Milli Məclisdə "Siyasi partiyalar haqqında” yeni qanun layihəsini komitələrin birgə iclasında müzakirə etdik.
Bildiyiniz kimi, Azərbaycanda islahatların yeni mərhələsi 2018-ci ilin prezident seçkilərindən sonra başlayıb və hazırda da həm konseptual, həm də struktur xarakteri daşımaqla bütün sahələri, o cümlədən hakimiyyətin hər üç qolunu əhatələməkdədir. 2020-ci ildə bütün siyasi qüvvələrin iştirak etdiyi növbədənkənar seçkilər, habelə cənab İlham Əliyevin təşəbbüsü və tövsiyəsi ilə digər partiyaların nümayəndələrinin Milli Məclisin sədarətində və komitələrin rəhbərliyində təmsil olunması dövlətin öz növbəsində siyasi islahatlarda da maraqlı olduğunu əməli formada göstərdi. Amma mövcud qanunvericilik siyasi partiyaların fəaliyyəti, o cümlədən partiyalararası dialoqda tam mənada sağlam mühit yaratmaq üçün yetərli deyil və cənab İlham Əliyevin özü də VI çağırış Milli Məclisin ilk iclasında bu zərurətin anonsunu verərək Azərbaycanda çoxpartiyalı sistemin daha da möhkəm əsaslar üzərində qurulması məqsədilə qanunvericilik sahəsində təkmilləşdirilmənin vacibliyini dilə gətirmişdi.
Beləliklə, zərurət nəzərə alınaraq Milli Məclis beynəlxalq təcrübəyə əsasında, 30-dan çox siyasi partiyanın rəyini öyrənərək "Siyasi partiyalar haqqında" yeni qanunun layihəsini hazırlayıb dinləmələrə çıxardı.
Bu gün Milli Məclisin 3 komitəsinin birinci oxunuşda birgə müzakirəyə çıxardığı layihə də məhz həmin dinləmələr nəticəsində uzlaşılan yeni variantdır. Dəyişikliklərin məzmununa baxsaq, ilk nəzərə çarpan Konstitusiyanın preambulasında ifadə olunan Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq kimi ali niyyətlərin təmin olunmasına yönəldiyini görə bilərik.
İkincisi, istər beynəlxalq, istərsə də regional mexanizmlərin çərçivəsindən yanaşsaq, yeni layihə 1948-ci il İnsan hüquqları Bəyannaməsi, 1950-ci il Avropa Konvensiyası, 1966-cı il Mülki və Siyasi hüquqlar haqqında Pakt kimi konseptual sənədlərdə fərdlərin hüquq və azadlıqlarına yönəli imperativ prinsipləri özündə ehtiva edə bilib.
Habelə bildiyiniz kimi, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanunun 9-cu maddəsinə müvafiq olaraq normayaratma orqanlarının fəaliyyətində aşkarlığın təmin olunması məqsədilə "Siyasi partiyalar haqqında" qanunun layihəsi parlamentin internet informasiya ehtiyatında yerləşdirilib, normativ hüquqi aktın layihəsi açıq formada ictimai və peşəkar müzakirəyə çıxarılıb. Layihənin 18 maddəsi üzrə 45 prinsipial məsələdə dəyişikliklər isə göstərir ki, ictimai müzakirələr formal xarakter daşımayıb, sənəd bu gün də Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin birinci hissəsini və normayaratma fəaliyyətinin əsas prinsiplərini rəhbər tutmaqla, sağlam və qərəzsiz təkliflərə açıqdır.
Amma bütün bunlarla yanaşı hesab edirəm ki, qarşımıza qoyduğumuz əsas məqsədlərə nail olmaq üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən bütün mümkün formallıqlara, şərtlərə, məhdudiyyətlərə dözümlü yanaşmalıyıq. Əks halda çoxpartiyalı siyasi sistemin hüquqi bazisinin arzu olunan səviyyədə təmininə nail ola bilmərik. Bu mənada hesab edirəm ki, seçkilərdə iki dəfə ardıcıl iştirak etməyən partiyanın ləğvi məsələsinin yeni layihədən çıxarılması məqsədəuyğun deyildi. Habelə 25.2.4-cü maddədə nəzərdə tutulan, Milli Məclisə keçirilimiş seçkilərdə etibarlı səslər qazanmış, lakin Milli Məclisdə təmsil olunmayan partiyalara vəsait ayrılması məsələsinə yenidən baxılmasını zəruri hesab edirəm. Təbii ki, ümumi niyyət alqışlanmalıdır, lakin biz cənab Prezidentin müəyyən etdiyi yol xəritəsinə, konsepsiyamıza diqqət etməliyik. Sual qoymalıyıq, biz siyasi partiyaların sayını artırmağı hədəfləyirik, yoxsa çoxpartiyalı sistemin sağlamlaşdırılmasını? Ona görə də, seçkilərdə iştirak edib etibarlı səslər toplamış yox, seçkilərdə iştirak edib ikinci, yaxud üçüncü yerdə qərarlaşmış namizədin təmsil olunduğu partiya üzərində fokuslanmalıyıq. Habelə bu imkandan yalnız və yalnız seçki dairələrinin ən azı 1/3, yaxud yarısında namizədi iştirak edən partiyanın yararlana bilməlidir. Daha konkret desək, bu sahədə kriteriyaların müəyyən olunması vacibdir. Çünki siyasi partiya ölkənin siyasi həyatında, vətəndaşların siyasi iradəsinin formalaşdırılmasında və ifadə olunmasında iştirak etmək niyyəti ilə yaradılmalıdır. Dövlət də kütləvi formada yox, selektiv üsulla, yalnız qoyulan məqsədə doğru real imkanları və nəticələri olan siyasi təşkilata dəstək verməlidir ki, Azərbaycan vətəndaşlarının partiya vasitəsi ilə ölkənin siyasi həyatında və vətəndaşların siyasi iradəsinin ifadə olunmasında iştirak hüququ formal meyara çevrilməsin.
Bəhruz Məhərrəmov,
Milli Məclisin deputatı
Şuşa Azərbaycan mədəniyyətinin dünyaya təqdim edildiyi mühüm mərkəzlərdən biridir