Dövlət başçısı İlham Əliyevin Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə çıxışı 30 illik yolun təqdimatı oldu
Noyabrın 21-də Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 ili tamam oldu. Artıq onilliklərdir ki, ölkənin aparıcı siyasi təşkilatı olan YAP sosial-siyasi islahatların və iqtisadi tərəqqinin aparıcı qüvvəsi kimi öz mövqeyini daha da gücləndirir. Hakim partiya yarandığı gündən ümummilli lider Heydər Əliyev ideyalarına sadiq qalaraq ölkədə siyasi-iqtisadi sabitliyin, sürətli iqtisadi inkişafın təmin edilməsinin, vətəndaşların rifah halının yaxşılaşdırılmasının ideoloji əsaslarının yaradılması istiqamətində böyük layihələrə, aksiyalara imza atıb.
Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqımızın müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Məhz belə bir vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana - Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalılarının, tanınmış insanlarının və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etməsi xahiş olunurdu.
1992-ci il noyabr ayının 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Dağılmaqda olan ölkəni xilas etmək üçün Azərbaycanın bütün regionlarını təmsil edən 91 ziyalının ulu öndər Heydər Əliyevə ümumxalq müraciəti ünvanlaması, Ümummilli Liderin müraciətə müsbət cavabı, həmin il Yeni Azərbaycan Partiyasının təsis olunaraq Heydər Əliyevin partiyanın ilk Sədri seçilməsi milli dövlətçiliyimiz üçün mühüm dönüş nöqtəsi oldu. Ulu Öndərimiz xalqını o çətin vəziyyətdə qoya bilməzdi. Bir tərəfdə Gəncə qiyamları, digər tərəfdə- şimalda qondarma hakimiyyət, cənubdakı hadisələr, yəni bütün Azərbaycan sözün həqiqi mənasında xaos içində çabalayırdı. Ona görə Ulu Öndərimiz xalqın təkidli tələbi, xahişi ilə Naxçıvandan Bakıya gəldi, Gəncəyə getdi. Oradakı qiyamı yatırandan bir neçə gün sonra Azərbaycan Ali Sovetinin Sədri seçildi.
Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə nitq söyləyən Prezident İlham Əliyev 1990-cı illərin əvvəllərində ölkəmizin ağır siyasi-iqtisadi vəziyyətdə olduğunu vurğulayaraq bildirdi ki, “91-lər” öz tarixi missiyasını şərəflə yerinə yetirdilər. Ölkə başçısı qeyd etdi ki, belə bir vəziyyətdə Azərbaycanın görkəmli nümayəndələri, vətənpərvər, ölkənin gələcəyini düşünən insanlar ölkəmizin nicat yolunu Heydər Əliyevin simasında görürdülər və məhz buna görə Ulu Öndərə müraciət ünvanlamışdılar. Məhz bu müraciət əsasında, bu müraciətə cavab olaraq Yeni Azərbaycan Partiyasının təsis konfransı Naxçıvanda keçirildi.Təsis konfransında ölkəmizin bütün bölgələrindən 500-dən çox nümayəndə iştirak edirdi.
Yeni Azərbaycan Partiyası yarandığı gündən ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas proqramın, siyasətin məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən ibarət olub. Ötən 30 ilə nəzər saldıqda əminliklə demək olar ki, partiya öz proqram məqsədlərinə uyğun uğurlu fəaliyyət göstərib. Məhz ümummilli lider Heydər Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan böyük inkişaf yoluna daxil olaraq, böhran və tənəzzül dövrünü arxada qoydu.
Müasir müstəqil dövlətimizin memarı, uğurlu daxili və xarici siyasəti ilə Azərbaycanı dünyada tanıdan ulu öndər Heydər Əliyev bildirmişdir: “Biz bu çətin günləri keçib gedəcəyik, müstəqil Azərbaycan Respublikası dünya birliyində öz layiqli yerini tutacaq, hər bir Azərbaycan vətəndaşı özünün bu müstəqil dövlətə mənsub olduğunu böyük qürur hissi ilə bəyan edəcəkdir.” Böyük siyasi xadim, xalqının dahi oğlu ulu öndər Heydər Əliyevin Azərbaycanın inkişafı, güclü iqtisadiyyatı naminə, demokratik dəyərlərin bərqərar olması üçün misilsiz xidmətləri göz önündədir. Ölkə başçısı bildirib ki, məhz Heydər Əliyevin cəsarəti, zəkası, təcrübəsi, xalqın ona olan inamı və əlbəttə, Yeni Azərbaycan Partiyasının üzvlərinin fəaliyyəti, ictimai fəalların fəaliyyəti birlikdə bizə imkan verdi ki, bu çətin vəziyyətdən şərəflə çıxaq: “Məhz Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizin strateji xəttini müəyyən edən əsas addımlar atılmışdır. İlk növbədə, Konstitusiya qəbul edilmişdir. Təsəvvür edin ki, Heydər Əliyev hakimiyyətə gələnə qədər Azərbaycan artıq müstəqil dövlət idi, amma bizim Konstitusiyamız yox idi. Konstitusiyanın qəbul edilməsi çox önəmli tarixi hadisədir. Dövlətçiliyin əsasları qoyulmuşdur, dövlət təsisatları düzgün zəmində formalaşmışdır. Biz beynəlxalq aləmdə bizə qarşı olan əsassız mövqeyə düzəlişlər edə bildik, tam aradan qaldırmadıq, çünki beynəlxalq müstəvidə bizə qarşı çox ciddi qüvvələr fəaliyyət göstərirdi. Amma hər halda biz beynəlxalq təcridi, o cümlədən informasiya blokadasını yara bildik, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdıra bildik”.
“1993-2003-cü illərdə dövlətçiliyimizin çox möhkəm əsasları qoyuldu” deyən Prezident İlham Əliyev həmçinin vurğuladı ki, bu illəri sabitlik və inkişaf illəri kimi xarakterizə etmək olar: “Əsas məsələ odur ki, bu siyasət davam etdirilməli idi. Azərbaycan xalqı 2003-cü ildə bir daha müdriklik göstərərək, məhz Ulu Öndərin şəxsiyyətinə olan hörməti ifadə edərək Heydər Əliyev siyasətinə səs verdi. Mən 2003-cü ildə xalqa söz vermişdim ki, bu yoldan dönməyəcəyəm. Son 19 ilin hadisələri onu göstərir ki, belə də oldu, Ulu Öndərin bütün tapşırıqları, bütün tövsiyələri yerinə yetirildi. O, öz siyasi vəsiyyətində demişdir ki, bir çox işlər görüldü, ancaq görə bilmədiyimiz işləri mənim davamçılarım görəcək, belə də oldu. Biz onun siyasi xəttini davam və inkişaf etdirərək güclü Azərbaycan dövləti qurduq ki, sözün əsl mənasında, hər bir azərbaycanlı bu dövlətlə, doğma dövlətimizlə fəxr edir. Biz iqtisadi islahatları dərinləşdirdik və son 19 ildə bu sahədə görülən işlər göz qabağındadır. Təkcə onu demək kifayətdir ki, 2003-cü ildən bu günə qədər bizim iqtisadiyyatımız 3 dəfədən çox artmışdır. Bu il iqtisadiyyatımız rekord həddə çatacaq. İlin sonuna qədər gözlənilən proqnoz onu deyir ki, iqtisadiyyatımız 130 milyard manata çatacaq. Bu, rekord göstəricidir”.
Yeni Azərbaycan Partiyası 1992-ci il dekabr ayının 18-də Ədliyyə Nazirliyində qeydiyyata alınmış və Azərbaycanın bütün rayonlarında qısa müddətdə rayon təşkilatları və özəkləri yaradılmışdır. YAP-ın təsis konfransında qəbul etdiyi Proqram və Nizamnaməsi 1999-cu il dekabr ayının 20-21-də keçirilən I Qurultayında geniş şəkildə müzakirə olunaraq müəyyən əlavə və dəyişikliklər edilməklə təsdiq olunmuşdur. YAP-ın Proqram və Nizamnaməsinə uyğun olaraq təşkilatın strateji xətti təsbit edilmiş, Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, onun müasir beynəlxalq sistemdə layiqli yer tutması, ölkəmizdə hüquqi dövlət quruculuğu istiqamətində əsas məqsəd və vəzifələr müəyyənləşdirilmişdir.
Günel Eyyubova, “İki sahil”
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - YENİLƏNİB/FOTO
Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi
Prezident İlham Əliyev: Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər