19 noyabr 2022 15:06
508

Azərbaycan ilə Qazaxıstan arasında 100-dən çox sənəd imzalanıb

Azərbaycanla Qazaxıstan arasında güclü hüquqi baza mövcuddur və son 30 il ərzində əməkdaşlığın müxtəlif sahələrini əhatə edən 100-dən çox müqavilə, saziş və digər sənəd imzalanıb.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov deyib.

"Qazaxıstan prezidentinin Azərbaycana rəsmi səfərinin nəticələri münasibətlərin mövcud hüquqi əsaslarını daha da möhkəmləndirdi. Səfər zamanı sənədlər paketi imzalandı. Onların arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik əməkdaşlığının dərinləşdirilməsi haqqında Bəyannaməni xüsusi qeyd etmək istərdim. Bu mühüm sənədin imzalanması ilə müttəfiqlik əlaqələrimiz bir daha sabitləşdi və ən yüksək səviyyədə təsdiq olundu", - deyə o bildirib.

Səfirin sözlərinə görə, Azərbaycan və Qazaxıstanı birləşdirən bir çox amillər səmərəli əməkdaşlığın qurulması üçün möhkəm zəmin yaradır. Bu, ortaq tarix, türk köklərinin ortaqlığı, mədəni dəyərlərin yaxınlığı, eləcə də Xəzərdə qonşuluqdur.

"Burada cari regional və qlobal proseslərə baxışların oxşarlığı mühüm rol oynayır. Beləliklə, ölkələrimiz və xalqlarımız arasında daha da yaxınlaşma, dövlətlərimiz arasında çoxşaxəli qarşılıqlı fəaliyyətin inkişafı üçün bütün ilkin şərtlər mövcuddur. Bütün bu amillərə əsaslanaraq əminliklə demək olar ki, ikitərəfli münasibətlərin inkişaf perspektivləri var" - o əlavə edib.