19 noyabr 2022 18:30
562

Fransa Azərbaycanı dəstəkləyən ölkələrə siyasi təzyiqlər göstərib

Fransa tərəfindən Tunisin Cerba şəhərində davam edən Beynəlxalq Frankofoniya Təşkilatının Zirvə Görüşü çərçivəsində Cerba Bəyannaməsinin və Frankofoniya ərazisində böhran vəziyyətlərinə həsr olunmuş qətnamə layihəsinin ilkin mətnlərində Azərbaycan əleyhinə birtərəfli, qərəzli və təhriflərlə dolu təhrikçi ifadələrə etiraz edən dövlətlərə əlavə siyasi təzyiqlər və diplomatik praktikadan kənar çəkindirmə addımları atılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Qeyd edilib ki, bu təzyiqlərə baxmayaraq, 18 noyabr 2022-ci il tarixində keçirilmiş Beynəlxalq Frankofoniya Təşkilatına üzv dövlətlərin Nazirlər İclası zamanı bəzi üzv dövlətlər bir daha söz götürərək qətnamə layihəsinin müvafiq bəndlərinə etiraz etdiklərini və sənədin qəbuluna razı olmadıqlarını bəyan edib: “Bununla belə, etirazlara məhəl qoyulmadan, qərar qəbuletmə prosedurları pozularaq və üzv dövlətlərin mövqeləri nəzərə alınmadan, sənəd layihəsinin Zirvə Görüşünə təqdim edilməsi üçün təsdiqləndiyi bildirilib. Bu məqamda qərara etiraz edən nümayəndələr konfrans zalını tərk edib”.