Dövlətlərin siyasi tarixində özünəməxsus iz qoyan, onun inkişafında müstəsna rola malik olan siyasi partiyalar ictimai-siyasi, sosial sifarişlər nəticəsində meydana çıxır. Siyasi kataklizmlərin fonunda cəmiyyətin aparıcı kəsimi mütləq dəyişikliklərə zərurət hiss edir və xalqın diqqətini nicat yoluna yönəldir. 1990-cı illərdə Azərbaycanda da analoji vəziyyət hökm sürürdü. Siyasi gərginliklər yenicə müstəqillik əldə etmiş Azəbaycanın gələcəyini sual altına qoyurdu. Təsadüfi hakimiyyətin apardığı siyasət bütün sferalarda iflasa uğramışdı. İqtisadiyyat yox səviyyəsində idi, siyasi təlatümlər ölkədə təhlükəsizlik anlayışını məcazi çərçivəyə salmışdı. Xarici təhdidlərin isə ardı-arası kəsilmirdi – bir tərəfdə erməni işğalı, digər tərəfdə isə ölkədə öz maraqlarını təmin etmək uğrunda mübarizə aparan siyasi güclərin "lider" kimi funksionallaşdırdığı şəxslərin hakimiyyət iddiaları. Məhz belə bir dövrdə, 1992-ci ilin payızında 91 nəfər ziyalı xalqın xilaskarına – ümummilli lider Heydər Əliyevə müraciət etdi. Ziyalılar qədim Azərbaycan yurdu Naxçıvanın mövcud blokada vəziyyətində belə təslim olmasına imkan verməyən, xilas edən ulu öndər Heydər Əliyevə yeni, milli maraqları qoruyacaq, milli dövlətçiliyi qoruyacaq siyasi partiya yaradılması zərurətinin yarandığını bildirdilər. 1992-ci il oktyabrın 16-da 91 nəfər ziyalının imzaladığı müraciətdə deyilirdi: “Dövlət quruculuğundakı çoxillik təcrübənizə əsaslanaraq Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütlələrini özündə birləşdirə biləcək böyük, güclü, nüfuzlu və işlək partiya yarada bilərsiniz. Öz adımızdan və on minlərlə respublika vətəndaşı adından Sizdən xahiş edirik ki, təşəkkül tapan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir”.
Ümummilli lider Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”.
Beləliklə, tarixi-siyasi zərurətin yaranmasından bir il ötməmiş hakimiyyətə gələn, cəmisi 30 ildən sonra isə Cənubi Qafqazın ən böyük, monolit, güclü, vətənpərvər, milli maraqları özünün əsas qayəsinə çevirmiş Yeni Azərbaycan Partiyasını siyasi səhnəyə çıxardı. Bu reallıqlar xalqın Ümummilli Liderə verdiyi dəyərin, Ona bəslədiyi sevginin, inamın və etimadın fonunda özünü nümayiş etdirmiş oldu. 2021-ci ilin martın 5-də Yeni Azərbaycan Partiyasının VII qurultayında çıxış edən YAP Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirdi ki, Yeni Azərbaycan Partiyasının yaradılması zərurət idi: "O vaxt, yenə də deyirəm, cəsarətli, qorxmaz insanlar açıq-aydın görürdülər ki, təzə-təzə müstəqilliyə qovuşmuş gənc ölkəmiz böyük fəlakətlə üz-üzədir və artıq ölkədə gedən proseslər idarəolunmaz xarakter almışdır. Hərbi məğlubiyyət, eyni zamanda, daxili böhranla tamamlanır. Ölkə daxilində gedən xoşagəlməz proseslər, siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizə ölkəmizin müstəqil yaşamasını sual altına qoymuşdu".
***
1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası yaradıldı və ulu öndər Heydər Əliyev partiyanın Sədri seçildi. YAP-ın yaranması, ümummilli lider Heydər Əliyevin bu partiyaya Sədr seçilməsi respublikanın o zamankı gərgin, təhlükəli ictimai-siyasi vəziyyətindən və getdikcə bu vəziyyətin daha da kəskinləşməsindən irəli gələn tarixi zərurət oldu. O zamankı hakimiyyət dairələrinin Yeni Azərbaycan Partiyasının yaranmasına qarşı göstərdikləri maneələr, ardıcıl təzyiqlər bu yola qədəm qoyan insanları özlərinin ali məqsədlərindən döndərə bilmədi. Çünki bütün uzaqgörən insanlar Heydər Əliyevin rəhbəri olduğu bu qurumun xilaskar bir missiya üçün yarandığını anlayır və Yeni Azərbaycan Partiyasına dəstəklərini əsirgəmirdilər. Həmin tarixi hadisələri dəyərləndirən ulu öndər Heydər Əliyev deyirdi: “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içərisindən çıxan zərurətdir... Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan... ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmış bir partiyadır”.
30 illik şərəfli bir tarix yaşamış YAP-ın ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas proqram məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub. Partiyamız ötən 30 ildə öz məqsədlərinə uyğun fəaliyyət göstərib. Azərbaycan Respublikasının Prezidenti, YAP-ın Sədri İlham Əliyevin partiyanın VII qurultayında vurğuladığı kimi, Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Partiyamızın böyük ənənələri var.
Səmərəli fəaliyyətin və yüksək siyasi nüfuzun qanunauyğun nəticəsi kimi ümumxalq partiyasına çevrilən, 760 mindən artıq üzvü olan YAP ötən müddət ərzində özünün məram və məqsədlərini, milli maraqları şərəflə qorumuş, ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində inamlı qələbələr qazanaraq qələbələr partiyası kimi çıxış etmişdir. Eyni zamanda, ötən müddət ərzində YAP-ın keçirdiyi qurultaylarda (1999, 2001, 2005, 2008, 2013, 2018, 2021) qəbul etdiyi tarixi qərarlar ölkəmizin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından mühüm rol oynamışdır.
***
Xüsusi olaraq qeyd etmək lazımdır ki, 1999-cu ildə keçirilmiş qurultaydan sonra Yeni Azərbaycan Partiyasının inkişafında mühüm bir səhifə açıldı. Ulu öndər Heydər Əliyev YAP üzvlərinin yeni mərhələdə əsas vəzifələrini və istiqamətlərini müəyyənləşdirdi. Ən mühüm amil isə partiyada Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə aparılan gəncləşdirmə siyasəti oldu. Partiyanın rəhbərliyində Azərbaycan gənclərinin lideri olaraq İlham Əliyevin təmsilçiliyi bu mənada xüsusilə qeyd olunmalıdır. Məhz 1999-cu ildə keçirilən qurultayda o zaman ARDNŞ-nin birinci vitse-prezidenti və Milli Olimpiya Komitəsinin prezidenti olan İlham Əliyev partiyanın rəhbər strukturuna seçildi. Bu, partiyanın yeni mərhələdə qazanacağı uğurların başlanğıc nöqtəsi də sayıla bilərdi. Ulu öndər Heydər Əliyevin siyasi varisi olaraq cənab İlham Əliyev Yeni Azərbaycan Partiyasının gələcək fəaliyyətini daha geniş beynəlxalq müstəvilərə daşımaq məqsədini uğurla həyata keçirdi. Həmin qurultaydan sonrakı dövrdə Yeni Azərbaycan Partiyası dünyanın bir sıra ölkələrinin siyasi təşkilatları ilə ikitərəfli əlaqələr qurdu, beynəlxalq təşkilatlarda təmsilçilik hüququ qazandı. Buna isə yeni dövrün yeni lideri olan cənab İlham Əliyevin xüsusi xidmətləri sayəsində nail olundu. Bu amil həm də Yeni Azərbaycan Partiyasına gənclərin marağına və axınına səbəb olmuşdu. Məhz gənc kadrlara verilən yüksək qiymət, yeni mərhələdə gənclərə etimad məsələsi Yeni Azərbaycan Partiyasının üzvlərinin arasında gənclərin sırasını daha da genişləndirdi.

2005-ci ilin mart ayında keçirilən YAP-ın III qurultayında Azərbaycan Prezidenti, YAP Sədrinin birinci müavini cənab İlham Əliyevin partiyanın Sədri seçilməsi ilə partiyanın həyatında yeni mərhələ başladı. Prezident İlham Əliyevin YAP-ın Sədri seçilməsindən sonra kəmiyyət və keyfiyyət baxımından partiyada əhəmiyyətli dərəcədə dəyişikliklər müşahidə olundu. Faktlara diqqət yetirdikdə ötən müddət ərzində Heydər Əliyev ideyalarına söykənən partiyamızın ilbəil gücləndiyinin bir daha şahidi olarıq. Belə ki, əgər YAP-ın 2001-ci ildə keçirilmiş II qurultayı zamanı partiya üzvlərinin sayı 230 min nəfər idisə, III qurultaya qədər bu göstərici 360 min nəfərə yüksəlmişdi. Əminliklə söyləyə bilərik ki, cəmiyyətin avanqard siyasi qüvvəsi kimi Yeni Azərbaycan Partiyası xalqımızın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə özünün layiqli töhfəsini verib və bu siyasət bu gün də uğurla davam etdirilir. YAP öz səmərəli fəaliyyəti ilə Azərbaycanın inkişafına xüsusi töhfələr verir, ölkənin etibarlı gələcəyinin təmin olunmasında müstəsna rol oynayır. Bir sözlə, ulu öndər Heydər Əliyevin bildirdiyi kimi, Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır.
***
2020-ci il Vətən müharibəsində əldə olunan Qələbə Azərbaycan üçün də yeni siyasi reallıqlar yaratdı. Bu reallıqlar Azərbaycana qalib ölkə statusu qazandırmaqla yanaşı, ölkəmizi yerləşdiyi bölgənin əsas siyasi güc mərkəzinə çevirdi. Bu amil ölkənin siyasi həyatının inkişafında da mühüm rol oynamalı idi. 2021-ci ildə keçirilmiş YAP-ın VII qurultayı məhz yeni dövrdə, yeni siyasi konfiqurasiyada partiyamızın özünəməxsus yer tutmasını şərtləndirən amillərdən oldu.
Yeni Azərbaycan Partiyasının VII qurultayı həm ölkəmiz, həm də partiyamız üçün əlamətdar və mühüm ictimai-siyasi hadisəyə çevrildi. Cəmiyyətin bütün təbəqələrindən olan insanları öz sıralarında birləşdirən ümumxalq partiyası olaraq YAP ölkə daxilində ictimai-siyasi münasibətlərin inkişafında, həmçinin Azərbaycanın tərəqqisində mühüm rol oynayan aparıcı qüvvə kimi fəaliyyətini daha da təkmilləşdirdi. Azərbaycanın gələcək inkişafı üçün yeni hədəflərin və strateji prioritetlərin müəyyənləşdirildiyi bir dövrdə baş tutan VII qurultay həm partiyamız, həm də bütövlükdə siyasi palitramız üçün yeni perspektivlərin, yeni çağırışların əsasını qoydu. Bu qurultayda partiyanın rəhbər strukturlarının yenidən formalaşdırılması ilə bağlı əhəmiyyətli qərarlar qəbul edildi. Partiyanın yeni Nizamnaməsi təsdiq edildi, YAP-ın İdarə Heyəti, Təftiş Komissiyası, Veteranlar Şurası seçildi və bir sıra siyasi partiyaların Yeni Azərbaycan Partiyasına qoşulmasına dair müraciətlərinə baxıldı. Eyni zamanda, yeni islahatlar və dəyişikliklər çərçivəsində partiyanın idarə olunmasında, partiya fəaliyyətinin tənzimlənməsində müvafiq addımların atılması təmin olundu. Bütün bu məsələlər YAP-ın VII qurultayında təsdiq edilən yeni Nizamnamədə öz əksini tapdı. Bütövlükdə, sözügedən addımlar partiya həyatında daha çevik və effektiv idarəetmə mexanizminin formalaşdırılması baxımından böyük əhəmiyyətə malikdir.
***
Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, partiyamızın Sədri cənab İlham Əliyevin Sərəncamı ilə Mehriban xanım Əliyevanın partiya Sədrinin birinci müavini təyin edilməsi YAP-ın fəaliyyətində yeni keyfiyyət dəyişikliklərinin əsasının qoyulması və qarşıdakı dövrdə ardıcıl nailiyyətlərin əldə olunması baxımından xüsusi önəm daşıyır. Mehriban xanım Əliyevanın partiyamızın Sədrinin birinci müavini kimi fəaliyyəti YAP-ın nüfuzunun və gücünün, Yeni Azərbaycan Partiyasına ictimai dəstəyin daha da artması baxımından olduqca mühüm əhəmiyyətə malikdir. İnkaredilməz həqiqətdir ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın milli maraqlara, bəşəri dəyərlərə əsaslanan çoxşaxəli fəaliyyəti həm ölkəmizdə, həm də beynəlxalq səviyyədə çox yüksək qiymətləndirilir, dərin rəğbətlə qarşılanır. Mehriban xanım Əliyeva ötən müddət ərzində milli maraqları daim üstün tutaraq xalqa və dövlətə ləyaqətlə xidmət edib, vətəndaş məmnunluğunun artmasına, əhalinin rifahının daha da yaxşılaşmasına xidmət edən mühüm təşəbbüslərlə çıxış edib, xüsusilə də sosial məsələlərin həllinə yüksək diqqət göstərib. Bunlarla yanaşı, fəaliyyəti humanizm və vətənpərvərlik prinsiplərinə əsaslanan Mehriban xanım Əliyeva ölkəmizin müsbət beynəlxalq imicinin daha da möhkəmlənməsinə, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasına müstəsna töhfələr verib. VII qurultaydakı çıxışında Prezident İlham Əliyev də bildirmişdi ki, partiya yeniləşmiş formatda, o cümlədən rəhbər orqanlarında təmsil olunan namizədləri nəzərə alsaq daha fəal olacaq, ölkə qarşısında duran problemləri daha fəal icra edəcəkdir: "Həyat dəyişir, zəmanə dəyişir. Bir daha demək istəyirəm ki, biz ən müasir təcrübəni Azərbaycanda bütün sahələrdə tətbiq etməliyik, o cümlədən siyasi islahatlar sahəsində. Əminəm ki, partiyanın rəhbər orqanlarında təmsil olunan üzvləri fəal olacaqlar, partiyamızın fəaliyyətində öz rolunu oynayacaqlar, ümumi işimizə öz töhfəsini verəcəklər ki, partiyamız bundan sonra da ölkəmizin aparıcı siyasi qüvvəsi olaraq qalsın. Mən buna şübhə etmirəm". Beləliklə, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən partiya qarşısında yeni vəzifələr və hədəflər müəyyənləşdirmişdir. Bu hədəflər və vəzifələr 44 günlük Vətən müharibəsində qazanılmış böyük Qələbədən sonra yaranmış yeni reallığa və müasir çağırışlara uyğun fəaliyyətinin qurulmasından ibarətdir. Bu vəzifələrin arasında ölkədə yaranmış milli birliyi və həmrəyliyi daha da gücləndirmək, YAP-ın keçdiyi uğurlu yol haqqında məlumatların gənc nəsilə çatdırılmasında partiyanın siyasi həyatında müəyyən rolu olmuş insanların təcrübəsindən istifadə etmək, Böyük Qayıdışın həyata keçirilməsinin ədalət prinsipinə uyğun təşkilində iştirak etmək, ölkəmizin güclənməsi və dövlət müstəqilliyinin möhkəmlənməsinə verdiyi töhfələrini artırmaq əsas yer tutur. Sonda qeyd etmək istəyirəm ki, Yeni Azərbaycan Partiyasının iqtidarda olması ilə ölkəmizi daha işıqlı və firavan gələcək gözləyir.
Azər Badamov,
Milli Məclisin deputatı,
Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - YENİLƏNİB/FOTO
Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi
Prezident İlham Əliyev: Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər