələrlə yanaşı, informasiya, diplomatiya sahələrində də böyük uğurlar əldə edildi. Ərazi bütövlüyümüzü bərpa etməklə ata vəsiyyətini yerinə yetirən Prezident İlham Əliyev adını tarixə qalib Sərkərdə kimi yazdı. Ulu Öndərin “Mən İlham Əliyevə  özüm qədər inanıram” sözləri həyatda da öz təsdiqini tapdı.

Yeni Azərbaycan Partiyasının 30 illiyi ilə bağlı bölgələrdə müxtəlif toplantılar keçirilir. Bu toplantılarda qazilər, şəhid ailələrinin üzvləri geniş tərkibdə iştirak edirlər. Onların müharibə ilə bağlı xatirələrini dinlədikcə qürur hissi keçiririk ki, bizim belə vətənpərvər igidlərimiz var. Yeni Azərbaycan Partiyası 30 illik fəaliyyəti dövründə gənclərin vətənpərvərlik ruhunda yetişməsi üçün müxtəlif tədbirlər  həyata keçirib. İndi bizim qarşımızda hansı məsələlər dayanır? Partiyamız artıq start verilən Böyük Qayıdış istiqamətində öz rolunu oynayacaq.  Müharibə iştirakçıları, şəhid ailələrinə qayğı bundan sonra da Yeni Azərbaycan Partiyasının fəaliyyətində prioritet olacaq.

Yaqut Ağaşahqızı, "İki sahil"